“İlkin Süleymanovun əleyhinə ifadə vermədiyimə görə işdən çıxardılar”

tərəfindən Gozetci

“Tələb edirdilər deyim ki, bu işi İlkin edib”

2019-cu ilin noyabrında Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 47 gün sonra isə kənddə yandırılmış meyitin tapılmasıyla bağlı məhkəmə araşdırmaları davam edir. Kənd sakini Mahir Orucov martın 16-da Gəncə Ağır Cinayətlər Məhkəməsində bu işlə əlaqədar şahid qismində dindirilərkən deyib ki, cinayəti İlkin Süleymanovun törətməsi haqda yalan ifadə vermək üçün təzyiqlərə məruz qalıb. Mahir Orucov bildirib ki, təzyiqlərə baxmayaraq, İlkin Süleymanovun əleyhinə ifadə vermədiyinə görə 20 gün sonra işdən çıxarılmaqla cəzalandırılıb.

“Bu işə görə başıma oyun açdılar. Polis şöbəsinə apardılar. Gözüm yeni əməliyyat olunmuşdu. Polis rəisi inanmırdı, deyirdi ki, eynəyi elə-belə taxmısan. Eynəyimi çıxartdırdı. Məni şöbənin “podvalına” salmaq istəyirdi. Dedim, gözüm görmür. Həkimimə zəng elədim, telefonu verdim rəisə. Həkim dedi ki, onu vursanız, pis günə qalacaq o biri göz də. Məndən tələb edirdilər deyim ki, İlkin tutub bu işi, meyiti də ora o, gətirib atıb. Dedim, İlkin uşaq vaxtından gözümün qarşısında böyüyüb, o, belə iş tuta bilməz. Mən görmədiyim şeyi necə deyim? Yenə burada da deyirəm, o işi İlkin eləməyib…”, – şahid ifadəsində bildirib.

Dondar Quşçu kəndində yandırılmış meyit 2020-ci il yanvarın 6-da axşam saat 20 radələrində tapılıb. Mahir Orucov deyir ki, onu birinci dəfə yanvarın 7-də gecə saat 01 radələrində Tovuz Rayon Polis Şöbəsinə aparıblar. Dörd gün sonra bir daha çağırıblar:

“Dörd gün sonra Qılıcov (Baş Prokurorluğun Xidməti araşdırmalar İdarəsinin rəisi Kamal Qılıcovu nəzərdə tutur-red.) çağırdı, getdim. Yenə polis şöbəsində dindirdilər. Evimizdə axtarış apardılar, söküb-tökdülər, dağıtdılar. Heç qız itkin olanda gəlib evlərdə axtarış aparmamışdılar. Tapılandan sonra ayaqyoluya qədər axtardılar. Bir müddət sonra yenə çağırdılar. Onda rəis telefonla görüntülü Qılıcovla danışırdı. Yoldaşım da mənimlə getmişdi. Qılıcov Şirzad Əsgərova dedi ki, “arvadı çıxarın”. Yoldaşımı otaqdan çıxardılar. Mənim üstümə qışqırırdı Qılıcov da, Şirzad da. Məni ancaq gözümə görə döymədilər, amma başıma çox oyun açdılar”.

Mahir Orucov

Mahir Orucov bildirib ki, İlkin Süleymanovun əleyhinə ondan tələb olunan ifadəni vermədiyinə görə təxminən 20 gün sonra işdən çıxarılıb: “Müdir dedi ki, get, pansiya yaşın çatır. Halbuki, pensiya yaşıma hələ ilyarım qalmışdı. Sonra özü də açıq şəkildə dedi ki, Mahir kişi, ya sən getməlisən, ya da gərək mən stolumu tərk eləyim”.

Şahid onu da bildirib ki, görmə problemi olduğuna görə istintaqdakı ifadələrini, protokola nə yazıldığını oxuya bilməyib. Onunla birlikdə getmiş qardaşının kabinetə daxil olub, yazılanları oxumasını xahiş etsə də, buna icazə verilməyib.

