[:az]Keçmiş məhbus: ‘Nə ev var, nə qeydiyyat, nə də iş'[:]

tərəfindən Gozetci

[:az]9 il həbs həyatı yatmış Ələddin Əlizadə bir sıra problemlərdən şikayətçidir. O, Lənkəran şəhəri, H.Aslanov xiyabanı, 56 saylı ünvanda yaşayır. Biz də həmin ünvana baş çəkmişdik…

Ev dağılıb, yararsız hala düşüb. Ələddin Əlizadə deyir ki, bu ilin iyun ayında azadlığa çıxıb:

“Mən həbsxanada olanda valideynlərim rəhmətə gediblər. Ev də baxımsızlıq üzündən dağılıb. İlk günlərdə yaxınlarımın evində qalırdım. Gördüm ki, narahatçılıq var. İndi burda yaşayıram. Havalar isti keçir, burda qala bilirəm. Soyuqlar düşsə, burda qalmaq olmaz. Həyətdə ilanlar, kərtənkələlər gəzir. İcra hakmiyyətinə getdim, başçının qəbuluna buraxmadılar. Dedilər ki, icra hakmiyyəti aparatı ev tikmir. Bunun üçün vəsaiti yoxdur. Demək olar ki, evsiz qalmışam”.

Ələddin Əlizadənin deməsinə görə, ikinci ən böyük problemi isə qeydiyyatla bağlıdır. Qeydiyyatı olmadığından, üstəlik, şəxsiyyət vəsiqəsi də ala bilmir:

“Evin sənədləşməsi getməyib. Köhnə sənədlərdir. Deyirlər ki, qeydiyyat üçün gərək “kupça” ola. Getdim idarəyə, dedilər ki, 200 manat pul köçürməlisən. Eyni zamanda tələb etdilər ki, ev bərpa olunmalıdır. Belə çıxır ki, şəxsiyyət vəsiqəsi alıb qeydiyyata düşmək üçün 15-20 min manat pulun olmalıdır. Hardan gətirm bu pulu? ”

Keçmiş məhbusun sözlərinə görə, bir neçə xəstəliyin daşıyıcısıdır. Qeydiyyatı olmadığına görə, müalicəni də ala bilmədiyini söyləyir:

“Həbsxanada vərəmdən müalicə olunmuşam. Hepatitəm. Böyrəklərim məni narahat edir. Hara gedirəm rədd cavabı alıram. Mənim 50 yaşım var, həyatım puç olub. “5-3” manata görə 9 il yatmışam. Əlizadələr nəsli Lənkəranda tanınmış nəsildir. Alimləri, tanınmış adamları var. Qohumlarım indi kasıbdır, imkanları aşağı, kömək edə bilmirlər”.

Ələddin Əlizadənin xalası Tarifə Kərimova da vəziyyətlərinin heç də yaxşı olmadığını söyləyir:

“Bacım oğludur. Həbsxanadan gəlib.Yaşamağa yeri yoxdur. Valideyinləri sağ olsaydı, bir iş görərdilər. Ona kömək lazımdır. Mən də yaşlı adamam, imkan da aşağı. Əlimdən gələn köməyi edirəm. Heç nə alınmır. İçməli su xətti həyətdədir. İstifadəyə icazə vermirlər. Deyirlər ki, evin sənədini gətirin, ondan sonra sudan istifadəyə icazə verək. Özünə həyətdə su quyusu qazıb, o da yararsız. Bu insandır da. Gözümüzün önündə məhv olur…”

Keçmiş məhbus, satirk şair Tofiq Həsənli cəzaçəkmədən azad olmuş şəxslərin ona kömək üçün müraciət etdiklərini bildirir:

“Ələddinə pul veriblər, gəlib həyətə qum töküb. 300-500 manatla nə etmək olar? İndi bazara girirsən, 100 manat xərclədiyin ancaq 2-3 günə çatır. Bahaçılıqdır. Ələddin Əlizadə kimi həbsdən sonra çətinliklərlə üzləşən keçmiş məhbuslar çoxdur. Birini də tanıyıram, onun da qeydiyyatı yoxdur. O da vərəmdir, hepatitdir. İçəridə olan vaxtda anasını, qardaşını itirib. İki aydır həbsxanadan buraxılıb, heç nə edə bilmir. Danışmağa da ehtiyat edir”.

Tofiq Həsənli özünün də qeydiyyatla bağlı probleminin olmadığını bildirir:

“Evimin sənədləri köhnə olduğu üçün polisdə qeydiyyata düşdüm. Mənə məşğulluqdan işlə bağlı təklif də gəlib. Amma bu insanlar kənarda qalıblar. Mənim işim Avropa İnsan Hüquqları Məhkəməsiinin icraatındadır”.

Yerli hüquq müdafiə təşkilatları T.Həsənlini keçmiş siyasi məhbus sayırlar. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikri ilə razılaşmırlar. Rəsmilər vurğulayırlar ki, siyasi məhbus sayılan şəxslər məhz törəddikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Hüquqşünas Ağababa Cəfərli da həbsdən azad olunmuş şəxslərin həyatda problemlərlə qarşılaşdığını təsdiq edir:

“ Ora-bura yazmaqla nəyə isə nail olmaq olar. Amma gözləyəsən ki, qanunlar işə düşəcək, gəlib axtaracaqlar…Bu yoxdur. Qanunla cəza çəkmədən azad olunmuş şəxslər yaşayış yeri ilə, sənədlərlə təmin olunmalıdırlar. Onlar üçün yardım da nəzərdə tutulur.Qanuna görə, qeydiyyata alınmaq üçün yeri yoxdursa, sonuncu dəfə hansı polis bölməsində qeydiyyatda olubsa orada qeydiyata düşməlidirlər. Üstəlik, işlə də təmin olunmalıdırlar”.

Ələddin Əlizadənin şikayəti ilə bağlı yerli polisə üz tutduq. Amma nə polisdən, nə də Lənkəran şəhər Məşğulluq Mərkəzindən bu şikayətə münasibət ala bildik.

Amma adətən rəsmi orqanlar keçmiş məhkumların cəmiyyətə inteqrasiyası və işlə təmin olunması üçün ciddi işlər görüldüyünü bildirirlər.

Mətbuatda Dövlət Məşğulluq Xidmətinə istinadən yayılan məlumata görə, 2018-ci ildə bu qurumun yerli orqanlarına cəzaçəkmə müəssisələrindən azad olunan 304 nəfər şəxs müraciət edib.

“Onlardan 81-nə işlə təmin olunmaqda kömək edilib, 65 nəfər özünüməşğulluq proqramına cəlb olunaraq aktivlərlə təmin edilib, 22 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub, 9 nəfər isə peşə hazırlığı kurslarına göndərilib. Ümumi olaraq, müraciət edənlərin 60 faizə qədəri artıq işlə təmin edilib…”,deyə bildirilib.

Azadlıq Radiosu

 

 [:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az