Niyaməddin Əhmədov: DTX həbsimdən 5 ay əvvəl hər yerdə məni izləyib, videolarımı çəkib…

tərəfindən Gozetci

Niyaməddin Əhmədov

Müxalifətçi istintaq dövründə döyüldüyünü, işgəncə gördüyünü deyir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbsdə olan mühafizəçisi Niyaməddin Əhmədov martın 19-da məhkəmədə sualları cavablandırıb. O, Almaniyada yaşayan və sosial şəbəkələrdə hökumətin ünvanına kəskin ifadələr səsləndirən Qabil Məmmədov və onun həyat yoldaşı Aytən Ramazanovanı haradan tanıması haqda prokurorun sualına cavab olaraq bildirib ki, adları çəkilən şəxslərlə həmkəndlidilər.

“Mən AXCP üzvü olmamışdan əvvəl Qabil Məmmədovu tanıyırdım. Bizim aramızda borc söhbəti olub. Onun çoxuna borcu vardı. Almaniyaya gedəndən sonra yavaş-yavaş burada borclu olduğu adamların pullarını qaytarmağa başladı. Mənim də pulumdan təxminən 3000 manat civarında qaytarmışdı. Qabilin həyətində ferması vardı, ondan mən şəhərdə işləyirdim. Mən pul vermişdim, həyətlərində mal-qara saxlayırdılar.

Eynək məsələsinə gəlincə, söhbət əsnasında Aytəndən orijinal, qara eynək istəmişdim. O da demişdi ki, Almaniyadan göndərəcək. Onun üstündə kamera olmasından da xəbərim yox idi, çünki kameralı eynək deməmişəm. Eynəyi mənə gətirən adam istintaqın mənim üzümə qoyduğu Elçin Mehdiyev olub. Dedim ki, bu adam gətirib, amma onun adını yazmadılar. Əvəzində yalan ifadə yazdırdılar, üzümə qoydular ki, guya mənə pul gətirib verib. Eynəyi isə qaçaqmal yoluyla istintaqa məlum olmayan adam gətirib. Qışda gətirmişdi deyə, istifadə eləmədim. Ekspertiza da rəy verib ki, eynəyin kamerasından istifadə olunmayıb”, – deyə Niyaməddin Əhmədov bildirib.

Onun sözlərinə görə, 2017-ci ildən AXCP üzvü, həbsindən təxminən bir il öncə isə ictimai əsaslarla Əli Kərimlinin mühafizəçisi olub. Hesab edir ki, həbsimin əsl səbəbi də budur: “Mənə verilən terroru maliyyələşdirmə ittihamı absurd yox, absurdun üstündə bir şeydir”.

AXCP fəalının sözlərinə görə, ona ötən ilin aprelində əvvəlcə 1 aylıq inzibati həbs cəzası verilmişdi. Bu cəzanı çəkdiyi müddətdə – inzibati həbs yerində olmalı olduğu halda, mayın 4-də axtarış aparılıb. Ondan əvvəl isə onu təcridxanadan DTX-ya aparıb, orada işgəncə veriblər: “Məndən cinayət işi barədə heç nə soruşmurdular. Orada bildim ki, həbsimdən 5 ay əvvəl evim dinlənilib, izlənilmişəm, hətta hansı bərbərə getdiyimə qədər nəzarətdə saxlayıblar. Kimlərlə görüşmüşəmsə, şəkillərimi, videolarımı çəkiblər. Elçin Mehdiyevi soruşdular. Həmin vaxt o qədər döyülmüşdüm ki, çox şey yadımda deyildi. Bunu da bir dəfə axşam vaxtı eynəyi götürəndə görmüşdüm deyə, çox yadımda qalmamışdı. Təkcə buna görə məni yarım saat döydülər. Sonra görüşdüyümüz yerdə çəkilmiş şəklimizi qoyanda yadıma düşdü ki, Aytənin göndərdiyi eynək və telefonu gətirən adamdır. Əgər o adam pul da versəydi, pulu alan, sayan yerdə də çəkilmiş şəklimizi ortaya qoyardılar. Olmayıb elə şey. Başqa bir adam vasitəsilə borcumdan 800 manat göndərmişdilər, bir hissəsini özümdə saxlayıb, qalanını evə göndərdim. Hətta buna qədər bilirdilər ki, filan qədər aldın, filan qədər göndərdin, bu qədər özündə qaldı. Bu qədər məni izləyiblər, terrorla bağlı bircə fakt olsaydı, ortaya qoyardılar”.

Qabil Məmmədovun danışdıqlarına, davranışına görə məsuliyyət daşımadığını deyən Niyaməddin Əhmədov vurğulayıb ki, hətta bir sıra hallarda çıxışları onun baxışlarına, üzvü olduğu partiyanın mövqeyinə uyğun deyil.

Daha sonra şahidlər dindirilib. Niyaməddin Əhmədovun ifadə verərkən adını çəkdiyi Elçin Mehdiyev də şahid qismində tanınıb. O bildirib ki, maşın alverilə məşğuldur, bu məqsədlə Almaniyaya gedib-gəlir. Gələndə pul müqabilində oradan göndərilən əşyaları, göndərilən pulları da gətirib, lazımi adamlara çatdırır: “2019-cu ilin axırlarında Aytən pul və telefon göndərdi, Günəşlidə görüşdük, Niyaməddinə verdim. 1200 avro pul idi. Aytən mənimlə başqa vaxt da qohumlarına geyim, əşya və pullar göndərib. Bir dəfə Qabil Məmmədov 50 avro verdi, buradan onun üçün hərbi geyim alıb apardım”.

