Gültəkin Hacıbəyliyə qarşı yeni pul tələbi

tərəfindən Gozetci

“Bu, hüquqi-siyasi iyrənclikdir”

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, keçmiş deputat Gültəkin Hacıbəylinin mənzili və avtomobili satış üçün hərraca çıxarılacaq. Artıq əmlaklar qiymətləndirilib. Gültəkin Hacıbəyli qiymətləndirmədən narazı qalaraq, məhkəməyə müraciət edib. Sabiq deputat eyni zamanda, işləmədiyini, 11-ci sinifdə oxuyan oğlunun təhsil xərclərini nəzərə alıb, ondan tələb olunan 85 min manatın ödənişinə görə iki il möhlət verilməsi üçün də məhkəməyə üz tutub.

Nəsimi Rayon Məhkəməsi möhlətlə bağlı ərizəni təmin etməyib. Bu qərardan verilmiş apelyasiya şikayəti də nəticəsiz qalıb. Aprelin 23-də Bakı Apelyasiya Məhkəməsində bu barədə şikayətin təmin olunmadığı açıqlanıb.

Əmlakın qiymətləndirilməsilə bağlı müraciətə isə hələ baxılmayıb.

Gültəkin Hacıbəyli Meydan TV-yə bildirib ki, məhkəmə araşdırmaları davam etməsinə baxmayaraq, artıq onun əmlaklarının hərracda satılmasına qərar verilib. Onun sözlərinə görə, aprelin 26-da Nəsimi Rayon İcra və Probasiya Şöbəsində olarkən ondan artıq 85 min manat yox, 91 min manat tələb olunduğunu öyrənib. Ona bildirilib ki, 85 min manatlıq ödəniş qərarını 10 gün ərzində könüllü icra etmədiyinə görə məbləğin 7 faizi qədər (5950 manat) əlavə ödəniş etməlidir:

“Evimi itirməmək üçün 85 min manatı ödəmək məcburiyyətindəyəm. İndi məlum olub ki, həmin məbləğdən əlavə 7 faiz də ödəməliyəm və beləliklə, borcumu 91 minə çatdırıblar. Guya mən məhkəmə qərarını könüllü icra etmədiyim üçün həmin qərar qəbul edilib. Qərar icraya mart ayında yönəldilib. Mən dərhal məhkəməyə müraciət edib qərarın icrasına möhlət istəmişəm. Apelyasiya Məhkəməsi müraciətimə aprelin 23-ü baxıb. Belə olan halda, mən könüllü icradan nə vaxt yayınmışam? Məhkəmə araşdırması bitmədiyi halda, tələm-tələsik mənə qarşı bu addım növbəti siyasi sifarişin, təzyiqin nəticəsidir. Bu ölkədə illərlə icra olunmayan minlərlə məhkəmə qərarları var. Onların hansı birinə münasibətdə belə fövqəladə “operativlik” nümayiş etdirilir? Mənimlə bağlı baş verənlər siyasi-hüquqi iyrənclikdir. Bu ölkədə məhkəmə qərarını ilk 10 gündə icra etməyən hər kəs dövlət büdcəsinə 7 faiz əlavə vəsait ödəyirsə, dövlət büdcəsinə məhkəmə qərarlarının icrası xəttilə hər il yüz milyonlarla vəsait daxil olmalıdır. O vəsaitlər ödənilirsə, bəs nədən həmin vəsaitlər dövlət büdcəsinin mədaxil hissəsində göstərilmir?”

Gültəkin Hacıbəyli deyir ki, millət vəkili olduğu dövrdə onun xeyrinə çıxarılmış məhkəmə qərarının icrası 3 il çəkmişdi.

Gültəkin Hacıbəylinin keçmiş qayınanası Nəhayət Məmmədova ona qarşı 50 min dollarlıq tələblə iddia qaldırıb. O, iddia edir ki, keçmiş gəlini 2003-cü ildə mənzilini onun vəsaiti hesabına təmir etdirib. O zaman gəlininə 50 min dollar verdiyini deyən Nəhayət Məmmədovanın sözlərinə görə, indiyədək həmin pul qaytarılmayıb.

Gültəkin Hacıbəyli isə bu iddianın yalan, müxalif düşərgəyə qoşulandan sonra ona qarşı təqib və təzyiqlərin davamı olduğunu deyir. Onun sözlərinə görə, hakimiyyət ona qarşı təqib kampaniyasında keçmiş əri və onun ailəsindən vasitə kimi istifadə edir:

“Mənə qarşı onlardan istifadə edib, bu xidmətlərinin qarşılığında da müxtəlif formalarda onları “mükafatlandırır”. Məsələn, Mahmud Mehdiyev 2000-ci illərin əvvəlində prokurorluq əməkdaşına yaraşmayan hərəkətlərə görə qovulmuşdu. Məhkəmədə üzümə durandan sonra Xətai rayon prokurorluğuna müstəntiq təyin edildi. Bacısı Aynur Mehdiyeva insan alverinə görə saxlanmışdı, məni məhkəməyə verməklə həbsdən yaxasını qurtardı. Onun 8 il 6 ay azadlıqdan məhrumetmə cəzasını 1 il şərti ilə əvəzlədilər. Aynur Mehdiyeva insan alverinə görə saxlandığı günün ertəsi anasının mənə qarşı 50 min dollarlıq məhkəmə iddiası verilib. Qızı saxlanılan ananın yadına bu düşürdü? Bu tarixin özü hər şeydən xəbər verir”.

Gültəkin Hacıbəylinin sözlərinə görə, keçmiş qayınanasının ona 50 min dollar verdiyini təsdiqləyən heç bir sübut yoxdur:

“Əvvəl dedilər ki. borc verib. Borc müqaviləsini tələb edəndə dedilər ki, yox, evi təmir etdirib. O vaxt mən millət vəkili idim, özüm öz evimi təmir etdirə bilmirdim? Həmin vaxt biz onun oğlu ilə ayrılmışdıq. Onlarla münasibətimiz pis idi. Belə olan halda, mənim evimi niyə təmir etdirməliydi? Pulu var idisə, 15 min dollar verib oğluna bir ev alaydı, mənim evimi niyə təmir etdirirdi?”

Mahmud Mehdiyev və onun ailəsilə Gültəkin Hacıbəyli məhkəmə çəkişmələri 2012-ci ildən başlayıb. Həmin vaxt prokurorluq orqanlarından xaric olunmuş Mahmud Mehdiyev daha sonra Xətai rayon Prokurorluğuna müstəntiq təyin edilib. Bu ilin əvvəlində isə o, Baş Prokurorluğa şöbə prokuroru vəzifəsinə gətirilib.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az