İctimai-siyasi fəallar 19 gündür aclıq edən Saleh Rüstəmliyə azadlıq tələb edir

tərəfindən Gozetci

Həbsxanada 19 gündür aclıq edən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlinin səhhəti daha da ağırlaşıb.

Bu barədə, noyabrın 24-də onunla görüşən bacısı Yeganə Rüstəmova Amerikanın Səsinə deyib.

“Biz Salehlə şüşə arakəsmənin arxasından görüşdük. Onun səsi çox zəif, xırıltılı və qırıq-qırıq olduğundan eşidə bilmirdim. Bir onu başa sala bildim ki, aclığı dayandırsın. Lakin Saleh əli ilə sonadək gedəcəyini bildirdi,” o qeyd edib.

Noyabrın 23-də vəkil Bəhruz Bayramov Rüstəmli ilə görüşdən sonra onun vəziyyətinin kritik olduğunu deyib.

“Mən onunla şüşə arxasından telefonla danışdım. O, cəmi 7-8 dəqiqə danışa bildi. Rüstəmli güclə yeriyir, danışıq tərzini itirib. Qırıq-qırıq danışır, danışığı başa düşülmür. Baş həkim müayinə edib və deyib ki, vəziyyəti yaxşı deyil, məcburi müdaxilə ediləcək, qida qəbul etdiriləcək. Bu zaman Rüstəmli qəti etiraz bildirib. O, noyabrın 26-dan quru aclığa keçəcəyini, maye qəbul etməyəcəyini bildirdi,” vəkil Amerikanın Səsinə qeyd edib.

Vəkilin və ailə üzvlərinin dediklərinə görə Ədliyyə Nazirliyindən və Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən şərh almaq mümkün olmayıb.

Rüstəmlinin aclıq etməsi sosial şəbəkələrə geniş müdafiə kampanaiyalarına səbəb olub. Çoxsaylı insan Saleh Rüstəmlinin günahının olmadığı qənaətindədir.

“Saleh Rüstəmliyə qarşı siyasi ittihamın əsas səbəbi Xalq Cəbhəsi Partiyası və siyasi məhbus ailələrinə maddi yardım göstərməsidir. Tutaq ki, o həqiqətən də bu partiya və onun tərəfdarlarına ianə verib. Axı burada cinayət əməli yoxdur. Heç kim hansısa siyasi partiyanı müdafiə etdiyinə, maddi dəstək göstərdiyinə görə təqiblərə və qanunsuz həbsə məruz qala bilməz,” Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli bildirib.

Vəkil Aqil Layıc bildirib ki, azadlıq Saleh Rüstəmlinin və digər siyasi məhbusların haqqıdır.

“Saleh bəy ölkəmiz üçün dəyərdir. Ona azadlıq tələb edirəm. İnsanları ədalət üçün öldürməyin, ədalətlə yaşadın,” o deyib.

Siyasi partiyalar və ictimai birliklərin əllidən çox funksionerinin müraciətində deyilir ki, qısa zamanda gərəkli tədbirlər görülməzsə Saleh Rüstəmlinin həyatı üçün qarşısıalınmaz təhlükələr meydana gələcək və bəlkə də, həyatını itirəcək.

“Aidiyyatı qurumlar bu məsələdə susmaqla Saleh Rüstəmlinin ölümünə göz yumur, sabah eyni mövzuda başqa siyasi fəalların da ölümü üçün səbəbiyyət verir. Saleh Rüstəmlinin hazırkı vəziyyətinə və qarşıdakı günlərdə başına gələcəklərə görə məsuliyyət birbaşa Azərbaycan siyasi hakimiyyətinindir,” sənəddə qeyd edilir.

Şair İbrahim Xudayi də Saleh Rüstəmliyə azadlıq tələb edən şerlə çıxış edib.

“Ayıbdır, azad edin Salehi, budurmu mərd oğulların taleyi,” şair şerində qeyd edib.

Saleh Rüstəmli 2018-ci il mayın 8-də narkotik ittihamıyla tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Daha sonra mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamın dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılırlar.

AXCP ittihami təkzib edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmli 7 il 3 ay, Məhərrəmov 4 il, Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirova şərti cəza verilib. Onlar məhkəmədə ittihamları qəbul etməyib. Həsənov bu il martın 18-də əfv sərəncamı ilə azadlığa buraxılıb.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az