Müşfiq İsmayılov “Gözətçi”yə göndərdiyi şikayət məktubunda bildirib ki, bu ilin fevral ayından ona təyin olunmuş əlillik pensiyasının verilməsi dayandırılıb.
M. İsmayılovun sözlərinə görə, o, 1995-2011-ci illərdə həqiqi hərbi xidmətdə komandir olub. 2008-ci ilin oktyabr ayından hərbi xidmət dövründə yaranmış xəstəliyi ilə əlaqədar Naxcıvan MR-da N saylı hərbi hissədə qısa müddətli müayinə olunub. Daha sonra isə ixtisaslaşdırılmış müayinə və müalicə məqsədi ilə Silahlı Qüvvələrin Mərkəzi Hərbi Klinik Hospitalına (MHKH) göndərilib.
Müşfiq İsmayılov deyir ki, 2009-2011-ci illərdə Silahlı Qüvvələrin HMKH-da müayinə və müalicədə olmuşam. “Sonuncu müayinə və müalicədən sonra yenidən Hərbi Həkim Komissiyasına təqdim olundum və mənə Paroksizmal supraventrikulyar taxikardiya və mədəcik (cütləşmiş mədəcik və bigeminiya), ekstrosistoliya tipli ürək ritminin pozulmaları epizodları ilə fəsadlaşmış WPW sindromu, vegetativ damar distoniyası diaqnozu qoyuldu”.
Müşfiq İsmayılov bu diaqnozla 2011-ci ilin avqust ayında həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığını deyir. 2012-ci ildə isə onun ikinci dərəcəli əlillik statusu təyin olunub:
“2013-2016-cı illərdə əlillik dərəcəm təkrar təsdiq olundu. 2021-ci il yanvarın 21-də növbəti komissiyada oldum. Fevralın 7-də “Əlavə müalicəyə ehtiyacın olması” cavabı ilə imtina mesajı gəldi. Yanaşı xəstəliklərim da var. Bu xəstəliklər də hərbi qulluq dövründə yaranıb ”.
İmtinadan sonra fevralın 10-da Müşfiq İsmayılova Ağdam Tibbi Sosial Ekspertiza Komissiyaları (TSEK) tərəfindən Ak.C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna müayinə və müalicə üçün göndəriş verilib. Burada da ona əvvəlki illərdəki diaqnoz qoyulub. O, sənədlərini Ağdam TSEK-na təqdim edib. Oradan isə bildiriblər ki, iki ay keçdikdən sonra müalicə oluna bilər.
“Kardioloji institutda müayinədə olarkən bildirdilər ki, bu diaqnoza adi həyat fəaliyyətində təsadüf olunmur. Bu xəstəliyin dərman müalicəsi yoxdur və ancaq paroksizmal taxikardiya tutmaları zamanı ürək döyüntüsünü tənzimləmək üçün təyin olunmuş dərmanlardan istifadə olunurr”, – deyə şikayətçi bildirib.
M. İsmayılovun ailəsi ikisi məktəbyaşlı olmaqla dörd nəfərdən ibarətdir.
Şikayətçi məsələ ilə bağlı dövlət başçısına da müraciət etdiyini bildirib.