[:az]İki gün öncə, iyunun 25-də Gəncə şəhərində saxlandığı bildirilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının(AXCP) üzvü Firdousi Əmrahovun sərbəst buraxıldığı açıqlanıb.
Bu barədə məlumatı AzadlıqRadiosuna F. Əmrahovun özü də təsdiqləyib.
F. Əmrahovun sözlərinə görə, o iyunun 25-də səhər saatlarında Gəncədə saxlanıb və ondan mobil telefonunu təqdim etmək tələb olunub:
“Bir neçə gün polis əməkdaşları məni araşdırırıb, barəmdə qonşulardan soruşulub. Mən bu barədə xəbər tutan kimi Gəncə Şəhər Baş Polis İdarəsinə getdim. Orada məni qəbul etdilər və “məni niyə araşdırırlar” sualını verdim”
F.Əmrahovun vurğulamasına görə, sonra mobil telefonumun markasını soruşublar və telefonu onlara təqdim etmələrini istəyiblər:
“ Dedim ki, telefonumu evdə qoymuşam və telefonum smartfon deyil, adi düyməli telefondur. İnanmadılar. Bundan sonra məni Kəpəz Rayon Polis İdarəsinə aparıblar. Orada da mobil telefonumla əlaqədar eyni suallar veriblər, kompüterim olub-olmadığını soruşublar. Cavab verdim ki, kompüterim yoxdur. Daha sonra evdən telefonumu gətirdilər. Məlum oldu ki, düz danışıram”.
AXCP üzvü deyir ki, onu sosial şəbəkələrdə “Firdousi Əmrahov” adlı hesabında yerləşdirilmiş paylaşımlara görə saxlayıblar:
“Polislərdən bütün bunun nəyə görə baş verdiyini soruşanda “Facebookda paylaşımlar etmisən” cavabın verdilər. Heç nəyi paylaşmadığımı, mənim adımdan kimsə hesab açdığını desəm də fikir vermədilər və məni Bakıya aparacaqlarını bildirdilər”.
Fəal qeyd edib ki, onu Gəncədən Bakıya adını dəqiqləşdirə bilmədiyi bir polis idarəsinə gətiriblər:
“Qapıdan girəndə qızdırmamı ölçdülər,…”
“Qapıdan girəndə qızdırmamı ölçdülər, yüksək olduğuna görə, idarəyə buraxmadılar və üç əməkdaş mənimlə çöldə danışdılar. Mənə dedilər ki, “söyüşlərlə, təhqirlərlə dolu videoları paylaşırsan”. Yenə dedim ki, belə şeyləri paylaşmamışam, kimsə bunu mənim adımdan edib və təhqir partiyamızın xəttinə ziddir. Biz həmişə təhqirlərin əleyhinə olmuşuq. Onlar dedilər ki, bunu kameraya deməliyəm və video çəkiliş aparacaqlar. Əvvəl etiraz bildirsəm də, sonra razılaşdım. Bundan sonra məni elə iyunun 25-də gətirildiyim maşına mindirdilər və Gəncəyə qaytardılar, sərbəst buraxıldım. Mənə qarşı heç bir fiziki təzyiq olmayıb, normal davranıblar”.
Bu deyilənlərə, hələlik, Gəncə Şəhər Baş Polis İdarəsi və Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
Azadlıq Radiosu[:]