Vətəndaş şikayətləri: polis zorakılığı və cəzasızlıq mühiti

tərəfindən Gozetci

Gözətçi.az insan hüquqları portalı mediada vətəndaşların polis orqanları bağlı şikayətlərinin artmasına diqqət çəkir. Portal bu məlumatları ölkə boyunca açıq və alternativ mənbələrdən insan hüquqları pozuntularının monitorinqinə əsasən təqdim edib.

Bildirilir ki, 2022-ci ilin təkcə ilk 4 ayında vətəndaşların Daxili İşlər Nazirliyi əməkdaşlarının davranışı ilə bağlı şikayətləndiyi 16 hal qeydə alınıb. Bu şikayətlərdə bəzi hallarda törədilmiş hadisə keçmiş tarixdə olsa belə şikayətin kütləvi informasiya vasitələrində ictimailəşdirilməsi 2022-ci ilə təsadüf edib. Şikayətlərin yekun siyahısı ilə 1 saylı Əlavədən tanış ola bilərsiz.

Ümumilikdə 16 hal üzrə 40-dan çox vətəndaş polis tərəfindən təzyiq və zorakılıqla üzləşdiyini bildirib. Bu işlərdən 4-ü üzrə isə şikayətçilər polisin qanunsuz hesab etdikləri davranışından prokurorluq orqanlarına verilən şikayətlərin araşdırılmamasından şikayətçidir.

Şikayətlərdə əksər hallarda vətəndaşlar polis tərəfindən saxlanılarkən və ya polis bölmə və orqanlarında zorakılıqla üzləşdiklərini bildiriblər. Bu hallara həm paytaxt Bakıdan həm də regionlardan daxil olan şikayətlərdə rast gəlinir. Zorakılıqla üzləşdiyini iddia edənlər həm hüquq müdafiəçiləri, jurnalistlər, vətəndaş cəmiyyəti fəalları və müxalif fəallar, həm də sıravi vətəndaşlardır. Bu şikayətlər arasında ən diqqət çəkənləri tədqim edirik;

Mart ayının 9-da hüquq müdafiəçisi, ictimai fəal Bəxtiyar Hacıyevin Daxili İşlər Nazirliyinin qarşısında etiraz aksiyası keçirmək cəhdinin qarşısı polis tərəfindən zorakılıqla alınıb. Bundan sonra isə Bəxtiyar Hacıyev Bakı Şəhər Polis İdarəsinə aparılıb və saatlarla orda saxlanıldıqdan sonra buraxıldıqda həm idarəyə daxil olarkən həm də içəridə nalayiq

ifadələrə və fiziki təzyiq və zorakılığa məruz qaldığını bildirib. Daha sonra Aprel ayının 6-da yenidən mediaya açıqlama verən Hacıyev hadisədən 1 ay ötsə də polis zorakılığından verdiyi şikayətinin araşdırılmadığını bildirib.

Aprel ayının 21-də isə bu dəfə ictimai fəal küçədə qara maskalı şəxslər tərəfindən oğurlanaraq naməlum istiqamətdə aparılıb və orda dəhşətli işgəncə və alçaldıcı rəftara məruz qaldığını bildirib.  Bundan başqa jurnalist Nərgiz Absalamova və müxalif fəal Tofiq Yaqublu da 2021-ci ilin sonlarında müxtəlif aksiyalarda polis tərəfindən qarşılaşdıqları zorakılıq hallarından prokurorluq orqanlarına şikayət versələr də mediaya açıqlamalarında şikayətlərinin araşdırılmamasından gileyləniblər.

Fevral ayının ortasında 3 jurnalist Fatimə Mövlamlı, Sevinc Sadiqova paytaxt Bakının mərkəzində reportaj hazırlayarkən polis tərəfindən peşə fəaliyyətlərinə maneə yaradılıb. Jurnalistlər zorla 9-cu polis bölməsinə aparılıblar və burada fiziki zorakılıq və alçaldıcı rəftarla üzləşdiklərini bildiriblər.

Polis tərəfindən fiziki təzyiqə məruz qaldığını bildirənlər arasında eyni zamanda Azərbaycan Xalq Cümhuriyyəti Partiyası fəalları da yer alıb. Bura həm partiya fəallarının yığıncağına maneə törədilməsi, həm də yığıncaqda iştirak etmiş şəxslərin sonradan təqiblərə məruz qalması halları aiddir. Bundan başqa bəzi fəallar da saxlanılarkən üzləşdikləri digər qanun pozuntularından da şikayətçi olub

Başqa bir işdə mühacir vətəndaş Samir Aşurov Almaniyadan Azərbaycana readmissiya edildikdən sonra polis zorakılığı ilə üzləşdiyini bildirib. Polis təzyiq və ya zorakılığı ilə birbaşa əlaqəli olmayan digər bir işdə isə Ukraynadan qayıdan Azərbaycan vətəndaşı polis bölməsində intihar edib.

Daxili İşlər Nazirliyi bu işlərin əksəriyyətində ya polis tərəfindən hər hansı fiziki təzyiq və ya zorakılıq törədilməsini yalanlayıb, bəzi azsaylı işlərdə isə şikayətin araşdırılacağını bildirib. Ancaq sözügedən hallar üzrə sonradan araşdırma nəticələri və ya müvafiq əməkdaşların cəzalandırılması ilə bağlı məlumat ya ictimaiyyətə təqdim edilməyib, ya da istintaq hərəkətləri zərərçəkənlər tərəfindən yetərsiz hesab edilib.

Əlavə ilə buradan tanış ola bilərsiz

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az