[:az]“Ədalət adlı polis saqqalımı əlləri ilə yolur, alışqanla kürəyimə od vururdu”[:]

tərəfindən Gozetci

[:az]Gəncə məhbusu gördüyü işgəncələrlə bağlı Baş Prokurorluğa şikayət ünvanlayıb

2016-cı ilin Gəncə hadisələrinə görə 2.5 il azadlıqdan məhrum olunan Elvin Nəzərov həbs olunarkən işgəncəyə məruz qaldığını deyir.

O, bununla bağlı Respublika Prokurorluğuna ünvanladığı şikayətində qeyd edib. Bu barədə Meydan TV-yə Elvin Nəzərovun yaxınları məlumat verib.

Şikayətdə qeyd olunur ki, o, 11 iyul 2018-ci ildə Gəncə şəhərində tutulduqdan sonra Kəpəz Rayon Polis Şöbəsinə gətirilib və orada ona işgəncələr verilib:

“Məni Cinayət Axtarış Şöbəsinin otağına gətirdilər. Orada üzündən tanıdığım bir nəfər vardı. O, mənə az əvvəl həbs olunan Vüqar Xudiyevə nə üçün sovqat gətirməyimi soruşdular, dostum olduğumu söylədim. Elə cavab verən an məni və dostumu təhqir etdi, nalayiq ifadələrinə etirazımı bildirəndə arxada dayanan 5-6 nəfər mülki geyimlilər vurub yerə yıxdılar. Onların üstlərində silah vardı, məni yerə yıxıb əllərimi arxadan qandalla, sonra ayaqlarımı “skoç”la bağladılar. Daha sonra gözlərimə üzərində DİN (Daxili İşlər Nazirliyi) yazılmış iki yumuru parçanı qoyub “skoç”la bağladılar. Yerdə üzü üstə olduğum halda ağır çəkili biri kürəyimdə oturdu, qalanları isə təpiklə, dəyənəkl hardan gəldi vurdular. Üstümdə oturan isə yumruqla başımın arxasından, boynumdan və kürəyimdən zərbələr vururdu. Ayaq üstə olanlardan hansısa ayağının altı ilə sağ üzümü və qulağımı əhatə edən çox güclü bir zərbə endirdi, bunun nəticəsində üzümün dərisində iz hələ də qalır. Həmçinin zərbələrdən sağ gözümün görmə qabiliyyyəti çox zəifləyib”.

Elvin Nəzərov işgəncə prosesinin 1 saat çəkdiyini qeyd edib:

“Amma arada fasilələr verib, davam edirdilər. Ayaqlarımın altına dəyənəklə vururdular. Döyülmə zamanı iki dəfə bayıldım, ancaq ayıldaraq döyürdülər. İşgəncə zamanı Cinayət Axtarış Şöbəsinin rəisi gözlərimi açdıraraq, gözümün içinə baxırdı. Mənə dedi ki, gözlərinin içinə ona görə baxıram ki, ciyərin dağılıb, ya yox, onu bilmək istəyirəm, hələ dağılmayıb. Əgər danışmasan, ciyərlərini dağıdacağıq. İşgəncələr nəticəsində qan içində idim, izahedilməz hala düşmüşdüm. Yeriyə bilmədiyim üçün başqa otağa sürüyərək apardılar. Orada üzümə su vurub, yarım saat otaqda saxladılar, ardınca rəisin otağına apardılar. Məni yenə təkrarən gözü bağlı vəziyyətdə döydülər. Əsas sual bu idi ki, rəhbəriniz kimdir, İranda niyə olmusan və s. Ümumiyyətlə, mənə aidiyyəti olmayan suallar verirdi. Səhərisi günü məni sürüyərək məhkəməyə apardılar. Məhkəmə 20 sutka həbs verdi”.

