[:az]Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupunun son hadisələrlə bağlı açıqlaması[:]

tərəfindən Gozetci

[:az]12-14 iyul tarixlərində Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan tərəfi itki verib, hərbi və mülki şəxslər şəhid edilib, həmçinin xeyli sayda yaralananların olduğu haqda məlumat var. Baş verənləri ölkə əhalisi hiddətlə qarşılayıb, bir sıra şəhər və rayonlarda əhali kütləvi şəkildə küçələrə çıxıb səfərbərlik, ordu ilə həmrəylik və ərazi bütövlüyünə dəstək şüarları səsləndirib, yürüş edib. Belə aksiyalardan biri 14 iyul 2020-ci ildə axşam saatlarında Bakıda baş verib. Hər hansı təşkilatçı olmadan insan kütlələri küçələrə axışaraq Şəhdilər Xiyabanına dinc yürüş edib, Qarabağ, ordu və s. barədə şüarlarlar səsləndiriblər. Lakin 14 iyuldan 15 iyula keçən gecə kiçik bir qrup Milli Məclisin inzibati binasına daxil olub, ordakı avadanlığa zərər vurub, eyni zamanda, polis avtomobili aşırılıb. Nəticədə hadisə yerinə gətirilən polis qüvvələri nümayişçiləri su şırnağı və dəyənəklərdən istifadə etməklə dağıdıb. Aksiya iştirakçılarından xəsarət alanlar var.

 

İyulun 15-də prezident İlham Əliyev hökumətin iclasında bu məsələyə də toxunub və baş verənlərdə konkret olaraq müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) ittiham edib. Çıxışdan sitat: “Mənə verilən məlumata görə, dünən bəzi müxalif qurumlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri o kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar. Qanunu pozanların arasında onlar da var, onlar indi müəyyən olunublar. Mən bir daha xəbərdarlıq edirəm, odla oynamasınlar Bu məsələ milli məsələdir. Heç nəyə baxmayacağıq, kim nə dedi, hansı şura, hansı Avropa Şurası, hansı təşkilat”. Dövlət başçısı aidiyyəti qurumlara bu hadisənin araşdırılması üçün göstəriş verdiyini, baş verənlərdə AXCP fəallarının da iştirakı açkar olunacağı halda, sərt cəzaların qaçılmaz olduğunu bildirib: “Əgər dünənki hadisələrdə onların əli varsa, bizim qətiyyətimizi görəcəklər. Onlar ermənilərdən də pisdirlər. Erməni açıq düşməndir. Oturub orada, bunlara görə torpaqlarımızı işğal edib. Bu Xalq Cəbhəsinin fərarilərinə görə bu gün o torpaqlardadır. Amma bu, oturub bizim içimizdə. Xaricdən pul alır, təlimat alır, mühiti zəhərləyir, bizim təmiz havamızı üfunət iyi ilə çirkləndirir və belə məqamlarda dövlətin yanında yox, düşmənin yanındadır”.

 

“Beşinci kolon”un nümayəndələri”, “satqınlar”, “yaramaz ünsürlər”, “Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri” kimi ifadələrdən yararlanaraq, siyasi opponentlərinin ünvanına sərt ittihamlar və təhdidlər səsləndirib: “Bunların dərsini vermişik, verəcəyik. Heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək”,  “Biz bunların nazı iləmi oynayacağıq? Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır…”, “Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir” .

 

Ölkə başçısı Demokratik Qüvvələrin Milli Şurasını da nəzərdə tutaraq, qurumu “çirkin antimilli şura” adlandırıb, rəhbəri Cəmil Həsənlini isə “İndi oturub orada (Amerikada), xarici pullarla vəziyyəti qarışdırmaq istəməkdə” ittiham edib.

 

İ.Əliyev hüquq-mühafizə orqanlarına onların bu günlər ərzində sosial şəbəkələrdə çıxışlarını təhlil etmələri, orada cinayət tərkibi varsa, hamısının cinayət məsuliyyətinə cəlb edilməsi barədə göstəriş verdiyini bildirib.