Mahir Orucovun evi İlkin Süleymanovgilin evinin yaxınlığındadır. Meyit də onlara yaxın ərazidə yandırılıb. Şahid deyir ki, həmin gün axşam saat 19.30 radələrində evdə televizora baxanda səs-küyə küçəyə çıxıb. Ətrafda xeyli adamın, o cümlədən çoxlu sayda polisin toplaşdığını görüb: “Meyitin yandığı yer bizim evə yaxındı. Əvvəl əynimdə mayka vardı, üşüdüm, keçib əynimi çıxanda gördüm ki, millət yığılıb. Mən meyiti görmədim. Çünki polislər əhatəyə almışdı. Sonra da İlkini tutub apardılar. Sabahı bizim evə, qonşuların evinə basqın elədilər. Əvvəl heç bilmirdik kimin meyitidir. Təxminən iki saat sonra söhbət çıxdı ki, Şərifin qızının meyitidir”.

Mahir Orucov əlavə edib ki, iki saata qədər orada olub. Hadisə yerində Nərminin əmisini, onun həyat yoldaşını görsə də, atası Şərif Quliyevi görməyib: “Təxminən 15 metr kənarda idik, polislər heç kimi yaxına buraxmırdılar. İki saata yaxın qaldı, heç kim yaxınlaşmadı. Polislər maşınlarının işığını yandırmışdı, onun işığı düşürdü. Amma 15 metrdən heç nə görünmürdü ki, hansı vəziyyətdədir, əynində nə var. Sonra kənddə eşitdim ki, deyirdilər, heç o uşağın meyiti deyil deyəsən. Söz-söhbət gəzir ki, uşağın boyu daha kiçik idi”.

“İlkinə dedik ki, istintaqa kömək üçün olanları çəksin…”

Məhkəmədə dindirilən digər şahid Nazim Vəliyevin evi isə hadisə yerinə lap yaxındır. Meyitin yanması onun həyətindəki yarımtikilinin hasarının çöl tərəfində baş verib. Ərazini məhkəmədə təsvir edən şahid bildirib ki, o hissə sanki dərə kimidir. Bir çox hallarda kənd sakinləri ora zibillərini atırdılar: “Axşam vaxtı adamlar olmayanda gizlicə gətirib zibil tökürdülər, iy-qoxu yayılırdı evlərimizə. Ona görə bəzən İlkin, ya başqa uşaqlar zibilləri yandırırdı ki, iy gəlməsin. Maraqlıdır ki, o hadisədən bir neçə gün əvvəl oranı gəlib kimlərsə tərtəmiz təmizləmişdilər, gül kimi idi”.

Nazim Vəliyevə yanğın haqda İlkin Süleymanov məlumat verib. Şahid deyir ki, onu onillərdir tanıyır, ilk dəfəydi ki, İlkin döymədən kiminsə qapısını açırdı:

“Dedi ki, orada nəsə cəsəd yanır. Əvvəl elə bildim, heyvan cəsədidir. Tez getdik, orada gördüm ki, insan meyitidir. İlkinin əmisi oğlu Murad polisdir, qonşuluqda yaşayır. Tez onu çağırdıq ki, polisdir, o bilər hara zəng eləmək lazımdır. Murad gələn kimi zəng eləyib xəbər verdi. 4-5 maşında polislər gəldi”.

Nazim Vəliyev deyir ki, İlkin Süleymanov meyitin yanmasını özbaşına çəkməyib, onlar təklif edib: “Məsləhətləşdik ki, istintaqa kömək üçün çəkmək lazımdırmı? Qərara gəldik ki, çəkilsə yaxşıdır. İlkinə dedik, o da çəkdi ki, istintaqa verilər görüntülər. Videoda da İlkin deyir ki, ayaqqabılarınıza diqqət yetirin, çünki izləri düşür. Kinolarda da görmüşük ki, hadisəni çəkirlər, istintaqa verirlər. Səhvimiz onda oldu ki, İlkinə dedik çəksin. Sonra da onun əleyhinə istifadə olundu. Şok vəziyyətinə düşmüşdük. Birdən ayıldıq ki, bunu söndürmək lazımdı. Bilirdim ki, yanğını söndürməyin ən yaxşı yolu torpaq tökməkdir. Tez mən bel gətirməyə getdim, gələnə qədər İlkin və Murad böyük hissəsini su töküb söndürmüşdü. Qol hissələri qalmışdı, o hissəni də torpaqla mən söndürdüm”.

