[:az]Səadət Cahangir: Media kartımı niyə saxladıqlarının səbəbi indi də mənə məlum deyil[:]

tərəfindən Gozetci

[:az]Mayın 1-də “Azadlıq” qəzetinin əməkdaşı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Səadət Cahangir Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsində şahid qismində dindirilib. Jurnalist “Amerikanın Səsi”nə müsahibəsində indiyədək hansı cinayət işi üzrə şahid qismində dindirildiyini bilmədiyini deyib.

“Mayın 1-də evimin qapısını bir nəfər döyərək qaz sayğacına baxmalı olduğunu dedi. Mən qapını açdım. Bu zaman 4 nəfər qəflətən evə daxil oldu. Dedilər ki, prokurorluqdanıq, evinizə baxış keçirməliyik. Onlardan sənəd tələb etdim. Səndələrini göstərdilər. Yəni kobudluq olmadı. Dörd nəfər bizim binadan olan iki nəfər şahidin iştirakı ilə evə baxış keçirdilər. Mən onlara dedim ki, evdəki əşyaları dağıtmayın, siz nə tələb etsəniz təqdim edəcəyəm. Evimizin üç otağının hamısına baxış keçirdilər, sənədlər, kitablar olan yerə, yəni hamısına baxdılar. Sonra dedilər ailənizin pul saxlanılan bir yeri varmı? Mən də kiçik bir çanta var idi, təqdim etdim, dedim ki, mənim olan pulum buradadır. Protokol tərtib etdilər. İki kompüterimizi, iki telefonumuzu, daha bir köhnə telefonumuzu protokollaşdırıb götürdülər. Pul, manatlar, 300 dollar, bir də 300 avro idi. Oğlum Berlində oxuyur, onun təhsil haqqı idi. Onlara da dedim ki, bu pullar oğlumun təhsil haqqıdır. Əvvəl pula toxunmadılar. Sonra telefon danışıqları oldu. Dedilər ki, manata dəyməyin, xarici valyutanı götürün. Yəni 300 dollar, 300 avronu şahidlərin iştirakı ilə protokollaşdıraraq götürdülər. Bir də media kartımı (vəsiqə) götürdülər. Mən dedim ki, media kartımı və komputerin birini evdə saxlayın. Mən onunla işləyirəm. Dedilər aparırıq, problem yoxdur, qaytaracağıq”.

Axtarışdan sonra Səadət Cahangir Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində şahid qismində ifadə verib.

“Təqdim etdikləri sənəddə də yazılmışdı “şahid qismində ifadə verməyə dəvət edilir”. Evimdə axtarış bir saat yarım çəkdi. Sonra Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparıldım. Orada ailəmlə telefon əlaqəsi saxlamağımı, vəkil çağırmaq üçün imkan vermələrini xahiş etdim. Lakin buna imkan vermədilər. Dedilər siz şahid qismində dindirilirsiniz. Burada cinayət işi yoxdur. Orada ümumi sorğu aparıldı, haradan qazanc əldə edirəm, partiyada (AXCP) hansı işlərlə məşğulam, məhbus ailələri ilə bağlı işlərim nədir?”

Jurnalist dindirlən zaman təzyiqə məruz qalmadığını deyib.

“Dindirilmə tam normal keçdi. Düzdür, bəzən mübahisə doğuran məsələlər oldu. Mən şişirdilmiş heç nə deyə bilmərəm. Normal istintaq ifadəsi verdim”.

Səadət Cahangir hələ də kompüterlərinin, telefonlarının və vəsaitinin qaytarılmadığını deyib.

“Açığı, mənə də məlum deyil ki, cinayət işi yoxdursa, telefonlarım, kompüterim, media kartım niyə saxlanılır?”, deyə o sual edib.

Jurnalist deyib ki, aprelin 28-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin ad günündə reportaj hazırlamaq üçün onun evinə gedərkən də polis tərəfindən saxlanılıb.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az