“Bir insanı neçə dəfə şərləmək olar?!”

tərəfindən Gozetci

Elşən Abbasovun apelyasiya şikayəti təmin edilməyib

Martın 14-də Bakı Apelyasiya Məhkəməsində Müsəlman Birliyi Hərəkatının üzvü Elşən Abbasovun haqqındakı həbs qərarından verilmiş şikayətə baxılıb. Qapalı keçirilən məhkəmə iclasında inanclı fəalın özü də iştirak edib.

Elşən Abbasov deyib ki, ona qarşı irəli sürülmüş narkotik ittihamı əsassızdır. Onun üstündən tapıldığı iddia olunan narkotikin əslində, ona heç bir aidiyyəti yoxdur.

İnanclı fəalın sözlərinə görə, yaşadığı Bərdə şəhərində avtomobildə gedərkən saxlanılıb və öncə Bərdə Rayon Polis Şöbəsinə, oradan da Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib. Elşən Abbasov deyir ki, onun qarşısında müəyyən şərtlər qoyulub:

“Şərtlər o qədər ağır oldu ki, özümə aid olmayan narkotiklə bağlı ifadəni imzalamağa məcbur oldum…”

Elşən Abbasov martın 3-də Bərdədə saxlanılıb. İki gün sonra – martın 5-də Bakıda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ərazi aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsində onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib. İddia olunub ki, onun üstündən üç bükümdə ümumilikdə 8 qram narkotik maddə metamfetamin tapılıb.

Elşən Abbasov

Vəkili Nemət Kərimli Nərimanov Rayon Məhkəməsinin 4 aylıq həbs qərarından apelyasiya şikayəti vermişdi. Lakin hakim Vaqif Mursaqulov şikayəti təmin etməyib və əvvəlki qərarı qüvvədə saxlayıb.

Elşən Abbasov haqqında həbs qərarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndəriləcək.

Onun ailə üzvləri sifarişlə həbs olunduğunu deyir. Yaxınlarının sözlərinə görə, Elşən Abbasov, hətta siqaret də çəkmir:

“Bunu Elşəni tanıyanlar da təsdiqləyə bilər. O, tamamilə bu cür işlərdən uzaq adamdır. İnsana təzyiqin də bir həddi olar. Günahsız, inanclı bir adama bu qədər zülm eləməyi özlərinə necə rəva bilirlər, bunu da anlaya bilmirik. Günlərin birində mütləq Allah onlardan bunun hesabını soracaq, geci-tezi var. İnsanı neçə dəfə şərləmək olar?! Birinci dəfə 2012-ci ildə hicaba azadlıq tələbinə görə 1 il həbs cəzası verdilər. İkinci dəfə 2017-ci ildə silah və narkotiklə şərləyib, 2 il 6 ay verdilər, indi daha ağır maddə ilə…”

Elşən Abbasova qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az