Mingəçevir sakinləri yaşadıqları yataqxananın şəraitsizliyindən gileylidir
“Deyirlər, maska taxın, virusdan qorunun, ancaq heç bir məmuru yüzlərlə insanın bu qəzalı binadakı antisanitariya şəraitində yaşayışı narahat etmir. İllərdir ki, bu binanın dəhlizlərində ayağımızın altından siçovullar qaçışır, nəmişlik, rütubət, havasızlıq səbəbindən sağlamlığımız əldən gedir, yüzlərlə insanın ümumi istifadəsində olan hamam, tualet, mətbəx xəstəlik mənbəyidir. Bircə dəfə də olsun qapımızı hökumət nümayəndəsi açmır, halımızla, yaşayışımızla maraqlanmır”.
Bunu Meydan TV-yə Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 82/24 ünvanda yerləşən binanın sakinləri deyir.
4 mərtəbəli bina əvvəllər Mingəçevirdəki Tekstil Fabrikinin yataqxanası olub. Sovet vaxtı yataqxanadakı otaqlar yaşamaq üçün fabrikin işçilərinə verilib. SSRİ dağılandan və fabrik fəaliyyətini dayandırandan sonra burada yaşayan keçmiş işçilər otaqları rəsmən özəlləşdiriblər.
Sakinlərin sözlərinə görə, təxminən 65 il əvvəl istismara verilmiş bina qəzalı vəziyyətdədir. İşıq, su, kanalizasiya xətləri tamamilə sıradan çıxıb, mərtəbələrarası pilləkənlər dağılıb.
“Hərdən yanğın olur, çöldə gecələyirik”
“Hər mərtəbədə 23-24 ailə yaşayır. Hər ailənin bircə otağl var, ailə üzvlərinin sayı 4 nəfərdən 6-7 nəfərədəkdir. Hər mərtəbədə tualet var, hər tualetin çirkab suyu alt mərtəbədəki tualetin tavanından başımıza axır, ona görə də tualetdən istifadə edəndən sonra gərək gedib yuyunasan, ancaq ona da imkan yoxdur, çünki hər mərtəbədəki hamam otaqları da çirkab su içindədir. İşıq xətləri sarmaşıq kimi bir-birinə elə dolaşıb ki… Binada qaz yoxdur deyə, soyuqlar düşəndə hamı elektrik cihazlarından istifadə edir. Qəzalı xətlərdə qısaqapanmalar baş verir, bu da yanğına səbəb olur. İndiyədək binada bir neçə dəfə yanğın olub, onlarla insan qışın soyuğunda çöldə gecəməli olub”, – sakinlər deyir.
“35 ildir ki, məcburiyyətdən burda yaşayırıq”
Aytən Şıxəliyevanın öhdəsində azyaşlı uşaqlar var. Onlardan biri xroniki xəstəlikdən əziyyət çəkir. Aytən xanım deyir, binada azca imkanı olan sayğacını ayırıb, ancaq onun kimi imkansız ailələr hələ də ümumi sayğacdan istifadə edir ki, bu da sərfəli deyil:
“Otağımın işıq sayğacı yaşadığım mərtəbədəki hamam, tualetlə eynidir, orda da gecə-gündüz işıq yanır. Pul yükləyirəm, iki gündən sonra baxıram ki, sayğacda pul qalmayıb. Gedirəm, xahiş edirəm ki, gəlib otağımın sayğacını ayırsınlar, ayrıca sayğac quraşdırsınlar, pul istəyirlər. 35 ildir ki, imkansızlıqdan, məcburiyyətdən bu şəraitdə yaşayırıq. Balaca, rütubətli bir otaqda 5 nəfərlik ailəni düşünün… Uşaqlar böyüyür, yatmağa yer tapmırıq. Azyaşlı övladım xəstədir, tez-tez bayılır, üstəlik, nəmişlik də xəstəliyini sürətləndirir. Bu uşaqlar belə şəraitdə böyüyür, ancaq müharibə olanda əlimizdən alıb, aparırlar, üstümüzə tabutda göndərirlər”.
Tənha qadın: “Deyirlər, 62 yaşın var, yıxıl, öl…”
Yataqxana sakinlərindən biri olan 62 yaşlı Maisə Quliyeva tənha xanımdır. Onun giley-güzarı təkcə yataqxanadakı şəraitsizlikdən deyil, həm də işsizlikdəndir:
“Nə ünvanlı sosial yardım, nə pensiya ala bilirəm, nə başqa bir yerdən gəlirim var, iş üçün də hansı qapını döyürəmsə, deyirlər, 62 yaşın var, əl-ayağını uzat, öl… Bu yaşda insanlara heş yerdə iş yoxdur. Gedirəm Məşğulluq Mərkəzinə, deyir: “Heç cavan yaşda adamlara iş yoxdur, sənə hardan iş tapaq?” Gedirəm hansısa kafenin, restoranın qapısını döyürəm, xahiş edirəm ki, məni qabyuyan kimi işə götürsünlər, deyirlər: “Bizə cavan işçi lazımdır, bura qocalar evi deyil…””
Mingəçevir Şəhər İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Heydər Əliyev prospekti, 82/24 ünvanda yerləşən yataqxana tipli binaya bir neçə il əvvəl Fövqəladə Hallar Nazirlriyinin Bakıdan gələn nümayəndələri tərəfindən baxış keçirilib. Bina qəzalı tikililərin siyahısına daxil edilib. Bir müddət əvvəl binada bəzi təmir işləri aparılıb, ancaq qəzalı bina olduğuna görə əsaslı işlər görmək mümkün deyil. Qurum binanın qəzalı vəziyyətə düşməsində sakinlərin də payı olduğunu bildirir. Belə ki, qurumun iddiasına görə, sakinlər illər əvvəl binada qanunsuz artırmalar etməklə binanın fəsadlarını və özülünü həddindən artıq yükləyiblər.
Meydan TV