Fuad Qəhrəmanlı: Ailə üzvlərimlə təhdid olundum

tərəfindən Gozetci

Fuad Qəhrəmanlı

Bu iş üzrə cəbhəçilər də daxil, ümumilikdə 37 nəfər mühakimə edilir

Bakıda keçirilən Qarabağa və Milli Orduya dəstək yürüşündən sonra həbs olunan AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı həmin vaxt təzyiqə məruz qaldığını bildirib. Həmin vaxt vəkili Bəhruz Bayramov iki həftəyə yaxın onunla görüşə bilməmiş, avqustun 6-da isə görüşdə o, vəkilin xidmətindən imtina etdiyini açıqlamışdı. Martın 11-də Səbail Rayon Məhkəməsində ifadə verən Fuad Qəhrəmanlı bildirib ki, ailə üzvlərilə təhdid oldunduğuna görə bu addımı atmaq məcburiyyətində qalıb.

Fuad Qəhrəmanlı, eləcə də onunla birlikdə mühakimə olunan daha 14 nəfər AXCP üzvü yürüş zamanı ictimai asayişin pozulması, Milli Məclisin binasına ziyan vurulması, polis maşınlarının aşırılması kimi hərəkətlərdə ittiham olunur. Bu iş üzrə cəbhəçilər də daxil, ümumilikdə 37 nəfər mühakimə olunur. Onların arasında Naxçıvanın daxili işlər nazirinin keçmiş müavini Siyavuş Mustafayev, Müsəlman Birliyi Hərəkatının, Azərbaycan Demokratiya və Rufah Hərəkatının üzvləri də var.

Fuad Qəhrəmanlı cinayət işinin siyasi motivli olduğunu, AXCP üzvlərinin sifariş əsasında bu iş üzrə cinayət məsuliyyətinə cəlb edildiyini bildirib. O vurğulayıb ki, ittihamın mahiyyəti bu günə qədər ona aydın deyil. Həmin gün yürüşdə iştirak etmədiyini, ümumiyyətlə, evdən çıxmadığını deyən AXCP funksionerinin sözlərinə görə, cəbhəçilərin yürüşə qatılmasının əleyhinə olub: “Düşünürdüm ki, hökumət bəhanə edib, siyasi çalar verər”.

Həmin gün baş verənlərlə bağlı AXCP bəyanatını yada salan Fuad Qəhrəmanlının çıxışını hakim Ağamalı Qafarov bir neçə dəfə kəsib. Xəbərdarlıq edib ki, mahiyyəti üzrə danışsın, siyasiləşdirməsin. Cavabında Fuad Qəhrəmanlı deyib ki, hakimiyyət AXCP fəallarını aidiyyətləri olmadığı halda, bu işə qoşmaqla, özü prosesi siyasiləşdirib.

Fuad Qəhrəmanlı həmçinin istintaqdakı ifadəsinin saxtalaşdırıldığını, dindirmə protokolunda onun demədiyi fikirlərin yer aldığını da vurğulayıb.

AXCP Rəyasət Heyətinin digər üzvü Bəxtiyar İmanov da həmin gün yürüşdə iştirak etmədiyini, ittihamların saxta olduğunu bildirib.

Məhkəmədə zərərçəkmiş qismində polislər, Dövlət Xüsusi Mühafizə Xidmətinin əməkdaşlarıyla yanaşı, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi də iştirak edib. O bildirib ki, həmin gün Milli Məclisin ətrafında baş verənlər nəticəsində səkilər dağılıb və s. Nəticədə 1436 manat ziyan dəyib.

Məhkəmə prosesi martın 17-də davam edəcək.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 127 (qəsdən sağlamlığa az ağır zərər vurma), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak) və 315 (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələrilə ittiham irəli sürülüb.

AXCP bu ittihamların saxta olduğunu, üzvlərinin siyasi sifarişlə məsuliyyətə cəlb edildiyini bəyan edib.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az