AXCP fəalının atası aclıq etdiyini deyir

tərəfindən Gozetci

İyulun 14-dən 15-nə keçən gecə Bakıda Milli Orduya dəstək yürüşünə görə həbs olunmuş Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarından Ramid Nağıyevin atası aclıq etdiyini bildirir. 59-yaşlı Zəkrulla Nağıyev deyir ki, tələbi həbsdəki siyasi məhbusların, o cümlədən oğlu Ramidin azadlığa buraxılmasıdır.

“Cinayət törətsəydi…”

Aksiyaya dekabrın 2-də günorta saatlarından başladığını bildirən Z.Nağıyev ailəsinə qarşı ədalətsizliyə başqa etiraz üsulu görmədiyinə görə bu addımı atmaq qərarına gəldiyini vurğulayır: “Başqa yol görmədim. Hesab edirəm ki, tələbimdə haqlıyam. Oğlum haqqında çıxarılmış qərarların heç biri ədalətli deyil. Dövlətin hüquq-mühafizə orqanları bu məsələyə ciddi yanaşsınlar, onların azadlığını təmin etsinlər. Onların günahı olsaydı, hələ istintaq dövründə sübut ortaya qoyardılar. Biz valideyn olaraq niyə bu zülmə düçar olmalıyıq? Niyə gedib türmə qapılarında vaxtımı itirməliyəm? Cinayət törətsəydi, cəzalanmasına heç bir etirazım olmazdı”.

AXCP Təşkilat şöbəsinin funksioneri olan 31-yaşlı R.Nağıyev iyulun 18-dən həbsdədir. Atası danışır ki, onu iş yerindən gəlib aparıblar: “Köhnə fəhlə paltarlarını dəyişməyə də imkan verilməyib. Tutulandan sonra iki aydan çox onunla ümumiyyətlə, əlaqə saxlaya bilmədik. Sonradan əlaqə quruldu, həftə bir dəfə danışmağa icazə verilir, 3-5 dəqiqə danışırıq. Amma ətraflı heç nə danışa bilmirik. Ancaq nə aparmaq lazımdırsa, onu deyə bilir. Əhvalını soruşanda bildirir ki, yaxşıdır. Bu da onun xarakterindən və peşəsindən irəli gəlir”.

“Dörd il xidmət etdi”

R.Nağıyev ali təhsilli hərbçi olub, uzun müddət leytenant rütbəsi ilə Naxçıvanda xidmət edib. Atası deyir ki, Ramidi günahsız həbs edənlər həm də Azərbaycana pislik ediblər. Çünki azadlıqda olsaydı, peşəkar hərbçi kimi, bugün öz ölkəsinə daha çox fayda verərdi: “Mənim qardaşım 90-cı illərdə Zəngilan ərazisindəki döyüşlərdə itkin düşüb. Bəlkə də onun təsiri idi, Ramid 8-ci sinifdə oxuyanda bir elan gətirdi, Naxçıvanski məktəbinə qəbulla bağlı. Oranı bitirdi, sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil oldu. Oranı da başa vurandan sonra leytenant rütbəsi ilə Naxçıvandakı hərbi hissələrdən birinə göndərildi. Dörd il xidmət etdi, onun iki il yarımını ermənilərlə üzbəüzdə, 25 metrlik məsafədə səngərdə oldu…”.

Z.Nağıyev özü də AXCP üzvüdür. Hesab edir ki, ailəsinin qarşılaşdığı məhrumiyyətlərin yeganə səbəbi cəbhəçi olmalarıdır. O, yada salır ki, bu, Ramidin siyasi baxışlarına görə ilk həbsi deyil: “Bundan əvvəl keçən il 19 oktyabr mitinqində həbs olunmuşdu. Ümumiyyətlə, o qədər inzibati qaydada həbs olunub ki, sayını-hesabını da itirmişəm. Haradasa altı-yeddi dəfə olar…”.

Z.Nağıyev sonda vurğulayıb ki, özünə qəsd eləmək niyyətində deyil. Amma oğlunun və başqa günahsız məhbusların azadlığı üçün başladığı aksiyanı gücü çatdığı qədər çox davam etdirmək fikrindədir.

Azadlıq Radiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az