Nərmin Quliyevanın əmisinin ifadələrində ziddiyyət olduğundan təkrar məhkəməyə gələcək
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın itkin düşüb, 47 gün sonra yandırılmış meyitinin tapılmasıyla bağlı cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
Oktyabrın 20-də hakim Dadaş İmanovun sədrliyilə keçirilən məhkəmə iclasında uşağın nənəsi Leybə Quliyeva və əmisi Arif Quliyev şahid qismində dindirilib.
Nərmin Quliyeva sonuncu dəfə əmisigildə olub və oradan çıxandan sonra itkin düşüb. Arif Quliyev bildirib ki, qardaşıgillə onun evi arasında təxminən 700 metr məsafə var. Hadisə günü Nərminin onlarda təxminən bir dəqiqə dayandığını deyən əmisinin sözlərinə görə, o, gödəkçə gətirib:
“Saat günorta 3-ə qalmış olardı. Dedi ki, bu “kurtkanı” atam göndərdi. Onunla bir torba göndərməliydim. Sonra baxdım ki, ağırdı, apara bilməz. Dedim ki, bacını da götürüb gələrsən, bunu apararsan. Getdi, təxminən bir saat sonra böyük bacısı gəldi, dedi ki, Nərmin gəlib çıxmayıb”.
Arif Quliyev qardaşının böyük qızı Şəbnəmin adını məhkəmədə xatırlaya bilməyib. Onun sözlərinə görə, axşam saat 6 radələrində qardaşı Şərif Quliyev onlara gəlib, qonşu kənddə toy edən qohumlarıgilə “ciyəraxşamı”na gediblər. Axşam saat 8 radələrində oradan qayıdıblar. Saat 9 radələrində isə uşağın yoxa çıxması xəbəri yayılıb.
Arif Quliyev həmin gün Nərminin əynində olan geyimləri yadında saxladığını bildirib. Onun sözlərinə görə, uşağın əynində cins şalvar, ağ idman ayaqqabısı, qırmızı boğazlı köynək və gödəkçə var idi. Lakin o, həmin gün Nərminin böyük bacısını və atasını da görməsinə baxmayaraq, onların əynindəki paltarlara diqqət yetirmədiyini bildirib.
Dindirmə zamanı vəkillər ondan soruşub ki, Nərminin anası Aynurə İsmayılova uşağının itkin düşməsinə görə onu günahlandırıbmı? O, “xeyr” cavabını verib. Sual-cavabdan aydın olub ki, uşaq itkin düşəndən sonra hüquq-mühafizə orqanları kəndə əhilləşdirilmiş itlər gətirib. İtlər Arif Quliyevin, onunla eyni həyətdə yaşayan anasının və qonşusunun evinə gedib girib.
Vəkillər dindirmə apararkən uşağın anası və Tovuzun o dövrdə polis rəisi olmuş Şirzad Əsgərov arasında baş verənlər haqda sualı başa çatdırmamış “onlar dalaşanda mən olmamışam” cavabını verib.
“Mən axı “dalaşmaq” sözünü işlətmədim. Siz hardan bilirsiniz ki, mən bunu soruşacaqdım?”, – vəkil Əlibaba Rzayev bildirib.
Arif Quliyev daha sonra sözünü dəyişib, qardaşı arvadıyla polis rəisinin dalaşmadığını deyib.
Cinayət işinin materiallarındakı ifadələrdən isə aydın olur ki, yandırılmış meyit tapılandan sonra yas mərasimində Aynurə İsmayılova polis rəisinin yaxasından tutub, uşağın ölümünə görə onu ittiham edib.
Arif Quliyevin ifadələrində ziddiyyətlər olduğuna görə onun dindirməsinin oktyabrın 27-də keçiriləcək növbəti məhkəmə iclasında da davam etdirilməsinə qərar verilib.
İlkin Süleymanovun bacısı İlhamə Süleymanova
Məhkəmədən sonra təqsirləndirilən İlkin Süleymanovun ailə üzvləri mediaya açıqlamalarında azyaşlının yaxınlarının məhkəmədə səmimi ifadələr vermədiyini, bir çox məsələni gizlətdiklərini bildiriblər.
“Təəssüf ki, onlar həqiqətin üzə çıxmasını istəmirlər, bunun üçün çalışmırlar. Elə cinayətin günahsız bir adamın üstündə qalmasına yardım edirlər. Həqiqətləri gizlətdikcə də, ziddiyyətlər çoxalır. Məsələn, uşağın anası dindiriləndə demişdi ki, Nərminin əynində axırıncı dəfə yubka, ağ kalqotka olub. Əmisi isə deyir ki, cins şalvar olub. Ona görə ki, yandırılmış meyitin əynində cins şalvar olub. Bu işə kənardan nəzarət edənlər ziddiyyətlərin ortaya çıxdığını görürlər, onları aradan qaldırmaq üçün istiqamətləndirirlər. Yoxsa necə olur, Arif Quliyev Nərminin bütün geyimlərini yadında saxlayıb, amma qardaşı Şərifin, onun böyük qızının həmin gün əynində olanları xatırlamır?”, – İlkin Süleymanovun qardaşı Adil Süleymanov bildirib.
Onun sözlərinə görə, iş materiallarında daha ciddi ziddiyyətli məqamlar var. Nərmin Quliyevanın qan qrupu ilə meyitin qan qrupu fərqlidir.
İlkin Quliyevin ailəsi ölkə prezidentinə və vitse-prezidentə müraciət edib.
Meydan TV