D18 Hərəkatının sədri: Polislər ofisə gəlib təhdid etdilər

tərəfindən Gozetci

Ofisin sahibi yeri boşaltmağı istəyib

Martın 15-də polisin D18 (Demokratiya 1918) Hərəkatının ofisinə basqın etdiyi bildirilir.

Bu barədə hərəkatın rəhbəri Əhməd Məmmədli hadisənin günün ikinci yarısında, saat 19 radələrində baş verdiyini deyir.

Əhməd Məmmədlinin sözlərinə görə, ərazinin sahə müvəkkili də daxil olmaqla iki mülki formalı əməliyyatçı onlar ofisi tərk edən zaman içəri giriblər:

“Bizə dedilər ki, guya yerli sakinlərin şikayəti əsasında gəliblər. Biz şikayətçilərin kimlər olduğunu soruşduqda, söhbəti dəyişib vergidən yayındığımızı ortaya atdılar. Halbuki, ofis kommersiya məqsədilə istifadə olunmur, siyasi təşkilatın qərargahıdır. Bu barədə danışdıqda, maska taxmadığımızı bəhanə edib cərimə yazmağa başladılar. Bundan sonra mülki əməliyyatçı çölə çıxıb kiminləsə telefon əlaqəsi saxladı. Sonra da gəlib dedi ki, bayram günüdür, sizinlə əlaqə saxlayacağıq”.

Əhməd Məmmədli polislərin otaqlarda kameraların olub-omadığını da soruşduğunu deyir:

“Bizdən ittiham məzmununda soruşdular ki, sabah ofisdən narkotik çıxsa, nə edəcəksiniz? Bəlkə terrorçuluqla məşğulsunuz? Konkret təhdid edirdilər. Əməliyyatçı bu cür suallarla məni qıcıqlandırırdı ki, təhqiramiz cavab verim, amma təxribatlara getmədik. Sonra da sahə müvəkkili telefon nömrəsini verdi ki, onlarla əlaqə saxlayaq”.

Hərəkat rəhbəri bildirir ki, bu hadisədən sonra ofisin sahibi onlardan yeri boşaltmağı istəyib.

“Sahibkar dedi ki, artıq məni narahat edəcəklər. O, bizə hansı formada təzyiqin olub-olmadığını deməsə də, danışığından səsinin titrəməsi sezilirdi. Halbuki, biz sahə müvəkkilindən sahibkarı narahat etməməyi xahiş etmişdik”,- Əhməd Məmmədli belə deyib.

Əhməd Məmmədli polisin təzyiqi ilə əlaqədar Prezident Administrasiyasına və Nəsimi Rayon Polis İdarəsinə sorğu göndərəcəklərini dedi:

“Bundan sonra məhkəməyə müraciət etmək niyyətimiz var”.

DİN-nin Mətbuat Xidmətinin sözçüsü Elşad Hacıyev Meydan TV-nin bu barədə sorğusuna qısa cavab verib:

“Polis barəsində deyilənlər əsassız və manipulyativ səciyyə daşıyır”.

D18 ( Demokratiya 1918) Hərəkatı 18 mart 2013-cü ildə yaradılıb.

Müxalif fikirli insanların toplaşdığı hərəkat ölkədə demokratik cəmiyyət qurulmasını prioritet hesab edir.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az