Polad Aslanova 16 il həbs kəsildi

tərəfindən Gozetci

xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanov 16 il azadlıqdan məhrum edildi. Noyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında belə hökm çıxarılıb. Hökmə əsasən, P.Aslanov dövlətə xəyanətdə – İranın xüsusi xidmət orqanlarına casusluqda suçlu bilinib.

Amma P.Aslanov özünü təqsirli bilmir, ittihamın da saxta olduğunu deyir. O, hökmdən öncə son sözündə də bildirib ki, Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının Məşhəd, Kərbəla ziyarətlərinə gedən zəvvar qruplarından rüşvət alması barədə yazılarına görə cəzalandırılıb.

Onun sözlərinə görə, qrup rəhbərləri hər zəvvara görə 10-15 dollar rüşvət ödəməyə məcbur edilir: “Məndən o yazıları saytdan çıxarmaq tələb olunurdu. Onlara baş əymədiyimə, həmin korrupsiya yazılarını silmədiyimə görə məni bu şəkildə şərləyib cəzalandırdılar. Məhkəmə də göstərdi ki, o ittiham boş sözdən başqa bir şey deyil”.

P.Aslanov son sözündə ona bəraət verilməsini, ailəsinə və vəkilinə qarşı təzyiqlərə görə onlardan üzr istənilməsini tələb edib.

Təxminən beş dəqiqəlik müşavirədən sonra hakim Faiq Qəniyev onun 16 il azadlıqdan məhrum olunması haqda hökmü elan edib.

P.Aslanovun həyat yoldaşı Gülmirə Aslanova AzadlıqRadiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.

Azadlıq radiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az