Əli Kərimlinin mühafizəçisinə şərti cəza verildi

tərəfindən Gozetci

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, partiya sədri Əli Kərimlinin mühafizəçisi Ruslan Əmirova 4 il şərti cəza verilib. O, 2020-ci il iyulun 14-dən 15-nə keçən gecə Bakıda Orduya dəstək yürüşündə yaşananlarda (bir qrup şəxsin parlamentin binasına daxil olması, polis maşınının aşırılması və s.) suçlu sayılıb. İyunun 17-də Səbail rayon Məhkəməsində hakim Azər Tağıyev bu barədə hökm çıxarıb.

Hökmdən öncə son sözünü deyən Əmirov özünü təqsirli bilməyib. İttihamların əsassız olduğunu, heç bir qanunsuz addım atmadığını və yürüşdə iştirak etməklə orduya dəstək verən on minlərlə vətəndaşdan biri olduğunu vurğulayıb. Əmirovun fikrincə, onun cinayət məsuliyyətinə cəlb olunmasının səbəbi siyasi fəaliyyətidir.

Vəkili Bəhruz Bayramov da deyir ki, məhkəmə istintaqı boyunca müvəkkilinin Milli Məclisə daxil olması və ya başqa qanunsuz addımını təsdiqləyən heç bir sübut ortaya qoyulmadı.

Vəkil məhkəmənin hökmündən sonra AzadlıqRadiosuna bildirib ki, apellyasiya şikayəti veriləcək.

“Bütün bunlar mənasız söz yığınıdır. Bir cümlə ilə yazmaq lazım idi ki, AXCP-də olduğuna, Əli Kərimlinin yanında olduğuna görə cəzalandırırıq, vəssalam…”, – bunu isə haqqındakı hökmə münasibət bildirən Əmirov deyib.

Xatırlatma

Ruslan Əmirov ötən ilin aprelində 30 sutka inzibati həbs cəzasına məhkum edilmişdi. O, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasında ittiham olunub. AXCP onun həbsini siyasi sifariş adlandırıblar.

2020-ci il Ermənistanla Tovuz istiqamətində döyüşlərdən sonra iyulun 14-də Bakda orduya dəstək yürüşü keçirilib və orada olaylar yaşanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş̧ zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub. Bu cinayət işi üzrə həbs olunanlara özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. Təqsirləndirilənlərin işi üç qrupa ayrılıb. Bir qrupuna bu həftə şərti cəza kəsilib.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az