[:az]Əsgərin qohumları prokurorluğu təkzib edirlər[:]

tərəfindən Gozetci

[:az]Baş Prokurorluq hərbi qulluqçu Fərdi Yarəliyevin ölümü  ilə bağlı məlumata dair bəyanatla çıxış edib.

Baş Prokurorluq KİV-i həqiqətəuyğun olmayan məlumatları və dəqiqləşdirilməmiş informasiyaların yayılmaması barədə xəbərdarlıq edib.

Qurum bu xəbərdarlığı hərbi xidmətdə olarkən vəfat etmiş Quba rayonu Üçgün kənd sakini Fərdi Yarəliyev haqqında KİV-lərdə gedən xəbərlərə görə edib. “Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində hərbi xidmətdə olarkən Alazan çayında suda batması nəticəsində həlak olmuş Quba rayonu Üçgün kənd sakini Fərdi Yarəliyevin meyiti üzərində guya zorakılıq əlamətlərinin aşkar olunması barədə yalan məlumatlar yayılıb”, – məlumatda deyilir.

Prokurorluq media orqanlarında gedən qeyd olunmuş məlumatları təkzib edib: “KİV tərəfindən süni ajiotaj yaratmaq məqsədilə ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur”.

Qurum qeyd edir ki, Dövlət Sərhəd xidmətinin N saylı hərbi hissəsindən Zaqatala Hərbi Prokurorluğuna əsgər Fərdi Yarəliyevin Alazan çayında suda bataraq ölməsi barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, müvafiq ekspertizalar təyin edilib, şahidlər dindiriliv və digər hərəkətlər icra edilib. Fakt üzrə Zaqatala Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.1-1-ci (qulluğa səhlənkar yanaşma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq peşəkar prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılmış və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.

Prokurorluq əlavə edir ki, mərhum Fərdi Yarəliyevin meyitinin xarici və daxili mayinəsi zamanı bədən səthində hər-hansı bir xəsarət və ya xəsarət izləri aşkar edilməyib.

Fərdi Yarəliyevin dayısı Xamis Yarəliyev Turan-a bildirib ki, Fərdinin Alazan çayında çimərkən boğulması haqqında məlumatlara inanmır: “O, bizə həmin gün, yəni iyulun 8-də saat 13:20-də zəng vurmuşdu. Postda idi. Bizimlə danışanda qıraqdan “telefonu söndür” deyən kiminsə səsi gəldi. Bundan sonra danışığımız kəsildi, biz geri yığdıq telefon bağlı idi. Sonra bizə xəbər verdilər ki, Fərdi çayda batıb. Postda olan adam necə çayda bata bilər”.

X. Yarəliyevin sözlərinə görə, Fərdi Alazan çayında çimmirdi: “Anası ona dönə-dönə çayda çimməməyi tapşırmışdı. Fərdi isə deyirdi ki, nəyin ki çimmək, bu çaya girmərəm heç”.

Ölən əsgərin dayısı əlavə edib ki, əsgərin meyitini gətirən şəxslər onlara heç bir sənəd təqdim etməyiblər. “Heç bir sənəd vermədilər. Eləcə meyiti qoyub getmək istəyirdilər. Belə əsgər gətirərlər? Biz meyiti açanda gördük ki, başında yara var, elə bil küt əşya ilə vurublar. Ağzını da qumla doldurublar ki, guya çayda batıb. Hamısını videoya çəkmişik. İndi Bakıya prokurorluğa gedirik, oradan da Zaqatalaya”, – H.Yarəliyev bildirib.

Hüquqşünas Samirə Ağayeva istintaq orqanlarının KİV-ə xəbərdarlıq etməsi ilə bağlı Turan-a bildirib ki, bu hal senzuranı yaradır. “İstintaq orqanları, o cümlədən prokurorluq media orqanlara hər hansı hadisəni işıqlandırmağa görə xəbərdarlıq edə bilməz. Çünki jurnalistlərin vəzifəsi məhz məlumatı toplayıb əməkdaşlıq etdiyi media orqanı vasitəsilə onu işıqlandırmaqdan ibarətdir. Buna heç bir orqan qarışa bilməz və bu baş verirsə, bu, artıq senzuraya oxşayır. Bu, həm “KİV haqqında” qanunun, həm də “İnformasiya əldə etmək haqqında” qanunun, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının və Avropa İnsan Hüquqları Konvensiyanın 10-cu maddəsinin pozulması deməkdir”, – o bildirib.

Hüquqşünas qeyd edib ki, KİV hər hansı nöqsanlara yol veribsə prokurorluq araşdırma aparmalıdır. “Əgər araşdırma zamanı hər hansı qanun pozuntusu aşkar olunarsa məsuliyyətə cəlb edilməsi ilə bağlı qətnamə çıxarılır. Lakin istintaq orqanları tərəfindən media resurslara xəbərdarlıq edilməsi KİV üzərində nəzarət xarakteri daşıyır və senzuradır”, – S.Ağayeva bildirib.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az