AXCP üzvü Rəsulzadənin heykəlini ziyarət etdikdən sonra saxlanılıb

tərəfindən Gozetci

“Yaxınlarına deyiblər ki, narkotiklə əlaqədar saxlanılıb, araşdırma aparılır”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, Gəncə şəhərində yaşayan Razi Alışov saxlanılıb. Partiyadan Meydan TV-yə verilən məlumatda bildirilir ki, Razi Alışov mayın 28-də günorta AXCP-dən olan digər yoldaşlarıyla birlikdə Gəncədə Respublika Gününü qeyd edib. Onlar Məhəmməd Əmin Rəsulzadənin Gəncədəki heykəlinin önünə toplaşıblar. Razi Alışov “Facebook” hesabından bu barədə foto da paylaşıb. Axşam saatlarında isə tutulub:

“Onu Gəncənin Nizami Rayon Polis Şöbəsinin əməkdaşları saxlayıb. Yaxınlarına deyiblər ki, narkotiklə əlaqədar saxlanılıb, araşdırma aparılır. Mayın 29-da onun yaşadığı evdə axtarış aparıblar. Axtarışı da çəkiblər. Anasına bir sənədə qol çəkdiriblər. Özü oxumayıb, amma ona deyiblər ki, sənəddə axtarışa etiraz etmədiyi yazılıb. Anası bildirdi ki, axtarış zamanı evdən heç nə tapılmayıb”.

AXCP-dən vurğulanıb ki, Razi Alışov narkotikdən tamamilə uzaq biridir. Onun tutulması sırf siyasi baxışları və hökumətin ünvanına tənqidi fikirlərilə əlaqədar.

Partiyadan yada salıblar ki, təxminən 6 ay əvvəl AXCP-nin Gəncə şöbəsinin başqa bir fəalı Şahin Hacıyev də narkotik ittihamıyla həbs edilmişdi.

Şahmat müəllimi olan Şahin Hacıyev məhkəmədə bu ittihamın saxta olduğunu, “Facebook” hesabındakı paylaşımlarına görə şərlənərək cəzalandırıldığını bildirmişdi.

Şahin Hacıyev bir müddət əvvəl Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 6 il azadlıqdan məhrum edilib.

Qeyri-iş günü olduğuna görə Razi Alışovun saxlanmasıyla əlaqədar Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az