[:az]Azərbaycan ictimaiyyəti Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin ailə üzvlərinin gözlənilmədən cəzalandırılmasını müzakirə edir və həmin şəxslərə qarşı sistemin humanistliyini qeyd edir. Hamının yadındadır ki, hər gün telekanallarda qadağan olunmuş toy və yas mərasimlərinin iştirakçılarının polis bölmələrində sıraya düzüldüyünü, sadə insanların böyük cərimələrlə cəzalandırıldığını nümayiş etdirirlər. Novxanıda qalmaqallı toyun iştirakçılarından isə yalnız iki təşkilatçı cəzalandırılıb.
Ramiz Mehdiyevin nəvəsinin toyunun iştirakçıları ilə bağlı ilk hadisə deyil. Bu il və öncəki illərdə keçmiş yüksək rütbəli məmurlar vaxtından əvvəl azadlığa buraxıldılar. Digərlərinin məhkəməyədək həbsdə saxlanılması ev məhbusluğu ilə əvəz edildi. Halbuki, Azərbaycanda məhkəmələr müxalifətçi siyasi xadimlərin cəzalandırılmasını humanistləşdirməkdən imtina edirlər. Müsavatçı Tofiq Yaqublu həbsdə saxlanılır, hərçənd ki, məhkəmə iclaslarına evdən gələ bilər. Nəsimi Rayon Məhkəməsi Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü Ayaz Məhərrəmovun ev məhbusluğuna dair vəsatətini təmin etməyib.
Hüquqşünas Xalid Ağəliyev Turan-ın suallarını cavablandırarkən o fikirlə razılaşıb ki, Azərbaycanda yurisprudensiya hüquq pozucularına qarşı seçici münasibət sərgiləyir. Məhkəmə qərarlarında ictimai status, vətəndaşların hazırki və keçmiş vəzifələri əhəmiyyət daşıyır.
“Ümumiyyətlə, cəzaların yumşaldılması – məhbusların vaxtından əvvəl azad edilməsi, məhkəməyə qədər həbsin alternativ cəzalarla əvəz edilməsi konkret olaraq indiki, imtiyazlı kateqoriyaya daxil olan hüquq pozucularına tətbiq edilən selektiv hal sayılır. Lakin mən cəza seçiminin bu cür tətbiqini qanunsuz hesab etmirəm. Qanunvericilik sadalanan yumşaltmaları aydın göstərir. Qanunlarda göstərilmir ki, hər hansı bir cinayət əməlinə görə mütləq 15 il azadlıqdan məhrumetmə və ya 7 il cəza təyin olunmalıdır. Əgər istintaqa təhlükə yoxdursa, müttəhim təhqiqata mane olmazsa, məhkəməyə qədər onun həbs edilməsi üçün qanuni əsas yoxdur. Əgər, 7 il cəza alan şəxs 4 il cəza çəkibsə, onun vaxtından əvvəl azad edilməsi məsələsi də qanunsuz deyil. Lakin siyasi çalarlara malik işlərdə adətən ittiham barədə tam məlumat olmur. Təbii ki, cəmiyyət şübhəli məhkəmə sistemi tərəfindən çıxarılan qərarlardan şübhələnir. Ədalətli məhkəmə sistemində belə bir şübhələr olmur.
Hüquqşünas hesab edir ki, bu məsələnin müzakirəsini Avropa məhkəməsinin Azərbaycan üzrə qərarları baxımından keçirmək lazımdır.
“AİHM belə qənaətə gəlib ki, Azərbaycanla bağlı işlərin əksəriyyəti məhkəməyə qədərki mərhələdən başlayaraq qanunsuzdur. Avropa məhkəməsinin şikayətlərə baxılmaq üçün qəbul etdiyi işlərdə amansız hökmlərin çıxarılması qeydə alınır. Hökmlərin çıxarılması zamanı bu kateqoriyaya aid şəxslərə humanist münasibətin tətbiqi yaxşı olardı”, – deyə Xalid Ağəliyev deyib.
O, qeyd edib ki, cəzalarla bağlı açıq şəkildə ayrı-seçkilik siyasəti bilərəkdən Azərbaycan məhkəmə icraatının bitkin olmadığını göstərir.
“Cəza siyasətinin hökumətdə vəzifə tutanlara qarşı humanist olması, hökumətin əleyhinə olanlara, müstəqil xadimlərə qarşı isə amansız olması ciddi problemdir. Belə yanaşma yolverilməzdir. Qanun hamıya humanizmin eyni prinsipləri əsasında tətbiq olunmalıdır”, – Xalid Ağəliyev qeyd edib.
Hüquqşünas Samir Əliyev isə onunla razı deyil. O, Turan-ın sualının cavabında deyib:
“Ölkədə din, irq, vəzifə və digər xüsusiyyətlərdən asılı olmayaraq hamı qanun qarşısında bərabərdir. Əgər kiməsə güzəşt tətbiq edilirsə, bunu bütün hüquq-mühafizə sisteminə aid etmək olmaz. Qanunun aliliyini qoruyan məmurlar və hakimlər var”.
“Ədalətsiz və qanunsuz qərarlar qəbul edənlər isə gec-tez ifşa olunacaqlar, ədalət zəfər çalacaq”, – deyə vəkil Samir Əliyev fikrini yekunlaşdırıb.[:]