Əli Kərimlinin sürücüsü: “Xəbərdar eləmişdilər ki, uzunmüddətli həbsdə qalacaqsan”

tərəfindən Gozetci

Paşa

Umudovun işi ilə əlaqədar Ali Məhkəməyə kassasiya şikayəti veriləcək

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdəki üzvlərindən biri – partiya sədri Əli Kərimlinin sürücüsü olmuş Paşa Umudovun işinə Bakı Apelyasiya Məhkəməsində yenidən baxılıb. Çünki Ali Məhkəmə bu instansiyanın qərarını ləğv edərək, təkrar araşdırma üçün geri qaytarmışdı. Lakin martın 10-da elan olunan qərara əsasən, Paşa Umudovun 4 il 6 ay azadlıqdan məhrum edilməsi haqda hökm dəyişdirilmədən qüvvədə saxlanıb.

Məhkəmədə Paşa Umudov bildirib ki, narkotik ittihamı əsassızdır, onu siyasi fəaliyyətinə görə həbs ediblər. O, bir daha deyib ki, narkotiki cibinə saxlanılarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Rəşad Verdiyev atıb.

AXCP üzvünün sözlərinə görə, Milli Şuranın 19 oktyabr 2019-da keçirəcəyi mitinqdən əvvəl çoxlu sayda cəbhəçini həbs ediblər. O da həbs olunacağını gözləyirdi: “Məni əvvəl də mitinq qabağı iki dəfə həbs eləmişdilər. Onda inzibati həbs cəzası vermişdilər. Xəbərdar eləmişdilər ki, gələn dəfə cinayət işi olacaq, uzunmüddətli həbsdə qalacaqsan. Dedikləri kimi də elədilər”.

Paşa Umudov tutularkən müdafiə hüququnun pozulduğunu, ona dövlət hesabına təyin edilən vəkilin əslində, vəkillik eləmədiyini bildirib. Onun sözlərinə görə, vəkili Zibeydə Sadıqova işə qoşulandan sonra tələb edib ki, ekspertiza keçirilsin, onun qanında narkotik olub-olmadığı haqda obyektiv rəy verilsin. Lakin vəsatət təmin olunmayıb.

Vəkili Zibeydə Sadıqova da təsdiqləyib ki, o, əvvəllər də mitinq öncəsi bir neçə dəfə həbs edilib. Hətta birində vəkili özü olub:

“19 oktyabr mitinqi öncəsi də təkcə Paşa Umudov yox, onlarla başqa cəbhəçi də həbs olunmuşdu. Onun yeri bilinmirdi, axtardım, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən tapıldı. Ailəsinə yeri barədə məlumat verilməyib. Əgər bu adam narkotik satandırsa, o zaman tutulandan sonra evində niyə axtarış aparılmayıb? Bu da sübut edir ki, polislər onun evində narkotik olmayacağını biliblər”.

Vəkil vurğulayıb ki, hətta Paşa Umudovun üzərindən narkotik tapılsaydı belə, bu, ona satış ittihaçı vermək üçün kifayət etmirdi:

“Ali Məhkəmənin Plenum qərarı var ki, hətta narkotikin ayrı-ayrı bükümlərdə olması da kifayət etmir, tərəzi olmalıdır, şahid ifadələri, başqa sübutlar… Paşa Umudov tutulanda vəkilin iştirakı formal olub. Saat təxminən 19 radələrində tutulsa da, üstünə baxış 4 saat sonra aparılıb”.

Polis əməkdaşı Rəşad Verdiyev məhkəmədə dindirilərkən Paşa Umudovun cibinə narkotik atması haqda dediklərini təkzib edib. O bildirib ki, Paşa Umudovun narkotik istifadəçisi olması haqda onlara əməliyyat məlumatı daxil olub.

Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxladığına görə Paşa Umudovun işi ilə əlaqədar yenidən Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.

59 yaşlı Paşa Umudov 2019-cu ilin oktyabrından həbsdədir. O, Nərimanov Rayon Məhkəməsinin hökmüylə Cinayət Məcəlləsinin 234.2 (satış məqsədilə narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə təqsirli bilinib və 4 il 6 ay azadlıqdan məhrum edilib.

“Ayın 15-də axşam çayxanayaya getmək üçün evdən çıxanda qara “Toyota” maşın dayandı, mülki geyimdə idilər. Mənim cibimə narkotiki qoyan adam Rəşad Verdiyev idi. Adını sonradan bildim, onda tanımırdım. Cibimdən götürüb atdım. Gedib götürdü, yenidən gətirib qoydu…”, – Paşa Umudov məhkəmədə ifadəsində bildirib.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az