AXCP üzvü Orxan Səlimzadə maskadan düzgün istifadə etmədiyi üçün polis tərəfindən saxlanıldığını, cəriməni ödədikdən sonra sərbəst buraxıldığını deyir.
Bu barədə Orxan Səlimzadə öz Facebook səhifəsində yazıb. Onun sözlərinə görə polis şöbəsində ondan başqa eyni tələblə saxlanılanlar da olub:
“İşlə əlaqəli Qobustana getmişdim. Tibbi maskadan düzgün istifadə etmədiyim üçün polis tərəfindən saxlanıldım, yerində protokol tərtib edildi. Bundan sonra mənim 11-ci polis şöbəsinə getməli olduğumu söylədilər. Səbəbin soruşdum, dedilər orda aydın olacaq. Şöbəyə gətirildikdən sonra kameraya saldılar və cəriməni ödədikdən sonra buraxılacağını söylədilər. Bunun qanunsuz olduğunu söyləsəm də, dinlənilmədim.”
Orxan Səlimzadə onu da qeyd edir ki, ötən ilin sentyabrında inzibati həbsdən çıxanda təcridxana maska ilə təmin etmədiyi üçün polis tərəfindən saxlanılıb, şöbəyə aparılıb və cərimə edilib. İkinci belə hal olduğu üçün Orxan Səlimzadəyə bu dəfə 200 manat cərimə yazılıb.
“Cəriməm ödənildikdən sonra sərbəst buraxıldım.102-ə məlumat vermişəm. Ölkədəki polis özbaşınalığı hələ də davam edir”, deyə AXCP fəalı bildirib.