[:az]Gəncə hadisələrinə görə həbs olunanlar hakim önünə çıxarılıb[:]

tərəfindən Gozetci

[:az]Gəncə hadisələrinə görə həbs olunanların, azı, 50 nəfəri hakim önünə çıxarılıb. Hələ təxminən 30 adam da öz növbəsini gözləyir. Məhkəmədə dindirilənlərin hamısı saxlandıqdan sonra polis idarəsində günlərlə işgəncəyə, alçaldıcı rəftara məruz qaldığını deyib. Söylədiklərinə görə, barələrində həbs qərarı veriləndən sonra istintaq təcridxanasına gətiriləndə də pis durumda olublar, bədənlərində, sifətlərində işgəncə işləri olub.

Alim Yusifov, Yavər İsmayılzadə və başqalarının daxil olduğu 7 nəfərilik qrupun apellyasiya şikayətini araşdıran Gəncə Apellyasiya Məhkəməsinin hakimləri işgəncə şikayətləri ilə əlaqədar sorğular vermişdilər. Bu sorğular Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, Bakı İstintaq Təcridxanasına ünvanlanmışdı. Sorğulara gələn cavab iyulun 19-da məhkəmədə açıqlanıb. Polis idarələrindən yazıblar ki, doğru deyil, saxlanılan şəxslərə münasibətdə heç bir qanunsuz rəftara yol verilməyib. İstintaq təcridxanasının rəhbərliyi yazır ki, bu adamlar təcridxanaya gətirilməzdən öncə tibb-sanitar hissəsində müayinədən keçiriliblər, üzərlərində yeni xəsarət aşkarlanmayıb.

Hakim bu cavabları açıqlarkən 7 nəfər Gəncə məhbusunun hamısı etiraz edərək, onlarla amansız davranıldığını, ağır işgəncələr verildiyini, istintaq təcridxanasına gətiriləndə isə müayinədən keçirilmədiklərini bildirib. Təqsirləndirilən şəxslərin valideynləri də etiraza qoşularaq deyiblər ki, onların övladlarıyla əsir götürülmüş düşmən kimi davranıblar.

Təqsirləndirilən Aydın Rüstəmovun vəkili deyib ki, bu adamların şikayətçi olduqları qurumlara sorğu verilməsi doğru deyildi:

“Onlar deməyəcəkdilər ki, “biz işgəncə vermişik”. Mən Baş Prokurorluğa müraciət olunması, işgəncə şikayətlərinin araşdırılması üçün vəsatət qaldırmışdım. Sizsə vəsatətimi fərqli formada icra etmisiniz. Qanuna görə, şəxsin onun suçsuzluğunu sübut edə biləcək şəxsləri dindirmək hüququ var. Videodan görünür ki, Aydın Rüstəmov skamyada Elnur Abbasovla əyləşib, yanlarında da uşaqları. Heç bir cinayət də törətmirlər. Ona görə xahiş edirik, Elnur Abbasovu, onun oğlu Elcanı dindirin”.

Adları çəkilən şəxslər məhkəməyə gəlsələr də, dindirilmədilər.

Aydın Rüstəmov-un anası hakimlərə üz tutaraq, oğlunun ailəsinin ağır durumuna diqqət çəkib:

“Biz Şəmkir rayonunda sosial yardım almaqdan ötrü idarəyə getmişdik. Orada baxıb bizə dedilər ki, oğlun siyasi məsələlərlə əlaqədar həbs olunduğuna görə onun ailəsinə sosial yardım verilə bilməz. Yəni oğlun siyasi məhbusdur, ona görə yardım düşmür. Bu nə deməkdir? Xahiş edirik, onlar siyasi məhbus deyilsə, bizə bu barədə arayış verin, aparıb verək. Ailə, iki uşaq acından ölür. Həyat yoldaşı xəstədir…”.

A.Rüstəmovun xanımı xərçəng xəstəliyindən əziyyət çəkir.

Hakim bildirib ki, məhkəmənin belə bir arayış vermək səlahiyyəti yoxdur.

Məhkəmə avqustun 2-də prokurorun çıxışıyla davam edəcək.

Bu 7 nəfərlik qrupdan Yavər İsmayılzadə 9 il, Zabil Məmmədov 8 il 6 ay, İsa Məhərrəmzadə 8 il, Alim Yusifov 7 il 6 ay, Qənbər Qarazadə 7 il 6 ay, Elvin Əliyev və Aydın Rüstəmov 6 il həbs cəzası alıb.

Azadlıq Radiosu

 [:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az