Almaniyadan qaytarılan mühacir bıçaqlama ittihamı ilə saxlanıb

tərəfindən Gozetci

Bu il martın 29-da Almaniyadan Azərbaycana readmissiya olunan fəal Samir Aşurovun həbs olunduğu bildirilir.

Bu barədə AzadlıqRadiosuna onun həyat yoldaşı Nuranə Aşurova məlumat verib. Onun sözlərinə görə, dünən, aprelin 19-da axşam saatlarında S.Aşurov zəng edərək evə gəldiyini deyib, lakin sonra ondan bir xəbər çıxmayıb, mobil telefonuna isə zəng çatmayıb: “Səhərə yaxın isə məlum oldu ki, Samir Nizami rayon Polis İdarəsindədir və adam bıçaqlamada şübhəli bilinir”.

Xanımı: “Bu, quramadır”

Fəalın həyat yoldaşının sözlərinə görə, ittiham həqiqətəuyğun deyil: “Bu, quramadır. Samir bu hərəkəti edə bilməzdi. O, çox sakit və təmkinli adamdır”.

Vəkil Bəhruz Bayramov da S.Aşurovun saxlanması xəbərini təsdiqləyib: “Səhərə yaxın mənə Samir Aşurov zəng vuraraq bildirdi ki, Nizami rayon Polis İdarəsindədir və onu adama bıçaqla xəsarət yetirməkdə ittiham edirlər. O mənə dedi ki, həmin adamı tanımır və onun bu işdə heç bir iştirakı yoxdur”.

DİN-in cavabı

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri (KİV) və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə “Turan”a bildirib ki, aprelin 19-da saat 21 radələrində Nizami rayon ərazisində Bakı şəhər sakini Samir Aşurov aralarında yaranmış şəxsi münaqişə zəminində Şəki şəhər sakini Elşən Nəbiyevin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. “Faktla bağlı Nizami rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanıb, S.Aşurov saxlanılaraq istintaqa təqdim edilib. Hazırda istintaq hərəkətləri davam etdirilir”.

Xatırlatma

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişə əsasən son illər bir neçə yüz Azərbaycan vətəndaşı ölkəsinə qaytarılıb. Onların çoxu Almaniyadan qəbul edilib.

Readmissiya – saziş üzrə razılığa gələn dövlətlərdən birinin ərazisinə qeyri-qanuni daxil olduğu, qaldığı və ya yaşadığı aşkarlanan şəxslərin mənşə dövlətinə qaytarılması deməkdir.

Son vaxtlar sosial şəbəkələrdə və bəzi media orqanlarında ölkəyə xaricdən bu qaydada gətirilən vətəndaşlardan bəzilərinin sorğu-sual edilmələri və təzyiqlərlə üzləşməsi haqqında müəyyən iddialar yer alır. Amma rəsmi qurumlar belə iddiaları qəbul etmirlər. Amma bununla belə, təkcə son bir ildə buna qədər Almaniyadan qaytarılan mühacirlərdən dördü narkotik ittihamı ilə həbs edilib. Onların yaxınları həmin şəxslərin məhz siyasi sifarişlə şərləndiyini açıqlayıblar. Rəsmilər isə ölkədə siyasi həbslərin olmadığını deyirlər.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az