Ramin Hacılı və digər 7 nəfər vətəndaşların ABŞ, Kanada və Avropa ölkələrinə qanunsuz miqrasiyasını təşkil etdiyinə görə həbs edilib.
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Azərbaycan ərazisini tərk edən vətəndaşların xarici ölkələrdə qanunsuz “siyasi sığınacaq” almalarının təşkil edilməsi faktları ilə əlaqədar Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanılıb.
“İstintaqla müəyyən edilib ki, “No Border Travel Agency” məhdud məsuliyyətli cəmiyyətin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” məhdud məsuliyyətli cəmiyyətin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” məhdud məsuliyyətli cəmiyyətin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq- mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər”, – mətbuat xidməti qeyd edir.
Baş Prokurorluq bildirir ki, eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunan Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.
Həbs edilən şəxslərin vəkilləri və ailə üzvləri Baş Prokurorluğun məlumatı ilə bağlı hələ açıqlama verməyiblər.
Bununla yanaşı, Ramin Hacılının keçmiş həyat yoldaşı Aysel Aydın Əlizadə Facebook səhifəsində yazıb ki, beş ildir Ramin Hacılıya qarşı dayanmadan cinayət işi açılır: “O məhkəmə bitir, bu məhkəmə başlayır. Nə boyda cinayətkar imiş Ramin Hacılı. Kiməsə cinayətkar lazımdırsa bütün ölkə bilir bu ölkədə kimlərdir cinayətkarlar, yerlərini deyək gedib araşdırıb tutun. Dünən çağırıblar adamı. O da nə bilsin ki, tutmağa çağırırlar. Durub gedib. Gecəyədək saxlayıblar, gecə saat 12:00-da məhkəmə keçiriblər, həbs veriblər. Psixologiyam pozulub artıq bu
mövzudan. Nə qədər olar axı. Bu problemlərə görə yaşaya da bilmədik, ikimizin də əsəbi pozuldu, ayrıldıq. Amma mən onu tək qoya da bilmirəm axı, başa düşürsünüz?”
Ramin Hacılı istimai-siyasi fəal olub. “Dalğa” Gənclər Hərəkatının, Azərbaycan- Avropa Hərəkatının rəhbəri, Demokratik İslahatlar və Ümid partiyalarının rəhbərliyində təmsil olunub.
Ona qarşı ilk dəfə 2017-ci ildə ittiham irəli sürülüb. Belə ki, 2017-ci il oktyabrın 12-də Bakının Nəsimi Rayon Məhkəməsi Hacılını vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə təqsirli bilib və 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verib.
Cinayət işinin başlanmasına səbəb kimi Ramin Hacılının ABŞ-a getməyə viza almaq istəyənlər üçün ABŞ-ın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsinə saxta sənədlər təqdim etməsi göstərilib.
Turan