Polad Aslanov aclıq aksiyasının 29-cu günündədir

tərəfindən Gozetci

Xeberman.com saytının rəhbəri Polad Aslanov aclıq aksiyasını davam etdirir.

Bu barədə Amerikanın Səsinə həyat yoldaşı Gülmir Aslanova bildirib.

Onun sözlərinə görə, Polad Aslanov aclıq aksiyasının 29-cu günündədir.

Gülmirə Aslanova deyir ki, jurnalist səhhətinin pis olduğunu deyib.

“Son günlər daha çox çəki itirir.Sonuncu dəfə görüşəndə, mənə dedi ki, dünəndən bu günə 900 qram çəki itirib. Böyrəklərində zülalın faizi yüksəlib, qan təzyiqi 90/60.”

Polad Aslanovun həyat yoldaşı onun səhhətindən narahat olduğunu bildirib.

“Vəziyyətini və hazırkı durumu nəzərə alıb ona telefon danışığı verilməlidir. Ombudsman aparatına müraciət etmişəm. Artıq iki gündür Polad Aslanovun barəsində xəbər ala bilmirəm.”

Polad Aslanov fevralın 24-də 1 saylı Cəzaçəkmə Müəssisəsinin sanitar-tibb hissəsinə köçürülüb. O ayrı otaqda saxlanılır, həkim nəzarətindədir.

Penitensiar Xidmətdən onun sağlamlıq durumu ilə bağlı məlumat almaq mümkün olmayıb.

Fevralın 8-də Ombudsman Aparatının nümayəndələri Bakı İstintaq Təcridxanasında xeberman.com saytının təsisçisivə baş redaktoru Polad Aslanov ilə görüşüblər. Ombudsman Aparatı nümayəndəsi Polad Aslanovun aclıq etdiyini təsdiqləyib. Bununla yanaşı, qurumda qeyd ediblər ki, Polad Aslanovun vəziyyəti normaldır, sərbəst hərəkət edir, ancaq Bakı Ağır Cinayətlər Məhkəməsinin ədalətsiz hökmündən şikayətçidir.

2019-cu il noyabrın 16-da xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını cəlb edərək onları İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.

Jurnalist ittihamı qəbul etmir və jurnalist fəaliyyətinin məhdudlaşıdırılmasına yönəldiyini bildirir.

ABŞ Dövlət Departamentinin demokratiya, insan hüquqları və əmək məsələləri bürosunun ötən il noyabrın 2-də yaydığı bəyanatda Azərbaycan hakimiyyəti 2019-cu ilin iyunundan bəri Dövlət Təhlükəsizliyi Xidmətindəki korrupsiyanı ifşa etdikdən sonra tutulan Polad Aslanov da daxil olmaqla, əsas azadlıqlardan istifadə etdiyinə görə həbs edilən bütün jurnalistləri sərbəst buraxmasına çağırılıb.

Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi kimi beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla bağlı ədalətli məhkəmə təhqiqatını təmin etməyə çağırıb.

2021-ci il fevralın 1-də Polad Aslanovun apellyasiya şikayətinə baxış zamanı jurnalist məhkəmədə prosesin obyektivliyinin təmin edilməsini tələb edərək, aclıq elan edib.

Fevralın 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Həsən Əhmədovun sədrliyi ilə Polad Aslanovun apellyasiya şikayətini təmin etməyib.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az