Daşkəsən rayon sakini illərdir pensiyanı ala bilmədiyini bildirir.
Rayonun Dəstəfur kənd sakini Məlahət Rzayeva “Gözətçi”yə bildirib ki, ağır xəstəlikdən əziyyət çəksə də, onun əlillik səbəbindən pensiyanı təyin edilməsi üçün etdiyi müraciətləri cavabsız qalıb. O, əlavə edib ki, dövlət orqanlarına 2019-cu ilin ortalarından müraciət edir.
M.Rzayeva deyir ki, xəstəliyi ucbatından əmək qabiliyyətini itirib. “Mən mədə-bağırsaq xəstəliyi olan selekiya xəstəliyinin ağır formasından əziyyət çəkirəm. Uzun müddət müalicə olunsam da, heç bir nəticəsi olmayıb. İşləyə bilmirəm, əmək qabiliyyətimi itirmişəm“.
Şikayətçi deyir ki, xəstəlik epikrizləri Daskəsən rayon Mərkəzi Xəstəxanasının həkimləri tərəfindən sistemə göndərilib. Ancaq ona imtina cavabı gəlib və səbəb kimi göndərişin natamam doldurulduğu qeyd olunub.
“Xəstəxanasının baş həkimi Mirzəkərim Tağıyevə müraciət etdim, o isə cavabında bildirdi ki, xəstəxanadan asılı heç bir səbəb yoxdur, göndərişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bazası (TSERAS) imtina verdirir. Göndərişin natamam doldurulduğunu baş həkimə göstərsəm də, israrla səhvlərini qəbul etmədi”, – deyə Məlahət Rzayeva bildirib.
M.Rzayeva əlavə edib ki, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) də müraciət edib. ƏƏSMN-dən isə ona bildirilib ki, sözügedən xəstəxana göndərişdə məlumatları doğru qeyd etməyib.
Məlahət Rzayeva məsələ ilə bağlı prezidentə iki dəfə rəsmi müraciət ünvanlasa da, şikayəti cabasız qalıb.
Şikayətlə bağlı Daskəsən rayon Mərkəzi Xəstəxanasının məsul əməkdaşları bildirdi ki, M.Rzayeva xəstəxanada qeydiyyatdan keçməlidir.
“Şikayətçi natamam doldurulma ilə bağlı gəlsin Mərkəzi Xəstəxanaya, qeydiyyatdan keçsin. Rəsmi ərizəsi qəbul olunsun, 11 həkim komissiyası təsdiq olunan sənədi yoxlasın və qiymətlənməsinə təminat verilsin. Xəstə canlı baxışa gəlməlidir. Bütün beş illiklərin (ikinci və üçüncü dərəcə əlillik 5 il müddətinə müəyyən edilir – red.) hamısı canlı baxışa dəvət edilir. Hamıya imtina verirlər. Son beş ildə alanlar, bir nəfərə vermirlər. Nazir tərəfindən hamı dəvət olunur ki, əlillik tam yoxlanılsın, sonra qiymətləndirilsin”.
* * *
Məlahət Rzayeva xəstəxanadan qeydiyyatdan keçmək üçün təkrar Daşkəsən Mərkəzi Xəstəxanasına müraciət edib. Bu dəfə isə ona COVİD-19 xəstələri ilə işləyirik deyərək, rayonun Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK) göndəriblər:
“Bir-iki dəfə TSEK-ə getdim, ancaq qəbula düşə bilmədim. Ona görə də, yenidən Daşkəsən MX-na müraciət etdim. Bu dəfə isə məni göndərişlə Gəncə şəhər 3 saylı xəstəxanasına yönləndirdilər”.
Şikayətçinin sözlərinə görə, 3 saylı xəstəxanadan isə bildiriblər ki, onun xəstəliyi sağalan xəstəlik deyil, burada qalmağına ehtiyac yoxdur.
“Ancaq Daşkəsən MX-dan məni israrla müalicə olunmağını istədilər. Ona görə də, 5 gün müddətində (16.06.2021-21.06.2021) Gəncədə poliklinikada yatdım. Daha sonra sənədlərimi Daşkəsən MX-a təqdim edəndə xəstəxanadan Natiq həkim heç bir səbəb göstərmədən bildirdi ki, sənədləri gələn ayın sonuna kimi sistemə vura bilmir. Maddi vəziyyətimin yaxşı olmadığını dedikdə isə, “get Bakıya, orda sənə əlillik təyin edilsin” dedi”.
* * *
Məlahət Rzayeva bildirir ki, bir müddət gözlədikdən sonra təkrar avqustun 27-də Daşkəsən rayon MX-na müraciət edib. Şikayətçi iddia edir ki, həmin vaxt xəstəxananın baş həkiminin adından ondan əlilliyinin təyin olunması üçün pul tələb ediblər.
“Gözətçi” olaraq bu məsələdə adı hallanan Daşkəsən rayon MX-nın baş həkimi Mirzəkərim Tağıyevlə əlaqə saxladıq. M. Tağıyev belə bir halın baş vermədiyini, əlilliyin onların deyil, Tibbi Sosial Ekspert Komissiyasının təyin etdiyini bildirdi.
“Məlahət Razyevanın sənədləri iki aydır ki, göndərilib əlilliyi təyin edən Tibbi Sosial Ekspret Komissiyasına (TSEK). Dəfələrlə TSEK göndərmək üçün ona göndəriş verilib. Araşdırsanız özünüz də görəcəksiniz ki, orada mədə-bağırsaq xəstəliklərinə, eləcə də böyrək xəstəliklərinə, dializdən başqa, bu tipdə olan digər xətəliklərin hamısına imtina verilib. Biz tərəfdən Məlahət Rzayevanın sənədlərində heç bir problem yaradılmayıb. O, TSEK-ə müraciət etməlidir. Gedib orada, əyani müayinə olunsun, əgər ona düşürsə, verilsin”.