Avropa Məhkəməsi Azərbaycandan göndərilən 6 iş üzrə kommunikasiyaya başlayıb

tərəfindən Gozetci

15 ərizəçinin şikayəti ilə bağlı hökumətə suallar ünvanlanıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş 6 iş üzrə kommunikasiyaya başlayıb. Həmin işlər ümumilikdə 15 ərizəçinin şikayətini təşkil edir.

“Bu işlərdə şikayətçilər müxalif fəallar, jurnalistlər və Bakının mərkəzindəki “Qış Bulvarı”nın inşası zamanı mülkləri sökülənlərdir. Şikayətlər isə inzibati qaydada həbs edilmə, cərimələnmə, “Qış Bulvarı”nın salınması zamanı evlərin sökülməsi ilə bağlı verilən şikayətlərə aiddir”, – hüquqşünas Xalid Ağəliyev belə deyir.

“Türkel Kərimli Azərbaycana qarşı”, “Nuriyev Azərbaycana qarşı”, “Salahov Azərbaycana qarşı” – hər 3 iş 2013-cü ildə müxalif qüvvələrin prezidentliyə namizədinin dinc aksiyasına qatılmalarına görə ərizəçilərin saxlanılmaları və inzibati qaydada həbs olunmaları ilə bağlıdır.

Onlar polisin qanuni tələblərinə əməl etmədikləri əsası ilə saxlanılıb, 25-30 gün aralığında həbs olunublar. Ərizəçilər saxlanılma və həbs edilmələrinin Konvensiyanın 11-ci (birləşmək hüququ), 5-ci (azadlıq və toxunulmazlıq) və 6-cı (ədalətli məhkəmə araşdırması) maddələri ilə təminat altına alınan hüquqlarına zidd olduğunu iddia ediblər.

“Zaur Qurbanlı Azərbaycana qarşı”, “Elçin Namazov Azərbaycana qarşı”, “Elvin Adıyev Azərbaycana qarşı” – bu işlər də ərizəçilərin polis əməkdaşlarının qanuni tələblərinə əməl etməməyə və kiçik xuliqanlığa görə inzibati məsuliyyətə cəlb edilmələri ilə bağlıdır. Bu işlərdə ərizəçilər barələrindəki araşdırmaların Konvensiyanın 6-cı maddəsi ilə qoruma altına alınan hüquqlarına müdaxilə məzmunda olduğunu iddia edirlər.

“Əfqan Muxtarlı Azərbaycana qarşı”, “Gülağa Aslanlı Azərbaycana qarşı” işlər ərizəçilərin müvafiq olaraq, 2011 və 2012-ci illərdə kiçik xuliqanlığa görə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlıdır. Əfqan Muxtarlı Bakı şəhərində keçirilməsi planlanan etiraz aksiyasından əvvəl saxlanılaraq 50, Gülağa Aslanlı isə 20 manat cərimə ediliblər. Ərizəçilər iddia edirlər ki, azadlıq və toxunulmazlıq hüquqlarına qanunsuz müdaxilə edilib, barələrindəki məhkəmə araşdırması ədalətli olmayıb. Həmçinin, ərizəçilər birləşmək hüquqlarına müdaxilə baş verdiyini iddia edirlər.

“Həsən Hüseynov və 3 başqa ərizəçi Azərbaycana qarşı” – işlərdə ərizəçilər mülkiyyət hüquqlarına müdaxiləni mübahisələndiriblər. Ərizəçilər iddia edirlər ki, Bakı şəhərində “Qış Bulvarı” inşa edilərkən, onların mənzilləri qeyri-qanuni sökülüb. Bakı şəhər İcra Hakimiyyətinin 2011-ci ildə qəbul etdiyi sərəncam əsasında mülklərindən məhrum olan ərizəçilər yerli məhkəmələrə şikayətlərində evlərinin sökülməsinə görə əlavə təzminat tələb ediblər. Yerli məhkəmələr tələbləri qismən təmin edib, ancaq həmin qərarlar icra olunmayıb.

Ərizəçilər AİHM qarşısında iddia edirlər ki, onların mülkiyyət, ədalətli məhkəmə araşdırması, şəxsi həyatın toxunulmazlığı, səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq hüquqlarına müdaxilə baş verib.

“Ağayev və Zülfüqarzadə Azərbaycana qarşı”, “Mehman Ağayev Azərbaycana qarşı” – bu işlər də “Qış Bulvarı”nın inşası ilə əlaqəlidir. Ərizəçilərin mülkləri həmin bulvarın inşa edildiyi ərazidə yerləşirdi. Yerli məhkəmələr ərizəçilərə mülklərinin hər kvadratmetrinə görə 1500 manat ödənilməsinə qərar versə də, həmin qərarlar icra edilməyib. Bu işdə ərizəçilər mülkiyyət, ədalətli məhkəmə araşdırması, şəxsi həyatın toxunulmazlığı, səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq hüquqlarına müdaxilənin baş verdiyini iddia edirlər.

AİHM hər 15 şikayət üzrə hökumətə aydınlaşdırıcı suallar göndərib.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az