Amnesty İnternational-ın Dağlıq Qarabağ münaqişəsi zamanı dinc sakinlərin həlak olması haqqında məruzəsi

tərəfindən Gozetci

Amnesty İnternational ekspertləri Azərbaycanda və Ermənistanda bu yaxınlarda müharibə zamanı artilleriya və raket zərbələri endirilmiş onlarla yerə baş çəkiblər. Faktlar hər iki münaqişə tərəfinin kasetli döyüş sursatlarından istifadə etmədikləri barədə iddialarını təkzib edir. Həmçinin, hər iki tərəf qeyri-dəqiqliyi ilə bilinən əməliyyat-taktiki raketlərdən, yaylım atəşi sistemlərindən və artilleriyadan istifadə edib. Bu barədə Amnesty İnternational-ın yanvarın 14-də yayılmış məruzəsində deyilir.

Azərbaycan, Ermənistan və Dağlıq Qarabağda Ermənistan tərəfindən dəstəklənən qüvvələr bu yaxınlarda regionda baş vermiş silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozublar, bu da onlarla dinc sakinin həlak olmasına, yüzlərlə sakinin yaralanmasına, həmçinin evlərin və mühüm mülki infrastruktur obyektlərinin dağılmasına gətirib çıxarıb. Bu pozuntulara Ermənistan və Azərbaycan silahlı qüvvələrinin mülki əhalinin yaşadığı bölgələrdə qəsdən qeyri-dəqiq və hədəfi seçilməyən silahlardan, o cümlədən zərbə sahəsi böyük olan kasetli döyüş sursatlarından və qəlpəli-partlayıcı bombalardan dəfələrlə istifadə etməsindən ibarətdir, deyə “Atəş xəttində: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı qanunsuz açılan atəşlər nəticəsində dinc sakinlər arasında tələfat” başlıqlı məruzədə bildirilir.

Ekspertlər Ermənistan və Azərbaycan silahlı qüvvələrinin endirdiyi 17 atəş və zərbəni tədqiq ediblər. 2020-ci il sentyabrın sonlarında başlamış və noyabrın əvvəllərinə qədər davam etmiş 44 günlük münaqişə ərzində ən az 146 dinc sakin həlak olub.

Ermənistan silahlı qüvvələri qeyri-dəqiq əməliyyat-taktiki raketlərdən, idarə olunmayan reaktiv yaylım atəşi sistemlərindən (RYAS) və artilleriyadan istifadə edib. Azərbaycan ordusu da idarə olunmayan artilleriyadan və RYAS-dan istifadə edib. Açıq-aşkar dəlillərə baxmayaraq, hər iki tərəfin hakimiyyəti sıx məskunlaşmış rayonlara hədəf seçilmədən atəş açılmasını və kasetli döyüş sursatlarından istifadə olunmasını inkar ediblər.

Amnesty İnternational komandası bu atəşlər zamanı istifadə olunan silahların parçalarını təhlil edib və münaqişə zamanı çəkilmiş videogörüntüləri, fotoşəkilləri və peyk rəsimlərini tədqiq edib.

Ermənistan qüvvələrinin Azərbaycanın kənd və şəhərlərinə açdığı atəşlər nəticəsində 72 dinc sakin həlak olub.

Oktyabrın 17-də Gəncə şəhərində Muxtar Hacıyev küçəsi ərazisinə “Elbrus” əməliyyat-taktiki raketi (NATO təsnifatına görə SCUD-B) düşməsi nəticəsində 21 dinc sakin həlak olub, 50-dən çox sakin yaralanıb.

Oktyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Qarayusifli kəndinə kasetli bombalar atması nəticəsində 5 nəfər həlak olub, 14 nəfər yaralanıb, çox sayda evə ziyan dəyib.

Oktyabrın 28-də Ermənistan silahlı qüvvələri təmas xəttindən 20 km məsafədə yerləşən Bərdə şəhərinə reaktiv mərmilərlə zərbə endirib. Üç raket şəhər mərkəzinə düşüb. Onların ikisi xəstəxanaların yaxınlığına, üçüncü raket, 72 ədəd 9N235 kiçik döyüş sursatından ibarət 9M55 “Smerç” isə şəhərin mərkəzinə düşüb, 21 dinc sakinin ölümünə səbəb olub.

Sentyabrın 27-də Ermənistan qüvvələri Naftalan şəhəri yaxınlığında yerləşən Qaşaltı kəndinə artilleriya zərbəsi endirib, nəticədə 5 nəfər həlak olub.

Azərbaycan SQ-nin Dağlıq Qarabağ və Ermənistan ərazisində kəndlərə və şəhərlərə atəş açması nəticəsində 11 dinc sakin həlak olub.

Oktyabrın 4-də 4 Stepanakert sakini həlak olub və ona yaxın sakin yaralanıb. Qəlpələri tədqiq edən ekspertlər bunun reaktiv mərmi olduğunu hesab edirlər.

Oktyabrın 2-də şəhərə açılan digər bir atəş zamanı mühüm infrastuktur obyektləri, o cümlədən Xilasetmə Xidməti dağıdılıb, bir nəfər ölüb, 10 nəfər yaralanıb.

Sentyabrın 27-də Martuni şəhərinə 12 raket zərbəsi endirilib, bir nəfər həlak olub.

Sentyabrın 30-da Mardakertə zərbə endirilib, 3 sakin həlak olub.

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az