Həbsdə olan cəbhəçinin durumu ilə bağlı şübhələr var

tərəfindən Gozetci

[:az]

Ramid Nağıyev

Ailə üzvləri və vəkili ilə görüşə bilməyən Ramid Nağıyevi öz məhkəməsinə də gətirməyiblər

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Təşkilat Komitəsinin üzvü Ramid Nağıyevin həbsindən bir aydan çox vaxt keçir. Amma o, hələ də nə vəkili ilə görüşə bilib, nə də ailə üzvlərilə. Partiyanın mətbuat xidmətindən Meydan TV-yə verilən məlumatda bildirilir ki, Ramid Nağıyevin ailə üzvlərilə həftədə iki dəfə telefonla danışmaq hüququ da təmin olunmur.

Avqustun 27-də Nəsimi Rayon Məhkəməsində Ramid Nağıyevin ev dustaqlığına buraxılması barədə onun vəkilinin vəsatətinə baxılmalıydı. Vəkil Aqil Layıc məhkəmə baxışında hüquqlarını müdafiə etdiyi şəxsin özünün də iştirakını istəyib. Lakin cəbhəçi gənci məhkəməyə gətirməyiblər. Bu üzdən vəkil məhkəmə prosesinin təxirə salınmasını istəyib, vəsatətə müvəkkilinin iştirakı olmadan baxılmasına etiraz edib. Məhkəmə təxirə salınıb.

Ramid Nağıyev iyulun 18-dən həbsdədir. O, Qarabağa dəstək yürüşü ilə bağlı cinayət işi üzrə təqsirləndirilir. Barəsində Nəsimi Rayon Məhkəməsinin qərarıyla ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

“Məhkəmənin qərarında onun istintaq dövründə saxlanma yeri kimi Bakı İstintaq Təcridxanası göstərilsə də, Ramid Nağıyev o vaxtdan Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində saxlanılır. Orada əsasən vərəmli məhbuslar saxlanılırdı. Pandemiya dövründə koronavirusa yoluxanlar da ora köçürülürdü. Ramid Nağıyevin həbsinin ilk günlərində məlumat gəldi ki, ona ağır işgəncələr verilib. Elə vəziyyətdə olub ki, onu Bakı İstintaq Təcridxanasında qəbul etməyiblər. Bu səbəbdən İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb. Bizdə məlumat var ki, iyulun 30-da, avqustun 12-də ondan COVİD-19 testləri götürülüb, neqativ çıxıb. Belə olan halda, onu niyə orada saxlayırlar? Ramid Nağıyevin öz məhkəməsinə gətirilməməsi onunla bağlı şübhələri də artırır”, – deyə partiyadan bildirilb.

Ramid Nağıyevin atası Zəkirulla Nağıyev də oğlunun ailəsi və vəkili ilə görüşmək, telefonla danışmaq hüququnun pozulduğunu bildirib: “Nə telefonla danışa, nə də görə bilirik…”

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən isə bildirilib ki, həbs yerlərindəki şəxslərin saxlanma yeri, hara köçürülməsi haqda yalnız ailə üzvlərinə məlumat verilə bilər.

İyulun 14-də keçirilən Qarabağa dəstək yürüşünə görə AXCP-nin 17 fəalı həbs olunub. Onların arasında partiyanın Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Asif Yusifli, Bəxtiyar İmanov və Ayaz Məhərrəmli də var. Fuad Qəhrəmanlı və Məmməd İbrahimə həm də dövlət çevrilişinə cəhd ittihamı verilib.

AXCP bu ittihamların yalan olduğunu, partiya üzvlərinə qarşı repressiyaların Prezident İlham Əliyevin iyulun 15-də Nazirlər Kabinetinin iclasında Xalq Cəbhəsi barədə səsləndirdiyi nifrət nitqindən qaynaqlandığını bəyan edib. İlham Əliyev sözügedən çıxışında AXCP üzvlərini “ermənidən betər düşmən” adlandırmışdı.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az