Elvin Nəzərov işgəncə nəticəsində qulaq pərdəsinin partladığını, hazırda eşitmə qüsuru yaşadığını deyib:

“Həmçinin avtomatın qundağı ilə kürəyimə və başıma vurmuşdular. Sonra avtomatı atəşə hazır vəziyyətə gətirərək bizi öldürməyi icazə verildiyini bildirdilər. Məni Müvəqqəti Saxlanılma Məntəqəsində 9 gün saxladılar və hər gün də işgəncə verirdilər. Məndən başqa 4 nəfər var idi, onlardan ikisi əvvəlcədən tanıdığım Alim və Emin Allahverdiyev idi. Saxlanıldığım müddətdə yemək verilmirdi. Yalnız gündə 2 dəfə dəmir kruşkada qaynar su verirdilər. Kameranın pəncərəsi bağlanaraq mərkəzləşmiş havalandırma sistemi ilə isti hava buraxırdılar. Saxlanıldığım 9 gündə 4 dəfə Nizami və Kəpəz polis bölmələrinə apardılar, Ədalət adlı polis saqqalımı əlləri ilə yolur, alışqanla kürəyimə od vururdu. Bundan başqa, o, qulaqlarımın pərdəsini partlatmaq üçün böyük qeydiyyat jurnalları ilə hər iki qulağıma eyni vaxtda dəfələrlə vururdu”.

Elvin Nəzərov ona verilən işgəncənin arxasında Ədalət adlanan şəxs dayandığını bildirib:

“Onlar məni əllərim arxadan bağlı vəziyyətdə yerə uzatdılar, ayaqlarım “skoç”landığından hərəkət edə bilmirdim. Üzü üstə uzanıqlı vəziyyətdə olan halda, bir neçə nəfər ayaqlarımı yerə sıxdı, digərləri məni qollarımdan və çənəmdən arxaya qaldırmağa başladı. Ədalət deyirdi ki, beli qırılana qədər davam edin, qoy, iflic olub yeriyə bilməsin. Həmin işgəncələrin nəticəsində şiddətli ağrılarım hələ də qalır, hətta asqıranda, öskürəndə ağrılar daha şiddətli olur. Bu işgəncələr Gəncə Müvəqqəti Saxlama təcridxanasına daxil olanadək davam etdi”.

Elvin Nəzərov sonda tomoqrafik müayinə aparılması şərti ilə həkim müayinəsindən keçirilməsini istəyir:

“Mənə işgəncə verənlər ədalət mühakiməsi qarşısında cəzalandırılsınlar”.

Səbail Rayon Məhkəməsi martın 1-də Elvin Nəzərovun 7 il azadlıqdan məhrum edilməsi haqqında hökm çıxarıb. O, Cinayət Məcəlləsinin 220.1 maddəsi ilə ittiham olunurdu.

Bakı Apelyasiya Məhkəməsi avqust ayında onun cəzasını 2.5 ilə endirib. Hazırda iş Ali Məhkəmədədir.

2 saylı Cəzaçəkmə Müəsissəsində saxlanılan Elvin Nəzərov dekabrın 4-də həyat yoldaşı Şəbnəm Nəzərova ilə görüşüb.

Ş.Nəzərova E.Nəzərovun vəziyyətinin normal olduğunu bildirib.

2016-cı ilin Gəncə hadisələrinə görə 80-ə qədər şəxs həbs olunmuşdu. Onların işi bir neçə qrupa bölünərək məhkəməyə göndərildi.

İşi məhkəməyə göndərilən 5 qrupdan üçünə hökm oxunub. Onlara 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilib.

Həbs olunanlar 10 iyul aksiyasıyla əlaqədar Gəncədə kütləvi iğtişaşların təşkilində, həmin hadisələr vaxtı polislərə qarşı zorakılıqda, müqavimət göstərməkdə təqsirləndirilirlər. Amma təqsirləndirilən şəxslər ittihamı qəbul etmirlər. Onlar hökmdən apelyasiya şikayəti veriblər. Daha iki qrupun işi üzrə araşdırmalar isə birinci instansiya məhkəməsində davam edir.

Onların arasında Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə təqsirləndirilən Yunis Səfərov da var.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az