[:az]Gültəkin Hacıbəyli oğlu haqda qərardan danışır: ‘Bu, uşaq vasitəsilə qisas almaqdır'[:]

tərəfindən Gozetci

[:az]Dekabrın 26-da Ali Məhkəmə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, keçmiş deputat Gültəkin Hacıbəylinin 15-yaşlı oğlu Toğrul haqqında qərar verib.

G.Hacıbəyli atası Mahmud Mehdiyevin razılığı olmadan Toğrulun xaricə səfər etmək hüququnun təmin edilməsi üçün məhkəməyə üz tutmuşdu. İddiasında da gِöstərib ki, uşağın 1 yaşı olanda valideynlər boşanıb, o vaxtdan atası onunla görüşməyib, maraqlanmayıb. Hətta 2014-cü il oktyabrın 24-də Nəsimi rayon İcra Şöbəsinə oğlu ilə görüşməkdən imtina barədə ərizə də yazıb göndərib. G.Hacıbəyli həmin ərizəni də iş materiallarına əlavə edib.

Üç aydır ki, Ali Məhkəmədə bu işə baxılırdı, iki dəfə M.Mehdiyevə çağırış göndərilsə də, gəlmirdi. Dekabrın 26-da isə gəlsə də, vəkili olmadığına görə (Ali Məhkəmədə ancaq vəkillə iştirak və çıxış etmək olar) çıxış etməyib.

G.Hacıbəyli və vəkili isə Toğrulla M.Mehdiyev arasında heç bir ünsiyyət olmadığını, onların, sadəcə, bioloji baxımdan ata-övlad olduğunu bildirib. Uşağın xaricdəki dil kurslarında iştirak etmək arzusunda olduğunu vurğulayan G.Hacıbəyli oğlunun təhsil hüququnun pozulmasına imkan verilməməsini istəyib:

«Ürəkləri soyumadı…»

«Uşaqla ünsiyyətdən özü imtina etmiş birinə görə uşağın hüquqları niyə pozulmalıdır? Toğrul dəfələrlə kurs yoldaşlarıyla xaricdə keçirilən yay düşərgələrinə, dil kurslarına getmək istəyib. Amma gedə bilməyib…».

Vəkil Zibeydə Sadıqova Avropa Məhkəməsinin qərarlarını misal çəkərək, bu cür hallarda uşağın hüququnun üstün tutulduğunu bildirib.

Gündüz Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası G.Hacıbəylinin kassasiya şikayətini təmin etməyib.

G.Hacıbəyli AzadlıqRadiosuna deyib ki, qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərəcək. O, hesab edir ki, siyasi fəaliyyətinə görə ondan bu cür üsullarla qisas alırlar:

«Bu, uşaq vasitəsilə qisas almaq, siyasi mübarizəni övlad səviyyəsinə endirməkdir. Faşist metodlarından istifadə etməkdir. Bu qərarı verənlərin də, bu cür təzyiqlərin sifarişində və icrasında iştirak edənlərin də övladları var. Yaddan çıxarmasınlar ki, həyat bumeranqdır. Saxta iddia ilə maşınımı əlimdən aldılar, evimə həbs qoydular, müxtəlif formalarda təzyiq göstərdilər, ürəkləri soyumadı, övladıma da toxundular».

Sabiq deputat deyir ki, oğlu 2011-ci ildən ölkədən çıxa bilmir.

Atanın dedikləri

Toğrulun ölkədən çıxışıyla bağlı məsələyə Nəsimi Rayon Məhkəməsində baxılanda atası deyib ki, oğlunun xaricə təhsil üçün getməsində başqa məqsədlər var. İddia edib ki, G.Hacıbəyli ata kimi hüquqlarını həyata keçirməkdə ona mane olub.

M.Mehdiyev vaxtilə prokurorluqda işləsə də, sonradan Baş prokuror Zakir Qaralovun əmriylə uzaqlaşdırılıb. O, 2013-cü ildə mətbuat konfransı keçirərək G.Hacıbəylinin ünvanına müəyyən fikirlər səsləndirib. Bir müddət sonra prokurorluğa müstəntiq vəzifəsinə bərpa olunan M.Mehdiyev hazırda da bu sistemdə çalışır.

Bu ilin sentyabrında M.Mehdiyevin anası Nəhayət Məmmədovanın iddiası əsasında G.Hacıbəylidən 50 min dollar tutulması barədə məhkəmə qərarı çıxarılıb. N.Məmmədova iddia edir ki, 2003-cü ildə G.Hacıbəyli evini təmir etdirmək üçün ondan 50 min dollar borc almışdı.

G.Hacıbəyli isə bu iddianın yalan olduğunu, siyasi baxışlarına görə onu cəzalandırmaq üçün növbəti təzyiq forması olduğunu deyir.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az