Şəki sakini Həsən Məmmədov şikayətçidir. O, iddia edir ki, illərdir bağban kimi işlədiyi Qədim Şəki qoruq ərazisində yerləşən “Şəki Xan evi”ndən 2020-ci ilin may ayında heç bir xəbərdarlıq edilmədən, şiddətli töhmətlə çıxarılıb:
“2013-cü ildən ailəvi olaraq həm qoruqda işləyirik, həm də ora baxırıq. 2015-ci ildən isə rəsmi olaraq bağban vəzifəsində işləyirəm. Bundan başqa bu tarixi abidənin həm mühafizəçisi olmuşam, həm də fəhləlik etmişəm. Yodaşım Rumella Məmmədova isə orada həm baxıcı, həm də bələdçi vəzifəsində işləyir. Ancaq Turizm Agentliyi gələndən sonra gördülər ki, biz ailəvi olaraq qoruğa çox yaxşı baxırıq, vəziyyət dəyişdi”.
Həsən Məmmədov yeni gələn müdirlə heç bir probleminin olmadığını, ancaq aralarında yaranan mübahisələrə görə işdən çıxarıldığını iddia edir:
“Mən qoruq üçün şlanq istəmişəm, su istəmişəm. Su çəni xarab olmuşdu, yeniləyən vaxt dedim ki, 3 tonluq çən qoyulsun. Ancaq onlar iki tonluq su çəni qoydu, mən də buna etiraz etdim. Belə mübahisələrin üstündə mənə heç bir xəbərdarlıq edilmədən töhmət verdilər, həm də Həmkarlar Şurasının iclası belə keçirilmədən. Daha sonra “Şəki xan evi”ndə bərpa işləri aparılarkən bizdən açarlar alındı. Pandemiya vaxtında yoldaşımla məni çağırdılar ki, oranı təmizləyək. Mən isə bildirdim ki, bizdə açar yoxdur, həm də biz burda xadimə işləmirik. Müdir Məmməd Əhmədov isə bildirdi ki, “işləyir işləsin, işləmir ərizəsini yazıb işdən çıxsın”. Onlar təlimata uyğun olmayan iş tələb ediblər, məni isə buna etiraz etmişəm”.
Şikayətçi iddia edir ki, əvvəl onu məzuniyyətə göndəriblər, iki gün sonra isə çağırıblar ki, gəlib işdən çıxmaq haqqında ərizə yazsın:
“Həyat yoldaşım Məmməd müəllimdən şikayət etmişdi ki, bizə təlimata uyğun olmayan işlər tapşırır. Məmməd Əhmədov da bizi otağına çağırıb üstümüzə qışqırdı ki, niyə Bakıya şikayət etmisiniz? Mən də dedim ki, “sən düzgün işləsəydin, şikayət etməzdik”. O da mənim “sən” sözümə görə məni işdən çıxartdı. Buna görə adamı işdən çıxararlar?”
H. Məmmədov hüquqlarının qorunması məqsədi ilə məhkəməyə müraciət etdiyini deyir:
“Məhkəməyə müraciət etdiyimə görə məni polisə verdilər. Guya, mən qoruğu yandırmaq istəmişəm. Mən qoruğu necə yandıra bilərəm axı? Mənim evim həmin qoruqla yan-yana yerləşir. O zaman mən öz evimi də yandırmış olaram”.
Şikayətçi deyir ki, polis şöbəsində ona Maddə 510. Xırda xuliqanlıq adı ilə bir günlük inzibati həbs cəzası ilə məhkəməyə göndəriblər. Daha sonra isə həyat yoldaşını işdən çıxaracaqları ilə hədələyiblər:
“Həyat yoldaşımın əlində bələdçi sertifikatı var. İllərdir orada üç dildə bələdçi kimi işləyir. Ancaq mart ayının 1-dən öz adamlarını bələdçi təyin ediblər. Həyat yoldaşım isə hazırda baxıcı vəzifəsində işləyir”.
2020-ci ilin iyun ayında Şəki Məhkəməsinə şikayət verən Həsən Məmmədov birinci məhkəmədə uduzsa da, Apellyasiya Məhkəməsi onun xeyrinə qərar çıxardıb:
“Hakim Ayaz Mahmudov tam düzgün qərar verdi ki, mən işə qayıtmalıyam və əmək haqımın almadığım günləri də mənə ödənilməlidir. Məni işdən çıxararkən, əmək kitabçamda 72-ci maddənin ə bəndini veriblər. Elə bənd yazıblar ki, bundan sonra mən heç bir yerdə işləyə bilmərəm. Guya mən adam döydüyüm üçün işdən çıxarılmışam. Hətta, Apellyasiya məhkəməsində hakimlər Məmməd Əhmədova sual verdilər ki, əmək kitabçasına yazdığın maddənin mənasını bilirsən? Müdir cavab verdi ki, “yox, bilmirəm”.
Apellyasiya Məhkəməsinin qərarından sonra qarşı tərəf Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə də işi Həsən Məmmədovun xeyrinə qəbul edərək Apellyasiya Məhkəməsinə göndərib:
“Ali Məhkəmədə məsələyə təkrar baxılıb, araşdırıldı. Qərarda bildrildi ki, məni işdən azad edərkən Həmkarlar Şurasının rəyi nəzərə alınmayıb. İş mənim xeyrimə həll olunub Apelyyasiya Məhkəməsinə göndərildi. Ancaq burada bildirdilər ki, əvvəlki məhkəmədə iş sizin xeyrinizə qəbul edildiyi üçün hakimlər töhmət alıb, ona görə də, siz haqlı olsanız da biz qarşı tərəfin xeyrinə qərar çıxardıırq”.
Ailəsi biri azyaşlı olmaqla beş nəfərdən ibarət olan Həsən Məmmədov deyir ki, hazırda heç yerdə işləmir. Əmək kitabçasında göstərilən işdən azad olma bəndinə görə onu işə qəbul etmirlər. Ailə vəziyyətinin ağır olduğunu söyləyən şikayətçi bu məsələnin sonun kimi gedəcəyini bildirir.