Şahid Nazim Vəliyevin dindirməsinin davamı martın 30-da keçiriləcək növbəti məhkəmə prosesinə saxlanılıb.

Əlibaba Rzayev

Vəkil: “İlkin Süleymanovun çox qohumu işdən çıxarılıb”

Məhkəmədən sonra İlkin Süleymanovun vəkili Əlibaba Rzayev Meydan TV-yə bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin çoxlu sayda qohumunu da işdən çıxarıblar. Vəkil tapılan meyitin Nərmin Quliyevaya aid olmaması haqda iddialara toxunaraq bildirib ki, bu haqda söz-söhbətlər hələ istintaq dövründən var. Onun sözlərinə görə, bu şübhələrin yaranmasına əsas verən səbəblər də var.

“İlkinin cinayət işiylə bağlı Qənirə Paşayevaya da yalan məlumat vermişdilər”

İlkin Süleymanovun qardaşı Adil Süleymanov deyir ki, Tovuz rayon Polis Şöbəsinin sabiq polis rəisi Şirzad Əsgərovun bu işlə əlaqədar kənd sakinlərinə təzyiq göstərməsi onlar üçün yenilik deyildi. Sadəcə, bir çoxu indiyədək çəkinərək, bunu ictimailəşdirməyib:

“Polis rəisinin həkimə zəng eləməsi də sübut edir ki, Mahir Orucova təzyiq göstərilib. Yoxsa normal qaydada dindirmə aparılardı, o da cavabını verərdi. Müdirin ona deməyi ki, “ya sən getməlisən, ya mən stolumu itirməliyəm”, artıq sübut edir ki, işdən çıxarılma göstəriş əsasında həyata keçirilib”.

Adil Süleymanov əlavə edib ki, Kamal Qılıcov bu işlə bağlı Tovuzu parlamentdə təmsil edən deputat Qənirə Paşayevaya da yalan məlumatlar verib:

Adil Süleymanov

“Biz Qənirə xanımın qəbuluna getmişdik. Söhbət zamanı bildirdik ki, kənd camaatı da bilir ki, bu işi İlkin eləməyib, öz başqa arqumentlərimizi də dedik. O bildirdi ki, “axı işin içində sübutlar var, İlkin uşağı hələ sağ olanda videoya çəkib, evinizdən uşağın qanı olan əskilər tapılıb”. Dedik ki, bunlar yalan məlumatlardır, İlkin haqqında mənfi rəy yaratmaq üçün dövriyyəyə buraxılmış dezinformasiyadır. İşin içində belə sübutlar yoxdur. Onda Qənirə xanım bildirdi ki, bunu mənə Kamal Qılıcov deyib. Bizim dediklərimizdən sonra Qənirə xanım çox pis oldu. Baş Prokurorluğa zəng elədi yanımızda, xahiş elədi ki, bizi qəbul eləsinlər. Söz vermişdilər ki, qəbul edəcəklər. Hələ də qəbul eləməyiblər. Tovuz rayonundan olan bəzi məmurlar nədənsə, bu cinayətin İlkinin üstündə qalmasında maraqlıdır”.

Təqsirləndirilən şəxsin əmisi oğlu Tariyel Süleymanov deyir ki, Kamal Qılıcovun bu işin istintaqına aidiyyəti olmasa da, onun prosesə müdaxiləsilə bağlı uzun müddət əvvəl məlumatları vardı:

“Kamal Qılıcovun rəsmi olaraq, istintaqla əlaqəsi yoxdur. Prokurorluq rəsmisidir, amma o demək deyil ki, bu şəkildə adamlara təzyiq etməlidir. Həmin o, Qılıcov üç mərasimində gəlib valideynləri inandırmağa çalışıb ki, qatil İlkindir. Onun nə marağı vardı? General rütbəli insandır, hətta İlkin qatil olsaydı belə, deməməliydi”.

Tariyel Süleymanov

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham olunur. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.

İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az