Neftçala sakini: Polis 2 min manat rüşvət alıb, məni sərbəst buraxdı

tərəfindən Gozetci

“Polis vətəndaşı qorumalıdır, ancaq bizdə əksinədir”

Naftalan sakini Bəhruz Məmmədov rayon polisindən şikayətçidir. Deyir, Naftalan sanatoriyalarının birində işləyib, ancaq pulunu ala bilməyib. Buna görə mübahisəsi düşüb və həbs edilib. Onun sözlərinə görə, polis həbs olunduğu müddətdə atasından 2 min manat alaraq onu sərbəst buraxıb:

“800 manatdan çox alacağım var idi. Bu, mənim ailəmin azı 2 aylıq xərcliyidir. Məni aylarla get-gələ saldılar. Axırda getdim ki, bəs verin pulumu, ehtiyacım var. Bu dəfə də verməyəndə dava etdim. Sanatoriya əməkdaşlarından bir nəfərlə dalaşdım və polisə düşdüm. Bu zaman məni azad etmək üçün polis atamdan rüşvət alıb”.

Bəhruz Məmmədov deyir ki, alacağı tam olaraq 871 manat olub. Verilməyəndə ilk olaraq polisə şikayət edib. Ancaq şikayəti araşdırılmayıb:

“Şikayəti araşdırmırlarsa, mən nə etməliyəm? Bu o deməkdir ki, öz problemimi özüm həll etmək məcburiyyətində qalıram. Nəticədə, dalaşdım və bu zaman şikayəti araşdırmayan polis məni anında həbs etdi. Həbsdən sonra atama təzyiq ediblər ki, pul gətir, buraxaq. Yoxsa həbs cəzası düşür. Yazıq atam da qorxusundan 2 min manat kredit götürüb. Gətirib verəndən sonra məni buraxıblar. İndi atam az qala bunu mənə hər gün deyir, başıma vurur ki, sənə görə filan qədər pul vermişəm. Bu tənələri eşitməkdənsə, davaya görə bir neçə sutka həbs düşürdü, yatıb çıxardım”.

Bəhruz Məmmədov deyir ki, həbsdə olduğu müddət atasından pul istəndiyini, onun kredit götürdüyünü bilməyib, bilsəydi, imkan verməzmiş:

“871 manata görə dalaşdım, 2 min manatlıq kreditə düşdüm. Deməyim odur ki, polis vətəndaşı qorumalıdır, ancaq bizdə əksinədir, vətəndaşdan pul qoparır, onu təhdid edir, durduğu yerdə düşmən kəsilir və s”.

Bəhruz Məmmədov deyir ki, Qarabağ qazisidir, ailəsi genişdir və onlara baxmaq məcburiyyətindədir:

“Bir təsəvvür edin də, 2 min manatın yarısından da az bir məbləğə görə mən fəhləlik edirəm, eyni zamanda, həmin pula görə dalaşıram. İndi mən, yaxud təqaüdçü atam o qədər krediti necə qaytarmalıyıq? Dövlət buna bir tədbir görməlidir. Polis vətəndaşdan niyə rüşvət almalıdır? Bununla bağlı bütün aidiyyatı qurumlara yazmışam. Bu dəfə də mediaya danışıram. Bəlkə bundan sonra bir tədbir görülər”.

Naftalan Şəhər Polis Şöbəsindən Meydan TV-yə bildirilib ki, hər hansı rüşvət almaqdan söhbət gedə bilməz. Polis rüşvətlə həbsdən adam çıxarmır.

“Siz deyirsiniz, amma biz heç o adda adam tanımırıq. Bir insan əgər xəta törədibsə, cəzasını alır. Hər hansı başqa məsələdən söhbət gedə bilməz. Eyni zamanda, artıq nəsə məlumat vermək səlahiyyətim də yoxdur. Təkcə onu deyə bilərəm ki, belə bir halın olması mümkün deyil”, – şöbənin növbətçi hissəsindən bildirilib.

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az