Hökumət “səssiz diplomatiya”dan imtina etməlidir

tərəfindən Gozetci

Anar Məmmədli

İkinci Qarabağ müharibəsinin nəticələrinə milli səviyyədə iki aparıcı yanaşma var.
Birinci mövqedə olanlar müharibənin nəticəsini tam qələbə hesab edir, amma Rusiya sülhməramlılarının statusu və Qarabağda yurisdiksiyanın bərqərar olmaması mövzusunda susmağa üstünlük verirlər.
İkinci mövqedə olanlar Rusiya sülhməramlı kontingentini gəlişini fəlakət sayır, Qarabağda mərkəzi hakimiyyətin yurisdiksiyasının tezliklə bərpa olunacağına inanmır və müharibədə əldə olunmuş qələbəyə skeptik yanaşırlar.
Hər iki mövqeyin həqiqət payı var. Amma məsələ mövqeyin tam əsaslı olub-olmaması deyil, siyasi reallığı, dövlətin gücü və cəmiyyətin potensialını ədalətli qaydada nəzərdə keçirilməsi zərurətidir.
Yəni indi 9 noyabrda ilişib qalmaqdansa, post-müharibə dövrü ilə bağlı qayğıları bölüşmək və gələcək üçün ağlabatan təkliflərin irəli sürmək faydalıdır. Beləliklə, hər kəs anlayır ki, Rusiya sülhməramlıları məsələsi bizim bölgənin acı siyasi reallığıdır. Bəs bu siyasi riski dəf edə bilərdikmi?
Fikrimcə, üç alternativ olub:
a) geniş hərbi əməliyyatlardan yayınmaq, kiçik və məhdud müharibəyə üstünlük vermək;
b) müharibəni sürətli bitirmək;
c) müharibə öncəsi və gedişində beynəlxalq dəstəyi artırıb bölgəyə çoxmillətli missiyanın gəlişini təmin etmək.
İlk iki variantın baş tutması üçün Ermənistan tərəfinin həm hərbi müdafiəsinin zəif olması, həm də güzəştlərə meylli davranması şərt idi. Amma qarşı tərəf həm hərbi, həm də siyasi müstəvidə sonadək dirəniş göstərdi.
Sonuncu variantın baş tutmaması iqtidarın beynəlxalq nüfuzu, diplomatik müstəvidə çoxtərəfli çalışmaması və diplomatik mübarizəni əsasən Ankara-Moskva arasında aparmasına bağlı idi.
Tutaq ki, Azərbaycan tərəfi Qarabağda hərbi əməliyyatları davam etdirib ermənilərin yaşadığı əraziləri nəzarətə götürdü, separatçıları zərərsizləşdi və mülki erməni əhalisi salamat şəkildə bölgəni tərk etdi.
Əvvəla, müharibə Rusiyanın təhriki və aktiv dəstəyi ilə uzanacaqdı, BMT Təhlükəsizlik Şurası yeni qətnamə qəbul edib qeyri-müəyyən perspektiv yaradacaqdı. Ardınca başlayan beynəlxalq təzyiqlərə dirəniş göstərmək, o cümlədən BMT TŞ-nın arzuolunmaz qətnaməsini önləmək üçün iqtidara həm diplomatik qabiliyyət, həm də beynəlxalq dəstək lazım olacaqdı. Əfsus ki, 44 günlük müharibədə iqtidarın bunları təmin edəcək resursları çatışmırdı.
Atəşkəs sənədinə haqlı etirazlar var.
 
Sənədə:
(a) münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində gələcək həlli;
(b) aralıq dövrdə mülki idarəçiliyin beynəlxalq qurumlara həvalə edilməsi;
(c) Qarabağda erməni separatistlərinin tam silahsızlanması;
(d) Sülhməramlı kontingentin statusu və səlahiyyətləri kimi məsələlər aydın şəkildə daxil edilməli idi.
Mənə görə bu müddəalar təsbit olunsaydı, Rusiya sülhməramlı kontingentinin varlığı təhlükə yaratmazdı.
İndi vaxtaşırı Rusiyanın Qarabağda mövcudluğu digər postsovet ölkələri ilə müqayisə olunur. Amma həmin ölkələrdən fərqli olaraq bizi üstün vəziyyətə gətirən şərtlər var:
1) 27 sentyabradək Azərbaycan ərazisinin 14 faizi işğal altında idi. Bununla da postsovet məkanında işğala məruz qalmış 4 ölkə arasında Azərbaycan Gürcüstandan (18 faiz) sonra ikinci yerdə idi. 
 