 

Bu çıxışdan dərhal sonra AXCP-nin 7 fəalı saxlanıb. AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi və keçmiş siyasi məhbus Asif Yusifli, fəallar Mətanət Turan (Mahmarzayeva), Fərid Əsədov, Məhəmməd İmanlı və Elvin Məmmədov 14-15 iyul Bakıdakı Qarabağ yürüşündə iştirak etdikləri üçün saxlanılıb polis bölmələrinə aparılıblar. Arif Paşayev “Tovuz döyüşləri” barədə sosial şəbəkədəki müzakirələrdə fəal iştirak etdiyinə görə 30 sutka, Elvin Bəhmənoğlu isə Masallıda şəhid mayor Anar Novruzovun dəfnində iştirak etdiyinə görə 15 sutka müddətinə inzibati həbs edilib.

 

Bundan başqa, çoxlu sayda digər şəxslərin də Bakıda və digər şəhər və rayonlarda xeyli sayda insanların saxlanılaraq polis bölmələrinə aparıldığı, orada qeyri-insani şəraitdə saxlandığı, fiziki və psixi basqılara məruz qaldığı barədə məlumatlar var. Aksiyanı işıqlandıran jurnalistlər Anar Abdulla və Firudin Səlimov, ictimai fəal Elvin Cəbizadə də saxlanılanlar arasındadır. Tutulanların milli və beynəlxalq qanunvericiliklə təminat verilən bir sıra təməl hüquqları kobud şəkildə pozulub.

 

15 iyul 2020-ci ildə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə bəyanat yayaraq, iyulun 15-i gecə saatlarında baş vermis təxribat hərəkətləri nəticəsində “7 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirildiyini, 2 xidməti avtomobilin aşırılaraq yararsız hala salındığını, daha 13 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulduğunu” bildirib. Məlumatda fakt üzrə Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 220-ci (kütləvi iğtişaş) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparıldığı, aksiya iştirakçılarından bəzilərinin saxlanıldığı əks olunub. Təəssüf ki, məlumatda həbs olunanlar və onların harada saxlanmaları barədə heç bir məlumat verilmir. Saxlanılanların vəkillərinin, yaxınlarının, həmçinin ictimaiyyətin bu barədə hüquq-mühafizə orqanlarından məlumat almaq cəhdləri isə uğursuz nəticələnib.

 

Yuxarıda qeyd olunanları nəzərə alaraq İşçi Qrup:

 

– İyulun 15-i gecə saatlarında Milli Məclisin qarşısında baş verən hüquq pozuntuları ilə bağlı obyektiv və qərəzsiz araşdırma aparılmasını;

 

– Saxlanılanların müdafiəçiyə çıxış və yerli və beynəlxalq hüquqla təminat verilən haqlarının təmin edilməsini;

 

– Hakimiyyətin öz opponentlərini qanunsuz cinayət təqiblərinə məruz qoymaq praktikasına dərhal son qoyulmasını, heç bir günahı olmadıqları halda siyasi motivlərlə həbs olunan bütün fəalların dərhal azad olunmasını tələb edir.

 

İşçi Qrup son dövrlər Prezident İlham Əliyevin kütləvi çıxışlarında nifrət nitqlərinin praktikaya çevrilməsindən xüsusi narahatlığını bölüşməklə yanaşı, bu cür ritorikanın demokratiya, hüququn aliliyi və insan haqlraına zidd olduğunu bəyan edir.

 

İşçi Qrup Azərbaycan hakimiyyətini insan hüquq və azadlıqları ilə bağlı ölkənin üzərinə götürdüyü öhəlikləri yerinə yetirməyə, açıq xarici təhdid qarşısında ölkədə gərginliyin artmasına səbəb olan addımlardan çəkinməyə, siyasi mühiti sivil müstəviyə qaytarmağa, hüquq-mühafizə orqanlarını və məhkəməni siyasi təqiblərə alət etməməyə, ölkədəki siyasi məhbusları dərhal azad etməyə çağırır.

 

17 iyul 2020-ci il

 

 

 [:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az