ASMMM vətəndaşların hüquq müdafiəçiəri tərəfindən təmsil edilməsini bərpa etməyə və amnistiya elan etməyə çağırıb

tərəfindən Gozetci

Azərbaycan Siyasi Məhbuslar Monitorinq Mərkəzi (ASMMM) bəyanat yayaraq, vətəndaşların məhkəmələrdə və digər hüquq-mühafizə orqanlarında hüquq müdafiəçiləri tərəfindən təmsil olunmasını bərpa etməyi təklif edib.

Sənəddə xatırladılır ki, 2018-ci il yanvarın 1-dən etibarən Azərbaycanda qüvvəyə minən qaydalara əsasən, adı çəkilən qurumlarda vətəndaşları yalnız Vəkillər Kollegiyasının üzvləri təmsil edə bilər. Beləliklə, hüquq müdafiə təşkilatlarının üzvləri təmsilçilikdən kənarlaşdırılıb.

“Yerli və beynəlxalq dekokratik ictimaiyyətin tənqidinə səbəb olan bu yenilik vətəndaşların hüquqlarının müdafiəsinin zəifləməsinə və vətəndaşların saxlanma yerlərində döyülməsi və onlara qarşı işgəncə faktlarının, ədalətsiz məhkəmə hökmlərinin, o cümlədən vətəndaşların bank müəssisələri ilə mübahisələrinə dair ədalətsiz hökmlərin sayının kəskin şəkildə artmasına gətirib çıxarıb”, deyə Elşən Həsənov Turan-a bildirib.

O hesab edir ki, hazırda vətəndaşların hüquq müdafiəçiləri və digər etibarlı şəxslər tərəfindən təmsilçiliyi institutunun bərpa edilməsi xüsusilə aktualdır.

“Bu gün, müharibə başa çatdıqdan sonra hərbi əməliyyatlar nəticəsində müxtəlif formalarda ziyan çəkmiş minlərlə insanın hüquqi yardıma ehtiyacı var, xüsusən, evlərinin dağılması ilə əlaqədar sığorta ödənişi, dövlət yardımı almaq, düşməndən dəyən ziyana görə təzminat almaq üçün iddiaların hazırlanması üçün”, deyə Həsənov bildirib.

Onun sözlərinə görə, ölkədəki kritik vəkil çatışmazlığı nəzərə alınmaqla, vətəndaşlara hüquq müdafiəçilərinin yardımından istifadə etmək imkanı verilməsi faydalı olardı.

Digər tərəfdən, ASMMM-nin bəyanatında deyilir ki, ölkənin Avropa Şurasına və BMT-nin İnsan Hüquqları Komitəsinə üzvlüyünü və bundan irəli gələn öhdəliklərini nəzərə alaraq, hökumət vətəndaşların fundamental hüquqlarını təmin etməlidir.

ASMMM hakimiyyəti hüquq müdafiə fəaliyyətini Avropa standartlarına uyğun olaraq tam həcmdə bərpa etməyə, QHT-lərin qeydiyyatı üçün əsassız maneələri və vətəndaş cəmiyyəti institutlarının işi üçün digər əngəlləri aradan qaldırmağa, geniş amnistiya elan etməyə çağırır.

“Bu tədbirlər hərbi qələbəyə nail olmaqla yanaşı, Azərbaycanı insan hüquqları və qanunun aliliyinin təmin edilməsi üzrə regionun liderinə çevirməyə imkan verərdi”, deyə Həsənov bildirib.

ASMMM 2014-cü ilin oktyabrında bir qrup keçmiş “vicdan məhbusu” tərəfindən təsis edilib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az