Təsəvvür edək ki, Rusiya Qarabağdakı 3200 kv km əraziyə sülhpərvər kimi deyil, işğalçı kimi gəlib. O zaman 4 postsövet ölkəsi arasında Azərbaycan ərazisinin ən az hissəsi – 3,6 faiz torpağında yurisdiksiyası olmayan ölkəyə çevrilib. Hazırda Ukrayna ərazisinin 7 faizi, Moldovanın isə 12 faizi Rusiyanın nəzarətindədir.
 
2) Rusiya 1992-ci ildən Gürcüstan və Moldovada hərbi qüvvələrini saxlayır. Ötən müddət ərzində bu dövlətlər Baltikyanı ölkələrin ardınca demokratik institutların formalaşması yönündə ciddi nailliyyət əldə ediblər. Bu siyahıya Ukraynanı da əlavə edək. Yəni qanunun aililiyi, azad seçkilər, şəffaf idarəçilik uğrunda mübarizəni ölkədə rus hərbçiləri olarkən də aparmaq olar. Növbəti 5 il ərzində 96 faiz ərazisi nəzarətimizdə olan ölkədə demokratik inkişafa nail olmasaq, bu daha ciddi faciə olacaq, nəinki Rusiyanın hərbi kontingentinin Qarabağda varlığı.
 
3) Bəli, Rusiya öz qonşularının NATO-ya üzvlüyündə maraqlı deyil. Amma Azərbaycanın belə niyyəti də yoxdur.
 
4) Rusiya Qarabağda sülhyaratma işini legitimləşdirmək üçün ya Azərbaycanla saziş imzalamalı, ya da BMT-dən mandat almalı idi. Heç biri baş verməyib. Belə davam edərsə, bir il sonra Azərbaycan vətəndaşları Rusiyanın hərbi mövcudluğunun işğal olub-olmamasını müəyyən etmək üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməli olacaq. Yaxşı olar ki, Azərbaycan tərəfi BMT standartlarına uyğun saziş layihəsi hazırlayıb tezliklə imzalanmasını təmin etsin.
 
5) Rusiyanın maddi imkanları Qarabağda erməni əhalinin maddi rifahı və sosial həyatını yüksək səviyyədə təmin olunacağına ümid yaratmır. Ortada Abxaziya, Osetiya və Dnestryanı ərazilərdə işsizlik və yoxsulluqla bağlı şikayətlərə dair örnəklər var.
 
6) Rusiya pasportlarının paylanması ilk növbədə Ermənistana sərf eləmir. 
Xatırladaq ki, Rusiyanın postsovet məkanında yerləşən 3 münaqişə ocağından fərqli olaraq, Qarabağla birbaşa torpaq bağlantısı yoxdur.
Rusiya pasportları erməni əhalisinin tədricən azalmasına, nəticədə münaqişədə ən mühüm faktor – demoqrafik duruma təsir edə bilər. Çünki Rusiya pasportu olan şəxs rahatlıqla Azərbaycana keçib üçüncü ölkələrə sığınacaq.
7) Nəhayət, bütün digər postsovet münaqişələrdən fərqli olaraq, bizim münaqişədə əsas opponentimiz yerli etnik icma deyil, müstəqil dövlət, yəni Ermənistandır. Bunun mənfi və müsbət tərəfləri var. 
Mənfi tərəfi budur ki, Ermənistandakı millətçi əhval-ruhiyyə danışıqlara təsir edəcək. 
 
Müsbət tərəfi budur ki, bu ölkə Avropaya inteqrasiya etdikcə, sosial rifah problemi önə çıxdıqca ərazi iddiası zəifləyəcək.
Hazırda iqtidardan əsas gözlənti müharibə boyu və sonrası aparılan “səssiz diplomatiya”dan imtina etməkdir. Yaxşı olar ki, hökumət yerli və beynəlxalq ictimaiyyəti postmüharibə planları və münaqişənin başa çatması yönündə strategiyasına dair dürüst və aydın şəkildə məlumatlandırsın.
Ən önəmlisi münaqişənin bundan sonra sülh yolu ilə həllinə dair ictimai diskursu yaradan və yönləndirən tərəfə çevrilsin.
 
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
Aqrument.az

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az