[:az]’Elina işi’ndə 125-ci maddə götürülüb[:]

tərəfindən Gozetci

[:az]İntihar etdiyi bildirilən məktəbli Elina Hacıyevanın ölümü ilə bağlı proses bugün, sentyabrın 12-də Səbail Rayon Məhkəməsində davam etdirilib.

Amma bir çox jurnalist və ictimaiyyət nümayəndələri prosesə buraxılmayıb.

Zərərçəkmiş tərəfin vəkilləri iclasda bir sıra vəsatətlərlə çıxış ediblər. Onların deməsinə görə, ilk vəsatət E.Hacıyevanın oxuduğu məktəbin direktoru Sevinc Abbasova barəsində ev dustaqlığının həbs-qətimkan tədbiri ilə əvəz edilməsiylə bağlı olub. Amma hakim Azər Tağıyev bu vəsatəti təmin etməyib.

Daha bir vəsatətdə isə bu ölüm işiylə bağlı cinayət işinin yenidən ibtidai istintaqa qaytarılması istənilib. Müdafiə tərəfi hesab edir ki, E.Hacıyevanın ölümündə həkim səhvləri də rol oynayıb, amma bu məsələ lazımı şəkildə araşdırılmayıb. «Həkimlər iki fərqli rəy veriblər. İlk rəydə deyilir ki, ağciyərin birində zədələnmə var, ikinci rəydə isə vurğulanır ki, hər iki ağciyər sıradan çıxıb», – onlar qeyd edirlər.

Amma hakim vəkillərin bu vəsatətini də qəbul etməyib.

Daha sonra E.Hacıyevanın valideynləri dəymiş mənəvi zərərə görə həm Təhsil Nazirliyi, həm də S.Abbasovaya qarşı 100 min manatlıq mülki iddia qaldırıblar. Bu vəsatət isə məhkəmənin icraatına qəbul edilib.

Prosesdə E.Hacıyevanın oxuduğu məktəbin direktoru işləmiş S.Abbasovanın da vəsatət qaldırdığı bildirilir. Verilən məlumata görə, o isə özünü təqsirli bilmədiyi üçün barəsində cinayət işinə xitam verilməsini istəyib.

Hakim növbəti məhkəmə prosesini sentyabrın 18-nə təyin edib.

Məhkəmənin hazırlıq iclasında bəlli olub ki, istintaqın gedişində 125-ci maddəyə (özünü öldürmə həddinə çatdırma) artıq xitam verilib. Sadəcə, müdafiə tərəfi bu barədə açıqlama verməyib.

Zərərçəkmiş tərəfin nümayəndəsinin bildirməsinə görə, istintaq Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə davam etdirilib və yekunlaşdıqdan sonra məhkəməyə göndərilib.

E.Hacıyevanın anası Sevil Hüseynova prosesdən sonra jurnalistlər qarşısında haqqında sosial şəbəkələrdə yazılanlara münasibət bildirib. O deyib ki, bu işdə adı keçən heç kimlə, o cümlədən Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova ilə sövdələşməsi olmayıb.

E.Hacıyevanın intihara cəhdindən sonra X.Bayramovanın da hadisə yerinə çağırıldığı bildirilirdi.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az