[:az]Vəkil Elçin Sadıqov iyulun 30-da 10 saylı cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirən hüquq müdafiəçisi Əliabbas Rüstəmovla görüşüb.
Vəkil Meydan TV-ə Əliabbas Rüstəmovun iyulun 25-dən, 7 gündür aclıq etdiyini bildirib.
O bildirib ki, Ə.Rüstəmov azad olunma tələbi ilə aksiya keçirir. E.Sadıqov aclıq aksiyasının Ə.Rüstəmovun səhhətinə təsir etdiyini söyləyib:
“Əliabbas Rüstəmov sifətində solğunlaşma var idi, aclıq ona təsirini göstərib. Ə.Rüstəmov aclığı dayandırmaqdan imtina edib və aksiyanı davam etdirmək niyyətindədir”.
Ali Məhkəmə avqustun 7-də Ə.Rüstəmovun vaxtından əvvəl şərti azadlığa buraxılması üzrə şikayətinə baxacaq. Bundan əvvəl Apelyasiya Məhkəməsi onu azad etməkdən imtina edib.
Ə.Rüstəmov 2014-cü il iyunun 28-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 312.2 (rüşvət vermə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə tanınmış hüquqşünas irəli sürülən maddələrlə təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilib.
2017-ci ilin iyulunda Ali Məhkəmə Əliabbas Rüstəmovun cəzasını azaldaraq 7 ildən 6 ilə endirib.
İttiham aktına görə, “Yasavul” MMC-nin direktoru Əliabbas Rüstəmovun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.Əliabbas Rüstəmov Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Beyləqan rayon sakini barəsində Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə başlanmış cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və sonuncunun cinayət məsuliyyətindən azad olunması barədə vəd verib. O, guya işin ibtidai istintaqını aparan şəxsə 90 min manat məbləğində rüşvət verilməsi üçün rayon sakinindən cəmiyyətin ofisində 95 min manat məbləğində pulu alarkən cinayət başında saxlanılıb.
Vəkil bütün bunların qurama olduğunu bildirir və ittihamları rədd edir.
Yerli və xarici hüquq müdafiəçiləri onu siyasi məhbus hesab edirlər.
Əliabbas Rüstəmov əvvəllər Vəkillər Kollegiyasının üzvü olub.
MEYDAN TV[:]