Bu gün, yanvarın 10-da 44 günlük İkinci Qarabağ müharibəsinin bir qrup iştirakçısı Bakıda Azərbaycan Müdafiə Nazirliyinin binası qarşısına toplaşaraq təltifetmədən narazılıqlarını bildiriblər.
Həmin şəxslərin sözlərinə görə, ölkənin ərazi bütövlüyü uğrunda müharibədə xidmətlərinə baxmayaraq onlara medal verilmir.
“Bizə dəyər versinlər. Bizi yandıran odur ki, bizdən 40 kilometr arxada… olana dörd dənə medal verilib. Müdafiə Nazirliyinin öz hərbi hissəsi var, hər uşağa səkkiz dənə medal veriblər. Ədalətli qərar deyil axı”, – şikayətçilərdən biri vurğulayıb. Onun qeyd etməsinə görə, prezident tapşırıb ki, müharibə iştirakçılarına diqqət və qayğı göstərilməlidir:
“Amma heç biri olmur. Səbəbini da bilmirik”.
Onların vurğulamasına görə, artıq bir ildir ki, qəbullara gedirlər, müraciətlər yazırlar, amma nəticəsi yoxdur.
Şikayətçilərin qarşısına çıxan Müdafiə Nazirliyinin nümayəndəsi onlara bildirib ki, məsələ araşdırılacaq.
Xatırlatma
2020-ci ildə, İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
AzadlıqRadosu