[:az]AXCP fəalı barəsində terrorçuluğu maliyyələşdirmə ittihamı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib[:]

tərəfindən Gozetci

[:az]

Niyaməddin Əhmədovun Bakı İstintaq Təcridxanasında saxlanıldığı bildirilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, partiya sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədovun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu barədə Nəsimi Rayon Məhkəməsində qərar çıxarılıb. AXCP-dən Meydan TV-yə bildirilib ki, N.Əhmədova qarşı Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə) maddəsilə ittiham irəli sürülüb. Hazırda cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində aparılır. Əgər ittiham təsdiqini tapsa, o, əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər. N.Əhmədov hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

N.Əhmədov aprelin 15-də İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinı rejimin, karantin rejiminin pozulması) maddəsilə 30 sutka inzibati həbs cəzası almışdı. Lakin üzvü olduğu partiyadan onun saxlanılarkən evdən çıxmaq üçün SMS-icazəsi olduğu, N.Əhmədovun saxlandıqdan sonra Xətai Rayon Polis İdarəsində işgəncəyə məruz qaldığı açıqlanmışdı. Daha sonra məlumat yayıldı ki, N.Əhmədov təcridxanada 30 sutkalıq cəzanı çəkdiyi vaxt onun başına torba keçirib, DTX-ya aparıblar. Orada ondan işgəncə altında partiya sədri Əli Kərimlinin əleyhinə ifadə almağa cəhd göstərilib. Binəqədi təcridxanasına qaytarılandan sonra isə o, tək saxlanılıb. Bir müddət sonra onun yenidən DTX-ya aparıldığı, vəkili ora getsə də, ona müvəkkili ilə görüşməyə icazə verilmədiyi haqda məlumatlar yayılmışdı.

N.Əhmədova verilmiş 30 sutkalıq inzibati həbs cəzası mayın 15-də axşam saat 22.00-da başa çatsa da, onu buraxmamışdılar.

“Mayın 15-də saat 21 radələrində Binəqədidə inzibati qaydada həbs olunanların saxlandığı təcridxananın qarşısına gedib, onun çıxmasını gözləyiblər. Amma gecə yarısına qədər çıxmayıb. Təcridxanadan bu haqda soruşanda isə deyiblər ki, “buraxılıb”. Amma yalandır, çünki xeyli əvvəldən gözləyiblər, Niyaməddin buraxılmayıb. Mayın 16-da səhər saatlarında isə məlumat aldıq ki, onu əvvəldən Dövlət Təhlükəsizliyi Xidmətinə təhvil veriblər”, – AXCP-dən bildirilib.

Partiya bəyan edib ki, N.Əhmədova qarşı ittiham saxtadır və AXCP-yə, onun sədri Ə.Kərimliyə qarşı təzyiqlərin tərkib hissəsidir.

Ötən il Milli Şuranın şəhərin mərkəzində keçirdiyi 19 oktyabr mitinqində Ə.Kərimli tutularkən son ana qədər onun yanında olanlardan biri N.Əhmədov idi.

“Həmin vaxt Əli Kərimlinin yanında olan şəxslərdən Tofiq Yaqublu və Niyaməddin Əhmədov həbs edilib, Aqil Hümbətov psixiatriya xəstəxanasına salınıb”, – deyə AXCP-dən bildirilib.

N.Əhmədovun inzibati həbs cəzasını çəkdiyi dövrdə onun DTX-ya aparılıb işgəncə verilməsi haqda xəbərlərdən sonra məlum oldu ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində AXCP ilə bağlı istintaq aparılır. Partiya üzvü, şairə Səadət Cahangirin bildirdiyinə görə, onun evinə qazı yoxlamaq adıyla daxil olan əməliyyatçılar axtarış aparıb. Onun telefonlarını, kompüterini, evdə olan 300 dollar və 300 avro pulunu götürüb, özü ilə birlikdə istintaq idarəsinə aparıblar. Orada təxminən dörd saatlıq dindirmədən sonra özünü buraxsalar da, əşyalarını və pulunu qaytarmayıblar.

Azərbaycanda karantin rejimi tətbiq olunandan bu yana AXCP-nin 20-yə yaxın üzvü həbs olunub. Partiya sədri Ə.Kərimlinin özünün və evindəki ailə üzvlərinin telefon rabitəsi və internet imkanları məhdudlaşdırılıb. Beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası baş verənləri “hakimiyyətin pandemiya dövründə müxalifətə qarşı repressiyası” kimi qiymətləndirib.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az