[:az]Gəncə məhbusu: “Saçımı yolub qabağıma tökürdü”[:]

tərəfindən Gozetci

[:az]“Birinci mərtəbədə növbətçi hissənin arxasındakı dəhlizdə 30-a qədər adamı dizüstə üzü divara oturdub, əlləri boyunlarının arxasında saxlamışdılar. 7-8 nəfər “spetsnaz”ın polisləri də arxadan kürəklərinə, başlarına yumruq-təpiklə vururdu. Məni də onlara təhvil verdilər. Dedilər ki, “Samiri yıxan adam budur”. Onlar da məni yerə yıxıb belimə çıxdılar, ikisi belimdə tullanırdı. Məni o qədər döydülər ki, iki ay nə öskürə, nə də asqıra bildim…”, – Gəncə hadisələrinə görə həbs olunan Bəkrəm Əliyev məhkəmədə danışır.

O, Gəncədə ötən il iyulun 10-da keçirilən aksiya zamanı polis əməkdaşlarından Gəncə şəhər Baş Polis İdarəsinin Post-Patrul Xidməti taborunun rəis müavini Samir Bayramovu yerə yıxmaqda suçlanır.

Gəncə hadisələrinə görə həbs olunanların işi bir neçə yerə bölünüb. Bəkrəm də daxil, 8 nəfərin işinə hazırda Sabunçu Rayon Məhkəməsində, ancaq Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri baxır. Bu qrupdakı təqsirləndirilən şəxslərdən Şahin Verdiyevin səhhətində yenə problem yaranıb. Bundan öncə də bir neçə dəfə Ş.Verdiyevin durumu məhkəmədə pisləşib, Təcili Tibbi Yardım çağrılıb. Onun sağlıq durumu prosesdə iştirakına imkan vermədiyinə görə, iyunun 25-də hakim yenə də məhkəməni təxirə salmaq məcburiyyətində qalıb.

“OTAĞA KİM GİRİRDİ, MƏNİ VURURDU”

Ş.Verdiyevlə birlikdə mühakimə olunan şəxslərdən B.Əliyev məhkəmədə işgəncələrdən danışıb. O bildirib ki, Bakıya gələndə postda saxlayıb, Dövlət Təhlükəsizliyi Xidmətinin Gəncə şöbəsinə, oradan da Gəncənin Nizami Rayon Polis İdarəsinə aparıblar:

“İdarədə rəisin otağında mənə video göstərdilər. Soruşdular ki, videodakı sənsən? Dedim, bəli, mənəm. O polis məni vurdu, mən də özümü müdafiə etdim, onu itələdim. Məni başqa otağa apardılar. Orada üç nəfər mülki geyimli vardı, başladılar məni döyməyə. Vura-vura yerə yıxıb təpiklədilər. Əlimi arxadan qandallamışdılar, tərpənə bilmirdim. Üç nəfər dayanmadan başıma, belimə, böyrəklərimə təpiklə vururdu. Sonra otağa başqa adamlar da gəlirdi. Gələn-gələn də soruşurdu ki, bu kimdi? Deyirdilər, “Samiri vurub yıxan budu”. Otağa kim girirdi, məni vururdu. Samir Nizami rayonunun polisi olmuşdu, ona görə iş yoldaşları mənə zülm elədilər”.

Bəkrəm danışır ki, polis idarəsində olanda Samir Bayramov özü də ora gəlib, əlində çəlik olub. Təqsirləndirilən şəxsin sözlərinə görə, həm Samir özü, həm də onunla birlikdə gələn digər polislər də onu döyüb:

“Samir əlindəki çəliklə başıma, bədənimə, harama gəldi, vururdu”.

B.Əliyev bildirir ki, sonra onu birinci mərtəbədə növbətçi hissənin arxasındakı dəhlizdə başqa tutulanlarla birlikdə də döyüblər. Orada döyülənlərdən ikisinin huşunu itirdiyini, polislərin onları vedrə ilə soyuq su töküb ayıltdıqlarını deyən Bəkrəmin sözlərinə görə, sonra onu Kəpəz Rayon Polis İdarəsinə gətiriblər. Təqsirləndirilən şəxs orada da işgəncəyə məruz qaldığını, hətta polislərdən birinin ona qarşı nalayiq hərəkət etmək istədiyini, bu üzdən başını divara vurub partlatdığını bildirir.

“XOCALI ZÜLMLƏRİNİ ÖZ ÖLKƏMDƏ ÇƏKDİM”

B.Əliyevin dediyinə görə, Gəncənin Nizami rayon Məhkəməsinin qərarıyla onun barəsində ilkin istintaq dövrü üçün dörd aylıq həbs-qətimkan tədbiri seçiləndən sonra istintaq təcridxanasına yox, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb:

“Bir otağa saldılar. Əllərim qandallı idi. İki nəfər mülki geyimli “dubinka” ilə döyməyə başladı. Halsız idim. Çeçelə barmağıma nəsə bağlayıb, tok verdilər. Qışqırmaqdan səsim batmışdı. Barmaqlarımın ikisinin əti parçalanmışdı. Orada biri vardı, saçımı yolub qabağıma tökürdü. Yeddi gün Nizami Rayon Polis İdarəsində, 15 gün də “banditizm”dəki işgəncələrdən sonra məni Kürdəxanı təcridxanasına gətirdilər. Xocalıda ermənilərin bizim millətə etdiyi zülmləri görəndə, oxuyanda nə qədər pis oluruq. O zülmləri mən öz ölkəmdə çəkdim…”

Bu qrupun məhkəməsi təqsirləndirilən şəxslərdən Ş.Verdiyevin durumu ilə əlaqədar iyunun 27-nə təxirə salınıb.

Ş.Verdiyevin bacısı Nigar Verdiyeva AzadlıqRadiosu-na bildirib ki, qardaşının durumu hələ də düzəlməyib.

Bu üzdən iyunun 27-də də məhkəmədə iştirakının mümkün olub-olmayacağı məlum deyil:

“O, məruz qaldığı işgəncələr nəticəsində sağlamlığını itirib. Bir müddət öncə insult olmuşdu. Axır vaxtlar durumu yenə də pisləşib. Ağzı əyilib, əl-ayağı tutulub. Çətinliklə nəfəs alır”.

Ş.Verdiyev Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsində saxlanılır.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az