[:az]Feminist hərəkatı nişan altında[:]

tərəfindən Gozetci

[:az]

Martın 8-də Bakının mərkəzində feminist hərəkatı və onun dəstəkçilərinin keçirdiyi “8 Marş- Zorakılığa qarşı get!” aksiyası cəmiyyətdə böyük müzakirələrə səbəb olub. Aksiyadan öncə bəzi şüarların sosial şəbəkədə yayılması və həmin şüarlardan bəzilərində cəmiyyətin əksəriyyətinin qəbul etmədiyi ifadələrin yer alması bir çoxlarında qıcıq doğurdu. Martın 8-də keçirilən aksiyada isə həmin şüarın aksiyanın digər şüarları arasında görünməsi hökümətyönlü medianın əlinə aksiyanı və onun təşkilatçılarını qaralamaq üçün fürsət verdi. Bundan sonra məhz həmin şüarın müəllifinin şəxsi mübahisələr zəminində intihara cəhd etməsi cinayət işinin açılmasına səbəb oldu ki, bu məsələdə də hüquq- mühafizə orqanlarının rəsmi açıqlamalarında daha çox feminist hərəkatının üzvlərinin adları hallandırıldı. Məsələnin maraqlı tərəfi odur ki, prokurorluq rəsmisi Eldar Sultanov yerli mediaya verdiyi açıqlamasında aksiyanın təşkilatçısı olmayan və aksiyada iştirak etməyən jurnalist Xədicə İsmayılın da açılmış cinayət işi ilə bağlı dindiriləcəyini bildirdi. “8 Marş- Zorakılığa qarşı get!” aksiyasının təşkilatçılarından biri, ictimai-fəal Aygül Cəfərova ASTNA-ya aksiyadan öncə və sonra baş verənlər barədə danışıb.

***

-Aygül xanım, ictimaiyyətdə təşkilatçısı olduğunuz 8 Marş aksiyasından əvvəl başlayan müzakirələr aksiyadan sonra daha da qızğın vəziyyət aldı.  Nə baş verir? Nədir bu müzakirələrin səbəbi və ya əsası?

-Həm keçənilki “8 Marş- Zorakılığa qarşı get!” aksiyası, həm 20 oktyabr “Dözmə, yürüş et!” aksiyasının da ətrafında qızğın müzakirələr gedirdi. Ona görə də son feminist aksiyası barədə gedən müzakirələr bizim üçün təəccüb doğurmadı. Müzakirələrin olması da əslində təbiidir. Çünki qadınların birləşərək küçələrə çıxması, yüksək səslə hüquqlarının təmin olunmasını tələb etmək cəsarəti göstərməsi cəmiyyətin ideal hesab etdiyi susqun, ürkək, öz hüquqlarının bərqərar olması üçün xahiş-minnət etməyə məcbur olan qadın obrazıyla üst-üstə düşmür.

-Yürüş zamanı qaldırılan şüarların bəziləri bir çoxlarının narazılığına, etirazına səbəb olmuşdu. Hətta aksiyadan sonra hökumət mediası günlərlə həmin şüarları müzakirə etdi və həmin şüarların müəllifi kimi aksiya təşkilatçılarını və feminist hərəkatını günahlandırdı. Yəni, sizə bağladı. Həmin şüarlar sizin məqsədlərinizə uyğun idimi? Uyğun deyildisə, niyə həmin şüarların aksiyada qaldırılmasına etiraz etmirdiniz?

-Aksiyada qaldırılan bütün şüarlar şəxslərin özlərinə aiddir və iştirakçıların nifrət nitqinə yol vermədən, ayrı-seçkilik təbliğ etmədən özlərini ifadə etməsinə təşkilatçıların senzura qoyması həm ifadə azadlığına, həm feminist ideologiyasına, həm də ənənəvi 8 Mart yürüşünün xarakterinə zidd olardı.

-Aksiyadan sonra həmin yürüşdə iştirak edən qadınlardan birinin intihara cəhd etməsi müzakirələri daha da genişləndirib. Həmin hadisə ilə bağlı cinayət işi açılıb və prokurorluq rəsmisinin açıqlamasına görə, bir çox şəxslər, o cümlədən jurnalist Xədicə İsmayılova da dindirməyə cəlb olunacaq. Demək olarmı ki, hakimiyyət baş verən prosesləri məqsədli şəkildə kimlərinsə üstünə tuşlayır?

-Bəli, həmin qadının yaşadığı mənzildə intihar cəhdini yürüşlə əlaqələndirməklə və aksiya ilə heç bir əlaqəsi olmayan Xədicə İsmayılovanın adını hallandırımaqla prokurorluq rəsmisi belə bir məqsədin olduğunu etiraf etmiş oldu.

-Ola bilərmi bütün baş verənlər – yəni şüarlar, müzakirələr, aksiya, sonrakı müzakirələr, intihar və cinayət işi, buna görə dindirmələr- hamısı əvvəldən qurulmuş bir ssenarinin tərkib hissəsi olsun? Bu barədə nə düşünürsünüz? Çünki bu barədə versiyalar səslənir.

-Buna birmənalı cavab vermək çətindir, ancaq biz aksiyalarımızda dəfələrlə təxribatçıların xüsusi olaraq təlimatlandırılmasına və aksiyanı gözdən salmaq məqsədi ilə aksiya yerinə gətirilməsinə şahid olmuşuq. Hərəkatımızın genişlənməsindən narahat olanlar təxribatın formasını dəyişmiş də ola bilər, bu hadisələr təbii olaraq da cərəyan etmiş ola bilər. Lakin prokurorluq tərəfindən aparılacağı bəyan edilən dindirmələr və şəxsi zəmində baş vermiş hadisənin aksiya ilə əlaqələndirilməsi birmənalı olaraq quramadır.

-Aparılan təbliğata görə, feminizm cəmiyyətdə birmənalı qarşılanmır. Feminizmi, qadın hüquqlarını cəmiyyətə düzgün anlatmaq üçün hansı addımlar atılmalıdır? Hökumət hansı addımlar atmalıdır? Fəallar hansı addımlar atmalıdır? Qadınlar nə etməlidir?

-Dünyanın heç bir yerində heç bir cəmiyyət qadınlar və kişilərin tam bərabər hüquqlara malik olması ideyasını birmənalı qarşılamayıb. Bu mənada Azərbaycan cəmiyyəti də istisna deyil. Əsrlərlə formalaşmış patriarxal sistem bu ideyaya refleksiv bir aqressiya göstərir. Hökümət feminizmi cəmiyyətə düzgün anlatmaq üçün ilk növbədə bununla bağlı maarifləndirmə işləri aparmalı, dərsliklərin seksist kontentini, televiziyalarda və digər kütləvi informasiya vasitələrində nifrət və ayrı-seçkilik nitqini müəyyən edib müvafiq addımlar atmalı və məişət zorakılığına qarşı mübarizəni nəzərdə tutan “İstanbul Konvensiyası”nı ölkəmizdə ratifikasiya etməlidir. Sadaladıqlarım gender əsaslı zorakılığın və ayrı-seçkiliyin aradan qaldırılması üçün atılmalı olan zəruri addımların, sadəcə, kiçik bir hissəsidir. Feminist fəallar isə gender əsaslı diskriminasiya ilə bağlı fərqindəliyi artırmaq üçün səy göstərməli, dövlətin birbaşa və pozitiv öhdəliklərini daima gündəmə gətirməli, onların həyata keçib-keçməməsinə ictimai nəzarəti təşkil etməlidir.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az