[:az]“Gəncədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri kütləvi şəkildə polis şöbələrinə çağırılır”. Bunu AzadlıqRadiosuna AXCP sədrinin müavini Gözəl Bayramlı deyib. Onun sözlərinə görə, cəbhəçilərin polisə çağrılması iyunun 23-də Gəncədə keçirilən yığıncaqlarından sonra başlayıb:
“Gəncədə tədbir keçirmişik və bununla bağlı sosial şəbəkədə şəkil paylaşmışıq. Tədbirdən sonrakı gündən başlayaraq, şəkilə düşən adamları polisə çağırıb hədə-qorxu gəlirlər ki, belə toplantılarda iştirak etməsinlər. Həmçinin, tədbirdə baş verənlərlə bağlı, iştirakçılar haqqında onlara suallar verirlər”.
Bayramlı əlavə edib ki, həmin tədbir haqqında Gəncə Şəhər İcra Hakimiyyətinə məlumat verilmişdi:
“Tədbir üçün yer istənilmişdi, lakin qurum tədbir üçün yer ayırmadı. Ona görə məcbur olub, başqa yer tapmışdıq. Rəsmi siyasi partiyanın qanuni tədbirindən niyə qorxurlar ki, anlamıram”, – deyə G. Bayramlı sual edib.
Bu deyilənlərə, hələlik, Gəncə Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
Azadlıq Radiosu[:]