[:az]“Freedom House” təşkilatı vəkil Nemət Kərimli ilə bağlı bəyanat yayıb
Jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimliyə qarşı zorakılıq Azərbaycan hökumətinin siyasi məhbusları müdafiə edən vəkillərə olan hörmətsizliyini nümayiş etdirir.
Belə bir bəyanatla “Freedom House” hüquq müdafiəsi təşkilatının Avropa və Avrasiya proqramları üzrə direktoru Mark Berendt çıxış edib.
“Turan” İnformasiya Agentliyinin məlumatına görə, M.Berendt bəyanatında daha sonra bildirib ki, Azərbaycanda həbsdə olan jurnalistləri, fəalları, hüquq müdafiəçilərini və siyasi dissidentləri müdafiə edən vəkillər islah müəssisələrinə daxil olarkən və oradan çıxarkən mütəmadi olaraq təhqiramiz və alçaldıcı rəftara məruz qalırlar:
“Vəkillərin üzərində sistematik axtarış aparılması və məxfi materiallara baxılması vəkil-müştəri məxfiliyinin əsas prinsipini pozur, siyasi məhbusları ədalət mühakiməsinə və lazımi hüquqi prosedura çıxış hüququndan məhrum edir”.
Bəyanatda deyilir ki, “Freedom House” Azərbaycan hökumətini vəkillərə qarşı təzyiqlərə və hədələrə dərhal son qoymağa, siyasi motivli ittihamlarla həbs olunan bütün məhbusları azad etməyə çağırır.
Vəkil Nemət Kərimli sentyabrın 20-da 16 saylı Cəzaçəkmə Müəssisəsində Əfqan Muxtarlı ilə görüşə gedərkən təzyiqlə üzləşdiyini bildirib.
Penitensiar Xidmət isə öz növbəsində bəyan edib ki, vəkil Nemət Kərimli ilə bağlı Vəkillər Kollegiyasına şikayət edəcək.
Penitensiar Xidmət bildirilib ki, Cəzaların İcrası Məcəlləsinin 75.5-ci maddəsinin, Cəzaçəkmə Müəssisələrinin Daxili İntizam Qaydalarının və “Müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları icra edən müəssisələrə daxilolma Qaydası”nın tələblərinə uyğun olaraq cəzaçəkmə müəssisələrinə daxil olan və çıxan şəxslərə, eləcə də onların əşyalarına baxış keçirilə bilər.
[:]