[:az]İlqar Məmmədovla Rəsul Cəfərovun məhkumluğu haqda hökm və qərarlar ləğv oluna bilər[:]

tərəfindən Gozetci

[:az]Ali Məhkəmənin Plenumu bu işə baxacaq

ReAL Partiyasının sədri İlqar Məmmədov və bu partiyanın İdarə Heyətinin üzvü, hüquq müdafiəçisi Rəsul Cəfərovun məhkum edilməsi barədə vaxtilə yerli məhkəmələrin çıxardığı hökm və qərarlar ləğv oluna bilər. Aprelin 23-də Ali Məhkəmənin Plenumu onların işinə yenidən baxacaq. Bu barədə adları çəkilən şəxslərin hər ikisinə, həmçinin İ.Məmmədovun vəkili Fuad Ağayevə bildiriş göndərilib.

ReAL sədri və onun vəkilinə göndərilən bildirişdə yazılıb ki, İlqar Məmmədov haqqında Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı 29 may 2019-cu il tarixli qərara əsasən, onun hüquq və azadlıqlarının pozulması ilə bağlı yeni hallar üzrə Ali Məhkəmənin Plenumu bu işə baxacaq.

Faiq Ağayev Meydan TV-yə bildirib ki, İlqar Məmmədovun həbsilə əlaqədar şikayətlər üzrə Avropa Məhkəməsi üç qərar çıxarıb. 29 may 2019-cu il tarixli qərar üçüncüdür və Avropa Şurası Nazirlər Komitəsinin müraciəti əsasında çıxarılıb.

Vəkilin sözlərinə görə, Azərbaycan hökuməti İlqar Məmmədovun işinə yenidən baxılması prosesini uzun müddət yubadıb.

Fuad Ağayev Plenumun iclasında İlqar Məmmədov haqqında ittiham hökmü və onu qüvvədə saxlayan yuxarı məhkəmə instansiyalarının qərarlarının ləğv olunacağını istisna etmir.

İlqar Məmmədov özü də “Facebook” səhifəsində bu məsələyə münasibət bildirib. ReAL sədri Prezident Administrasiyasının Siyasi partiyalar və qanunverici hakimiyyətlə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşünü xatırladıb, dialoqun başlandığını vurğulayaraq, Plenumun iclasında da müsbət nəticəyə inamını ifadə edib:

“Ali Məhkəmədə əvvəlki 5 baxışdan dördü heç nəyi dəyişməmişdi. Beşincisi hüquqi vəziyyətimi yüngülləşdirsə də, önəmli məhdudiyyətləri qüvvədə saxlamışdı. Sayca altıncı olan bu baxışı əvvəlkilərdən fərqləndirən onun hansı siyasi fonda keçirilməsidir.

Fevralın 29-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunverici hakimiyyətlə əlaqələr şöbəsinin müdürü Ədalət Vəliyev ilə görüşdüyümü bilirsiniz.

İlk təmas insan haqları və demokratiya sahəsində milli maraqların irəliləməsi üçün edə biləcəklərimizin mümkünlüyünu nəzərdən keçirən yeni görüşlərlə davam etdirildi deyə, yaranan sürəci indi dialoq adlandıra bilərik.

İctimaiyyətə daha öncədən dediyim kimi – təmasla başlasaq, təmas dialoqa çevrilsə, dialoq qarşılıqlı addımlarla nəticələnsə, ölkəmizdə siyasi mübarizənin keyfiyyəti yeni səviyyəyə çıxar.

Dövlət orqanları da bilir, biz də bilirik ki, mənim və bir neçə partiya üzvümüzün məsələsinin həlli geniş mənada ölkəmizin qanunvericiliyi üzərində qurulmalıdır, hansı ki, bu qanunvericilikdə “restitutio in integrum” üçün mexanizmlər zatən mövcuddur. Dialoq təşəbbüsünün potensialı yüksək olduğu bir vaxtda bunun baş verməsi üçün Ali Məhəkmənin Plenumundan daha yaxşı imkan tapmaq çətindir deyə, bu baxışın əvvəlkilərdən tam fərqli olacağına inanmaq istəyirəm”.

Plenumda işinə baxılacaq hüquq müdafiəçisi Rəsul Cəfərov da İlqar Məmmədovun bu mövqeyilə həmrəy olduğunu deyir.

İlqar Məmmədov 2013-cü ilin fevralında, Rəsul Cəfərov isə 2014-cü ilin avqustunda həbs olunub. ReAL sədri İsmayıllıdakı etirazların təşkilində günahlandırılaraq, 7 il azadlıqdan məhrum edilib. O, 2018-ci ilin avqustunda cəzasının qalan hissəsi şərti hesab olunmaqla, azadlığa buraxılıb. 2019-cu ilin martında isə Ali Məhkəmə İlqar Məmmədovun cəzasını onun həbsdə olduğu müddətə – 5 il 6 ay 9 günə endirib, şərti cəzası, üzərindəki sınaq müddəti götürülüb.

Rəsul Cəfərov isə 2014-cü ilin avqustunda QHT-lərə qarşı cinayət işi üzrə həbs olunub. O, 2016-cı il martın 17-də prezidentin əfv sərəncamıyla azadlığa buraxılıb.

Avropa Məhkəməsi onların hər ikisinin işi üzrə Avropa Konvensiyasının 5-ci (azadlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması), 18-ci (Konvensiyadan kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyi) maddələrinin pozuntusunu tanıyıb.

Həm İlqar Məmmədov, həm də Rəsul Cəfərov üzərlərindəki məhkumluq səbəbindən fevralın 9-da keçirilən parlament seçkilərində namizəd kimi iştirak edə bilmədi.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az