Asif Yusifli: ‘Heç bir qanunsuz hərəkət etməmişəm’

tərəfindən Gozetci

Qarabağa dəstək yürüşünə görə həbs olunan Qarabağ əlili, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Asif Yusifli deyir ki, heç bir qanunsuz hərəkət etməyib. İyulun 14-dən 15-nə keçən gecə yürüşdə də ancaq “Qarabağa azadlıq!”, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirib. Bu barədə o, iyulun 29-da Bakı Apellyasiya Məhkəməsində danışıb.

Məhkəmədə A.Yusifli haqqında həbs qərarından verilmiş apellyasiya şikayətinə baxılıb. Yürüş zamanı təxribatlar yaratmaqda suçlanan A.Yusiflinin barəsində Nəsimi Rayon Məhkəməsinin qərarıyla ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Şikayət də həmin qərardan verilib.

A.Yusiflinin vəkili Nemət Kərimli onun həbsi üçün əsaslar olmadığını bildirib. AXCP fəalının ailə durumunun ağır olmasını, sağlamlığını Qarabağ uğrunda döyüşlərdə itirməsini vurğulayan vəkil istintaq dövründə onun azadlıqda qalmasını istəyib.

A.Yusifli özü də bildirib ki, həbsi qanunsuz və əsassızdır. Çünki həmin gün baş verən təxribatlarda iştirak etməyib – nə Milli Məclisin binasına daxil olub, nə də polis maşınının aşırılmasında rolu olub. Onun sözlərinə görə, kütlə ilə birlikdə Şəhidlər Xiyabanından sonra parlamentin qarşısındakı dayanacağın yanına gəlib, oradan da çıxıb evinə gəlib. Bir qrup şəxs Milli Məclisin binasına daxil olanda isə heç həmin ərazidə olmayıb.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədov A.Yusifli haqqında həbs-qətimkan tədbiri seçilməsi haqda qərarı qüvvədə saxlayıb.

Qarabağa dəstək yürüşünə görə həbs olunmuş daha bir cəbhəçi İsmayıl Həsənovun da şikayətinə baxılıb. Onun haqqındakı həbs qərarını isə Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzov əsaslı sayaraq qüvvədə saxlayıb.

AXCP fəallarının vəkilləri AzadlıqRadiosuna bildirib ki, onların ev dustaqlığına buraxılması üçün də ayrıca vəsatət verəcəklər. Əgər məhkəmələr bu vəsatətlərə də “yox” desə, o halda cəbhəçilərin Avropa Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq) maddəsi ilə təminat verilən hüquqlarının pozuntusundan Avropa Məhkəməsinə şikayət göndərəcəklər.

Azadlıq Radiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az