Niyaməddin Əhmədov bildirib ki, Elçin Mehdiyev yalan danışır, o, pul yox, telefon və eynək gətirib: “Əgər pul alsaydım, ilk dəfə gördüyüm adamdan təbii ki, sayıb götürərdim. DTX da bunun videosunu, şəklini çəkərdi. Üzləşmədə də dedim ki, kim yalan danışırsa, onun şərəf və ləyaqəti… Onda bu, müstəntiqə dedi ki, məni söyür. Əgər yalan danışmırsansa, niyə özünə götürürsən? Eynək məsələsində də yayınır. Üzümə qoyurlar deyə, bu məsələnin üstünü ört-basdır eləyib yazırlar ki, istintaqa məlum olmayan şəxs gətirib…”

Vəkil Zibeydə Sadıqova vəsatət qaldırıb ki, DTX-nın Niyaməddin Əhmədovla bağlı gizli çəkdiyi foto və videolar məhkəmə tərəfindən alınsın və baxış keçirilsin.

Daha bir şahid Seymur Rəhimov deyir ki, Qabil Məmmədovu 2001-2002-ci illərdən tanıyır, onunla zabit yoldaşı olublar:

“Qabil Məmmədov mənim adıma bank vasitəsilə pul göndərib. Onun çox adama borcu vardı, bunu hamı bilirdi. Niyaməddin və dayısı oğluna da borclu idi. Zabit yoldaşlarımıza, rayonda nə qədər adama borclu idi. Bir il ərzində ümumilikdə 12-13 min manat pul göndərib, mən də götürüb, kimə deyibsə, o adamlara çatdırmışam. Qabildən soruşdum niyə qardaşlarına göndərmir? Dedi ki, xərcləyəcəklər, ona görə. Atası əməliyyat olunanda da göndərmişdi. Niyaməddinlə bağlı da demişdi ki, ona da borcu var. Qabilin siyasi fəaliyyətilə heç vaxt maraqlanmamışam. Amma özünə də demişəm ki, neynirsən elə, amma söyüşü yığışdır…”

Vəkil Qabil Məmmədov və həyat yoldaşı Aytən Əliyevanın “Skype” və ya “Zoom” proqramları vasitəsilə şahid qismində dindirilməsi barədə də vəsatət qaldırıb. Vəkil bildirib ki, Niyaməddin Əhmədov onlardan terror məqsədilə pul almaqda ittiham edilir: “İttihamda hadisələr demək olar ki, bu şəxslərin ətrafında cərəyan edir. Amma istintaq onların heç birini dindirməyib. Biz gözləyə bilmərik ki, onlar nə vaxt tutulub ölkəyə gətiriləcək. O adamlar dindirilsə, onlardan soruşmaq olar ki, pulu Niyaməddinə niyə göndəriblər? Cinayət Prosessual Məcəlləyə dəyişiklik edilib. Dəyişikliyin məqsədi odur ki, üzrlü səbəbdən gəlib iştirak edə bilməyən şəxslər dindirilsin, hərtərəfli araşdırma aparılsın. Xahiş edirəm, videokonfrans vasitəsilə onlar da dindirilsin”.

Prokuror bu vəsatətə etiraz edərək bildirib ki, onlar axtarışa verilib və Azərbaycana gətiriləndən sonra dindirilə bilər.

Vəkil həmçinin cinayət işinin materiallarında bəhs olunan, Penitensiar Xidmətin 16 iyul 2020-ci il tarixli məktubunun əslinin məhkəmə tərəfindən alınmasını istəyib: “Məktubdan bəhs olunur, amma özü yoxdur. İşə yalnız məktubdan çıxarış əlavə olunub. Çıxarışda ya yazılıb ki, “Niyaməddin Əhmədovun həmyerlisi Qabil Məmmədovla yaxın münasibətləri olub, mütəmadi “whatsapp” vasitəsilə onunla əlaqə saxlayıb, bir sıra dövlət orqanları və rəsmilər barədə topladığı, həqiqətə uyğun olmayan məlumatları Qabil Məmmədova ötürüb. Niyaməddin Əhmədov “Demokratyanın bərpası” şüarı adı altında qanunsuz etiraz aksiyalarının təşkilində fəallıq nümayiş etdirib, “Facebook”da və internet səhifələrində iqtidar əleyhinə həqiqətə uyğun olmayan paylaşımlar və çağırışlar edib, cəmiyyətdə mənfi fikirlər yaratmağa çalışıb”. Nə məktubun özü var, nə Penitensiar Xidmətin nəyin əsasında belə bir məktub hazırladığı bilinir. Özüm də vəkil olaraq, sorğu vermişəm bu məktubla bağlı. Hələ cavab gəlməyib. Ona görə də xahiş edirəm, məhkəmə özü Penitensiar Xidmətin bu məktubu yazmasına əsas olmuş sənəd-sübutların alınmasını təmin etsin. Bəlkə məktubun özü Baş Prokurorluğun İstintaq İdarəsində var, oradan da alınıb, işə əlavə edilsin”.

Hakim Siyavuş Hacıyev bildirib ki, məhkəmənin vəsatətlərlə bağlı qərarı aprelin 12-də keçiriləcək növbəti iclasla məlum olacaq.

Niyaməddin Əhmədov Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələrilə ittiham olunur.

AXCP fəalı özünü təqsirli bilmir, Əli Kərimlinin mühafizəçisi olduğuna, 2019-cu ilin 19 oktyabrında Milli Şuranın keçirdiyi icazəsiz etiraz aksiyasında sona qədər onu tək buraxmadığına görə cəzalandırıldığını deyir.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az