Saleh Rüstəmovun ərizəsi təmin edilməyib

tərəfindən Gozetci

Məhkəmə vəkillərin iştirakı olmadan keçirilib

Xalq Cəbhəsinin hakimiyyəti dövründə Gədəbəyin icra başçısı olmuş, 2018-ci ilin mayında AXCP-yə maliyyə yardımı ittihamıyla həbs edilən Saleh Rüstəmovun vaxtından əvvəl azadlığa buraxılması barədə ərizə təmin edilməyib. Bu barədə Meydan TV-yə Saleh Rüstəmovun oğlu Sezgin Rüstəmov məlumat verib.

Ərizəyə martın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyev baxaraq qərar verib. Məhkəmədə Saleh Rüstəmovun vəkilləri Bəhruz Bayramov və Aqil Layıcın heç biri iştirak etməyib.

Sezgin Rüstəmovun sözlərinə görə, bir neçə gün öncə vəkil Bəhruz Bayramova məhkəmə iclasının martın 3-nə təyin olunduğu bildirilib. Lakin vəkil hakimin köməkçisinə məlumat verib ki, onun həmin günə Gəncə Apelyasiya Məhkəməsində əvvəldən təyin edilmiş başqa bir işi var: “Katib vəkil Bəhruz Bayramova məlumat verib ki, atamın işinə onsuz baxılmayacaq. Ona görə də məhkəmə martın 10-na təxirə salınır”.

Saleh Rüstəmovun yaxınları məhkəmənin martın 10-da keçiriləcəyini gözlədiyi halda, proses martın 3-də keçirilib. Onlar bundan martın 4-də – Saleh Rüstəmov özü ailə üzvlərilə telefonla əlaqə saxlayanda xəbər tutublar. O bildirib ki, bir gün öncə məhkəmə keçirilib və ərizə təmin edilməyib.

Bəhruz Bayramov da Meydan TV-yə bildirib ki, məhkəmədən ona prosesin martın 10-na təxirə salındığı bildirilmişdi. O da bu barədə Saleh Rüstəmovun yaxınlarına məlumat vermişdi.

Bəhruz Bayramov əlavə edib ki, Nizami Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcək.

Saleh Rüstəmov 2021-ci ilin noyabr-dekabr aylarında 41 gün aclıq etdiyi dövrdə onun vəkilləri məhkəməyə ərizə vermişdi. Müdafiəçilər Bəhruz Bayramov və Aqil Layıc onun səhhətində kəskin problemlər olduğunu vurğulayaraq, bu əsasla azadlığa buraxılmasını istəyirdilər.

Saleh Rüstəmov eyni zamanda, böyrək çatışmazlığından əziyyət çəkir.

Saleh Rüstəmov 1992-1993-cü illərdə Gədəbəyin icra başçısı olduğu dövrdə həm də Qarabağ döyüşlərində iştirak edib. O, ən uğurlu hərbi əməliyyatlardan hesab edilən Başkənd əməliyyatına rəhbərlik edib. 1992-ci ilin 6–8 avqustunda baş tutan bu əməliyyat nəticəsində Gədəbəyin Başkənd qəsəbəsi və bir neçə kənd işğaldan azad edilib.

Saleh Rüstəmov 1998-ci ildə oğlunun xəstəliyi ilə əlaqədar Rusiyaya köçüb və o vaxtdan ailəsilə birlikdə orada yaşayıb. 2018-ci ilin mayın 8-də Azərbaycanda olarkən – qardaşı və onun həyat yoldaşıyla maşında gedəndə Şəmkir postunda saxlanılaraq, Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib. Ondan iki gün sonra qardaşı oğlu Vidadi Rüstəmli həbs olunub. Onlara qarşı ilkin ittiham narkotik olsa da, hər ikisindən AXCP-yə maliyyə yardımı barədə ifadələr alınıb. Bundan sonra – mayın 25-də AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirli tutulub. Onların saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı birgə məlumatda iddia olunub ki, bu beş nəfər çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. İddiaya görə, Saleh Rüstəmov AXCP-yə 420 min dollar pul göndərib.

Saleh Rüstəmov və digər təqsirləndirilən şəxslər bu ittihamı rədd edib. O bildirib ki, 20 günə yaxın işgəncəyə məruz qaldıqdan sonra ondan tələb olunan ifadəyə imza atmağa məcbur olub. Xalq Cəbhəsinin üzvü olduğunu deyən Saleh Rüstəmov təsdiqləyib ki, siyasi məhbus ailələrinə yardım məqsədilə həm o, həm də Rusiyada yaşayan digər azərbaycanlılar ara-sıra yardım göndərib. Lakin bu yardımların ümumi məbləği iki il ərzində 10-12 min dollardan çox olmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmov 7 il 3 ay, Aqil Məhərrəmov 4 il, Babək Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirova şərti cəza verilib. Sonradan Ali Məhkəmə Saleh Rüstəmlinin cəzasını 2 ay azaldıb.

Məhkəmənin hökmündə Saleh Rüstəmovun yaxınlarına məxsus mənzil və başqa daşınmaz əmlakların, hətta atalarından qalma evin də müsadirə olunması əksini tapıb.

Babək Həsənov cəzasının başa çatmasına iki ay qalmış – 2021-ci il martın 17-də imzalanan sonuncu əfv sərəncamı ilə azadlığa buraxıldı.

AXCP bu cinayət işinin qondarma olduğunu bəyan edib, partiyaya qarşı illərdir davam edən repressiyaların davamı kimi qiymətləndirib.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az