[:az]Nardaran məhbusunun səhhətinin pisləşdiyi deyilir[:]

tərəfindən Gozetci

[:az]2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin öldüyü əməliyyat zamanı güllələnən və ardınca həbs olunan Cahad Babakişizadənin səhhətində ciddi problemlər yarandığı bildirilir. Bu barədə AzadlıqRadiosu-na onun yaxınları danışıb.

“Cahad hadisə vaxtı ciyərindən zədə almışdı. Onun fəsadları bu gün də davam edir, ciddi müalicəyə ehtiyacı var. Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi üçün iki dəfə həbsxana rəhbərliyinə müraciət edib. Amma köçürmürlər. Vəziyyəti də yaxşı deyil, müalicə olunmasa, daha da ağırlaşacaq”, – ailə üzvləri belə deyir.

Həbs olunarkən 18 yaşı olan C.Babakişizadəyə 14 il 6 ay həbs cəzası kəsilib və hazırda Qobustandakı həbsxanada saxlanılır. O, 2018-ci ilin oktyabrında ora köçürülüb. C.Babakişizadə öncə 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılırdı. Lakin müəssisə rəhbərliyi onun daxili intizam qaydalarına əməl etməməsi iddiasıyla məhkəməyə müraciət edib, onun həbsxana rejiminə köçürülməsini istəmişdi. Qaradağ rayon Məhkəməsi də ərizəni təmin edib, onun üç il həbsxana rejiminə köçürülməsinə qərar vermişdi.

“Durumu stabildir”

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosu-na bildirib ki, məhkumun Müalicə Müəssisəsinə köçürülməsi üçün həkim rəyi olmalıdır. Əgər belə bir rəy varsa, onu heç kim saxlaya bilməz: “Biz özümüz də Penitensiar Xidmət olaraq, məhkumların sağlamlığında maraqlıyıq. Kimliyindən asılı olmayaraq, hər bir məhkumun normal şəraitdə cəza çəkməsinə çalışırıq. Məhkumların sağlamlığı, onların hansı şəraitdə müalicə olunması məsələlərində həkimlər qərar verir. Həkimlər isə Penitensiar Xidmətə tabe deyil, kimin necə müayinə və müalicə olunmasına onlar müstəqil şəkildə qərar verirlər”.

Penitensiar Xidmətin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov AzadlıqRadiosu-na bildirib ki, C.Babakişizadənin durumu stabildir. Onun güllə yarası ilə əlaqədar əməliyyat olunduğunu təsdiqləyən rəis müavininin sözlərinə görə, hazırda onun həyatına təhlükə yoxdur:

“Əməliyyatdan sonra ciddi fəsad olmayıb. Hazırda da fizioloji göstəriciləri normaldır. Maraqlandım, məlum oldu ki, heç tez-tez şikayət edən deyil. Bu gün stasionar müalicəsi üçün elə bir əsas yoxdur”.

İ.Qurbanov əlavə edib ki, əgər məhkum Müalicə Müəssisəsinə köçürülməsini istəyirsə, onunla danışıb, səbəbi aydınlaşdırıb, bu barədə qərar vermək olar.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az