Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, aprelin 28-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə bir qərarını elan edib. AİHM qərarında ərizəçinin ədalətli məhkəmə araşdırması, azadlıq və toxunulmazlıq hüquqlarına müdaxilənin baş verdiyi qənaətinə gəlib.
Bəhruz Həsənov Azərbaycana qarşı
Bu işdə ərizəçi B.Həsənov Azərbaycan Xalq Cəbhəsi Partiyası (“AXCP”) sədrinin mühafizəçisi olub. 2012-ci ildə ərizəçi evə gedərkən küçədə tanımadığı bir şəxs yaxınlaşıb, onu ailəsini təhqir etməkdə ittiham etmiş, söhbət zamanı yaxınlıqdakı binalardan birinin girişində toplaşmış mülki geyimli polis əməkdaşı yaxınlaşıb onları Suraxanı Rayon Polis İdarəsinə aparmışdı. Ərizəçi polis bölməsində vəkilin iştirakı olmadan dindirilmiş, öz seçdiyi vəkillə təmin olunmasını istəmiş, tələbi təmin olunmamışdı. Yekunda İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsini (polis əməkdaşının qanuni əmrinə tabe olmama) pozmaqda günahlandırılan ərizəçiyə, Suraxanı Rayon Məhkəməsi 10 sutkalıq inzibati həbs cəzası vermişdi. Məhkəmə prosesi açıq keçirilsə də ictimaiyyət nümayəndələri, ərizəçinin yaxınları, AXCP-dən olan həmkarları iclasa buraxılmamışdılar.
Ərizəçi AİHM qarşısında Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə əsasən şikayət etmişdi ki, onun saxlanılması və inzibati həbsi özbaşına xarakter daşıyıb, heç bir faktiki əsasa söykənməyib. O, həmçinin, iddia etmişdi ki, ona münasibətdə Konvensiyanın 6.1, 6.3-cü (b və c) maddələri də pozulub.
AİHM ərizəçinin hər iki iddiasının əsaslı olması rəyinə gəlib. Öz qərarında ərizəçinin azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilənin baş verdiyi qənaətinə gəlib.
AİHM azadlıq və toxunulmazlıq hüququnun pozuntusu iddiasını araşdırarkən, Nəsirov və başqaları Azərbaycana qarşı qərarına istinad edib.
“Nəsirov və Başqalarının işində müddətindən asılı olmayaraq ərizəçilərin azadlıqdan məhrum edilməsinin əsassız, özbaşına və lüzumsuz olması qənaətinə gələn Məhkəmə, həmin işdə gəldiyi nəticədən kənara çıxmağa heç bir əsas görmür”, qərarda vurğulanır.
Məhkəmə əlavə edir ki, Həsənov polis idarəsinə inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün aparılsa da orda protokol tərtib edilməyib. Eyni zamanda pozuntunun aşkar edildiyi yerdəcə protokol tərtib edilməsinə nələrin əngəl törətdiyi izah edilmıyib. Yerli qurumlar və Hökumət isə ərizəçiyə inzibati həbs cəzasının verilməsinə haqq qazandıran hər hansı konkret səbəb təqdim edə bilməyiblər.
Məhkəmə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu iddiaları ilə bağlı qiymətləndirməsində Azərbaycanla bağlı daha əvvəl elan etdiyi bir neçə qərarına, xüsusilə, Qafqaz Məmmədov işi, İbrahimov və başqalarının işi, Hüseynli və başqalarının işi, İbrahimov Azərbaycana qarşı işlərinə istinad edib.
“…Qeyd olunan işlərdə olduğu kimi, bu işdə də birinci instansiya məhkəməsi öz qərarında gəldiyi nəticələrin səbəblərini göstərməyib, yalnız inzibati xəta haqqında protokola və ərizəçini həbs etmiş iki polis əməkdaşının ifadələrinə söykənib. Apellyasiya instansiyası isə ərizəçinin onu həbs etmiş polis əməkdaşlarının ifadə verməyə çağırılması ilə bağlı vəsatətini nəzərə almayıb, hər hansı digər izahatları diqqətə almadan və ya ərizəçinin qaldırdığı ciddi məsələləri incələmədən birinci instansiya məhkəməsinin gəldiyi nəticələri təsdiq edib… Məhkəmə günahlandırılan şəxs tərəfindən irəli sürülən konkret, uyğun və önəmli məsələləri diqqətə almamaqla yerli məhkəmələrin Konvensiyanın 6.1-ci maddəsi çərçivəsindəki öhdəlikləri yerinə yetirə bilmədiyi qənaətini təkrarlayır. Məhkəmə hazırkı işdə yerli məhkəmələrin öz qərarlarını adekvat əsaslandıra bilmədiyini nəzərə alaraq, ərizəçi ilə bağlı inzibati icraatın ədalətli mühakimə ilə bağlı Konvensiyanın 6.1-ci maddəsi ilə müəyyən edilən təminatlara cavab verməməsi nəticəsinə gəlir”, qərarda vurğulanır.
Məhkəmənin qərarına əsasən, hökumət ərizəçiyə 4500 avro təzminat ödəməlidir.
Ərizəçini AİHM qarşısında vəkillər R.Mustafazadə və Ə.Mustafayev təmsil edib.
Aihmaz.org